Ermənistana təhvil verilən 85 yaşlı qadının qohumları istintaqa cəlb edildi

SİYASƏT
11:40 / 31.10.2020
1131

"Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya Federasiyasının humanitar dəstəyi ilə Ermənistan tərəfə təhvil verilən 85 yaşlı Evgeniya Babayanın Ermənistanda psixoloji və fiziki işgəncələrə məruz qalaraq, müstəntiq qarşısına çıxarılması ciddi təəssüf və narahatlıq doğurur".

HİT.Az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan tərəfindən təqdim olunan səhnələşdirilmiş videoda yaşlı qadın əvvəlcədən təqdim olunmuş mətn üzrə fikir söyləməyə məcbur edilir. Bizdə olan məlumata görə həmin qadının yaxın qohumları da Ermənistanın xüsusi xidmət orqanları tərəfindən istintaqa cəlb edilib.  

Döyüş meydanında Ermənistan silahlı qüvvələri tərəfindən yalnız qoyulan və fiziki yardıma ehtiyacı olan Evgeniya Babayana Azərbaycan tərəfdən bütün zəruri tibbi yardım, insani davranış və dəstək göstərilib. Ermənistandan fərqli olaraq bu yaşlı qadın müstəntiq qarşısına çıxarılmamış və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin müşayiəti ilə xəstəxanada yerləşdirilib.

Prezident İlham Əliyevin humanist təşəbbüsü ilə iki yaşlı erməni və erməni əsgərlərinin cəsədlərinin 18 oktyabrda Ermənistana verilməsi təklif olunsa da, Ermənistan bundan imtina edib. Ermənistan tərəfi yalnız 28 oktyabrda bu qadını, 29 oktyabrda isə erməni əsgərlərin cəsədlərini qəbul etməyə razılıq verib.

84 yaşlı Mişa Melkumyanı Azərbaycan tərəfi oktyabrın 29-da BQXK-nın vasitəçiliyi ilə Ermənistana təhvil vermək istəmiş, lakin qarşı tərəf qeyri-insani davranış göstərərək M.Melkumyanı təhvil almaqdan imtina etmişdir. Xroniki xəstəliklərdən əziyyət çəkən və xəstəxanada yerləşdirilən Mişa Melkumyan Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin nəzarəti altında olmuşdur. Həmin şəxs əziyyət çəkdiyi çoxsaylı xroniki xəstəliklərdən vəfat etmişdir. Ermənistan tərəfi qəbul etməyə imtina etdiyi bu yaşlı şəxsin vəfatını da səhnələşdirib propaqanda mövzusuna çevirəcək.

Ermənistan xüsusi xidmət və istintaq orqanlarının 84 yaşlı qadına və onun yaxın qohumlarına psixoloji təsir göstərərək Azərbaycana qarşı ifadələr almasını, onu Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırmasını qəti şəkildə pisləyirik. Sağlamlıq durumu yaxşı olmayan yaşlıq qadına qarşı bu cür qeyri-humanist davranış qəbuledilməzdir".

0