“Birinci partlayış bizim maşını saxlamağımıza səbəb olacaq qədər güclü idi. Çox yaxında baş verdi və raket səsinə oxşayırdı. Ona görə biz dərhal maşından atılaraq divara qısıldıq”.
Bu sözləri ABŞ-ın məşhur “The Nyu York Times” qəzetinin əməkdaşı Karlotta Qall oktyabrın 27-i və 28-də Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulan, 26 mülki vətəndaşın həlak olduğu, 40-dan çox şəxsin yaralandığı Bərdə şəhərindən hazırladığı reportajda qeyd edib.
Müəllif qeyd edir ki, əgər maşını saxlamasaydılar raket zərbələrindən birinə tuş gələ bilərdilər.
“Çərşənbə günü Azərbaycanın əyalət şəhəri olan Bərdənin mərkəzi küçəsi ilə gedirdik. Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Amma cəbhə xətti 20 mil aralıda yerləşir. Partlayış anına qədər Bərdədə həyat öz axarı ilə davam edirdi. Qadın mağazaya göz gəzdirir, kişi isə yanacaqdoldurma məntəqəsində avtomobilinə yanacaq doldururdu.
Sonra qulaqbatırıcı partlayışlar baş verdi. Hər partlayış sankı daha yaxında və daha güclü idi. Qadın qışqırmağa başladı. Kişi isə öz ailəsinin üstünə çımxırdı. Onlar dərhal küncə qısıldılar. Övladlarından biri onun arvadının qucağında idi.
Yol boyu axan qan şəxsi klinikanın fəaliyyət göstərdiyi zirzəminin pilləkənlərini də örtmüşdü. İçəridə ayağından qan axan taksi sürücüsünə tibbi yardım göstərilirdi. Qanın üzərindən adlayaraq ailələrinə zəng vuran tibb bacıları, pasientlər əziyyət çəkirdilər”, - deyə Karlotta Qall Bərdə dəhşətini anladır.
Müəllif daha sonra yazır ki, Bərdəyə gəlişi 20 il ərzində Azərbaycan ərazisinə ilk səfəri olub. Karlotta Qall Bərdədə baş verənlərin eskalasiyanı xatırlatdığını qeyd edib. Hərçənd Bərdə münaqişə ocağından xeyli aralıda yerləşir.
“Azərbaycanda cəbhə bölgəsinə yaxın mülki əhalinin yaşadığı məntəqələr demək olar ki, hər gün raket atəşinə tutulur. Cəbhə bölgəsində bir qədər aralıda yerləşən Bərdənin atəşə tutulması isə eskalasiya kimi görünürdü”, - Karlotta Qall qeyd edib.
Jurnalist daha sonra baş verənləri belə təsvir edib: “Partlayış nəticəsində yanan maşınlardan biri hələ də yolayrıcında tüstülənirdi. Səki və pəncərələri çilik-çilik olmuş ofisin qapısı qana boyanmışdı.
Xilasedicilər Bərdədə törədilən terror nəticəsində öz maşınında həlak olan kişinin cəsədini avtomobildən çıxarırdılar.
Biz maşına oturaraq şəhərdən çıxdıq. Lakin növbəti yolayrıcında daha bir qırğın səhnəsi ilə üzləşdik.
Paramparça olmuş maşınlar küçə və dalanlara səpələnmişdi. Kimsə maşınlardan ikisinin içində olan cəsədlərin üzərinə ədyal atdı. Başqa bir maşının yanında bir cüt ayaqqabı və çoxlu qan ləkəsi var idi. Yol qaralmışdı, havadan barıt qoxusu gəlirdi.
"Ona qarşı niyə belə etdilər?” iki nəfər kişinin əllərindən tutduğu qadın qışqırmaqda davam edirdi: "Ay camaat! Buyurun, baxın, görün onlar nə edir. Niyə onu öldürdülər? Allahım, bizə yardım et”.
Xilasedicilər maşınlardan birinin qapısını dəmir linglə sındırdılar. Onlar maşının içindəki cəsədin üzərindən ədyalı qaldırdıqda qadın “Mənim uşağım” deyə qışqıraraq yerə yıxıldı.
Səkinin kənarında daha iki nəfərin cəsədi var idi. Bir kişi və bir qadının cəsədi qırılmış budaqların və tökülmüş yarpaqların arasında uzadılmışdı.
Onlardan biri anasının yaşadığı evin qarşısında həlak olan 31 yaşlı idman müəllimi Fuad İsmayılov idi”.