Moskva Paşinyana inanmır - TƏHLİL

SİYASƏT
15:27 / 29.10.2020
5172

Prezident seçkilərindən öncə keçirilən kampaniyalar ABŞ-ı Ermənistan mövqeyindən çıxış etməyə sövq edir və İrəvan da Qərbə meyillənir. Lakin bu vəziyyət bir daha Moskva sualını gündəmə gətirir: belə bir tərəfdaş üçün strateji müttəfiqlərlə münasibətləri riskə atmağın mənası varmı?

Bununla bağlı Rusiyanın "mk.ru" saytında "Moskva Paşinyana inanmır" sərlövhəli yazıda sözügedən sual ətrafında təhlil aparılıb.

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ABŞ dövlət katibi Mayk Pompeo ilə Dağlıq Qarabağ münaqişəsinə dair keçirilən görüşləri "məhsuldar" adlandırmışdı. Daha sonra prezidentliyə namizəd olan Co Baydenin Ermənistanı dəstəkləməsi Nikol Paşinyanın Qərbə meyillənməsinə zəmin yaratdı. Lakin siyasi analitiklərin fikrincə, Bayden öz maraqları naminə - yəni seçkilərdə ermənilərin də səslərini almaq üçün belə bir addım atıb.

Digər tərəfdən Pompeonun ermənipərəst çıxışları və NATO-nun müttəfiqi olan Türkiyəni tənqid etməsi, erməni lobbisi tərəfindən hərəkətə keçmək üçün siqnal kimi qəbul edilib. Sözügedən çıxışlardan sonra Nümayəndələr Palatasının üzvləri Konqresə qondarma rejimin tanınması ilə bağlı qanun layihəsi təqdim edib.

Nikol Paşinyan Corc Sorosun və ümumiyyətlə Qərbin "məxməri" inqilablarda iştirak edən bir "məxluqu" kimi qəbul edilir. Belə ki, Paşinyan Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsinə - Şəffaflıq Beynəlxalq Təşkilatının seçki proqramlarının keçmiş koordinatoru Armen Qriqoryan, Xüsusi İstintaq Xidmətinin rəhbəri - Soros Fondunun idarə heyətinin sədri Sasun Xaçatryan olmaqla bir çox anti-Rusiya xadimini hakimiyyətə gətirdi. Bununla yanaşı, Artur Vanetsyan Sorosun təhdidlərindən danışdıqdan sonra Milli Təhlükəsizlik Xidməti vəzifəsindən azad edilib. Paşinyanın bu kimi fəaliyyətləri icra etməsi də, Rusiyanın Ermənistana olan "inamını" bir qədər də azaldıb. 

Lakin İrəvan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üz tutduğu NATO və KTMT-dən də "rədd" cavabı alıb.

Belə ki, NATO-nun Baş katibi Cens Stoltenberq ilə görüşən Ermənistan prezidenti Armen Sarkisyan ona Azərbaycana uçan pilotsuz təyyarələr satdığına görə, Türkiyənin münaqişənin üçüncü tərəfi olduğunu söyləyib. Ancaq Sarkisyan gözlədiyi cavabı almayıb və Stoltenberqin "NATO Azərbaycan və Ermənistan arasında gedən Dağlıq Qarabağ məsələsində bitərəfdir" cavabı onda "sillə" effekti yaradıb. 

Məsələyə başqa bir prizmadan baxıldıqda görmək olur ki, Paşinyan hərbi əməliyyatların ilk mərhələsində hələ də Rusiyaya güvənirdi. Bunu Baş nazirin onu qoruması üçün KTMT-yə müraciət etməsi sübut edir. Lakin Rusiya prezidenti Vladimir Putinin "Rossiya 1" kanalına verdiyi müsahibədə "Moskvanın KTMT çərçivəsində Ermənistana qarşı öhdəlikləri olsa da, hərbi əməliyyatlar Ermənistan ərazisində getmir" deməsi, Paşinyana növbəti dəfə "xəyal qırıqlığı" yaşatdı. 

Rusiyanın tədbirli siyasəti nəticəsində İrəvanın Qərbə üz tutması təəccüblü deyil.

Burada önəmli olan əsas məqam isə budur: Rusiya İrəvanın Qərblə daha yaxın əlaqələr qurma cəhdi qarşısında Ermənistanın "sədaqətinə" inanacaqmı və aydın və məntiqi bir strateji tərəfdaşlığa sadiq olduqları Bakı ilə münasibətlərini riskə atacaqmı?

0
Mediapost.az