Azərbaycan Ordusu BMT-nin iki qətnaməsini tam YERİNƏ YETİRDİ

SİYASƏT
10:43 / 28.10.2020
4621

Azərbaycan Ordusu sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Qarabağda başladığı əks-hücum əməliyyatı ilə həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını həyata keçirir. 

BMT Təhlükəsizlik Şurasının Qarabağa dair 4 qətnaməsi var. Bunlar 822, 853, 874 və 884 saylı qətnamələrdir.

30 aprel 1993-cü il tarxidə qəbul olunan 822 saylı qətnamədə bölgədəki hərbi əməliyyatlara son vermək, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsi tələb edilir.

Qətnamə qəbul edildikdən sonra Ermənistan silahlı qüvvələri Ağdamı işğal edib. Bu fakt 853 saylı qətnamənin qəbulunu şərtləndirib. 29 iyul 1993-cü ildə qəbul olunan bu qətnamədə də bölgədəki hərbi əməliyyatlara son vermək, erməni hərbi birləşmələrinin Ağdamdan və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarınından geri çəkilməsi və əvvəlki sənədə əməl olunması tələb edilir.

Lakin Ermənistan bu qətnamələrə əməl etməyərək işğalçılıq siyasətini davam etdirib. Füzuli, Cəbrayıl və Qubadlı rayonları işğal edilib. BMT Təhlükəsizlik Şurası bununla bağlı növbəti qətnamə qəbul edib. 14 oktyabr 1993-cü il tarxidə qəbul olunan 874 saylı qətnamədə atəşkəs imzalanması, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (23 avqust 1993), Qubadlı (30 sentyabr) və digər ərazlərdən geri çəkilməsini tələb edilir. Qətnamədə həmçinin əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapıb.

Ermənistan BMT Təhlükəsizlik Şurasının bu qətnaməsini də görməzdən gələrək Zəngilan və Horadiz şəhərini işğal edib. İərvanın işğalçılıq siyasətindən əl çəkməsi üçün növbəti qətnamə qəbul olunub. 12 noyabr 1993-cü il tarxidə qəbul olunan 884 saylı qətnamədə əvvəlki sənədlərdə olduğu kimi işğal faktı pislənilib və Ermənistan silahı qüvvələrinin Azərbaycan ərazisindən çıxması tələb edilib.

Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində artıq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərləri işğaldan azad edilib. Bununla da, Azərbaycan hərbçiləri BMT Təhlükəsizlik Şurasının 874 və 884 saylı qətnamələrinin icrasını təmin edib. Kəlbəcər, Ağdam və digər ərazilər də işğaldan azad edildikdən sonra 822 və 853 saylı qətnamələr də icra edilmiş sayılacaq.

Beləliklə, dünyanın 30 ilə icrasını təmin edə bilmədiyi qətnamələrdən ikisi Azərbaycan Ordusunun sayəsində yerinə yetirlib.  

0
Yenisabah.az