Sentyabrın 27-dən Azərbaycan silahlı qüvvələrinin başladığı əks-hücum əməliyyatının gedişində Ermənistan ordusu cəbhə bölgəsindən uzaqda yerləşən dinc şəhərlərimizi hədəfə alır.
Nəticədə bu günə kimi 91 dinc sakin həlak olub, 400 nəfər isə yaralanıb. Həlak olan dinc sakinlərdən 1-i körpə, 10-u uşaq, 27-si qadın, 53-ü kişi,15-i isə ahıl şəxsdir. Yaralı şəxslərdən 43-nün vəziyyəti ağır, 357 nəfərin isə vəziyyəti stabildir.
Ümumilikdə Gəncə şəhərində 26 (1 körpə, 5 uşaq, 10 qadın, 10 kişi) Tərtər də 17 (1 uşaq, 1 qadın, 15 kişi), Goranboyda 8 (2 uşaq, 5 qadın, 1 kişi) Ağdamda 7 ( 1 qadın 6 kişi), Bərdə 27 ( 1 uşaq, 8 qadın, 18 kişi), Füzuli rayonunda 3 kişi, Beyləqanda 2 qadın, Ağcabədi 1 uşaq erməni terrorunun qurbanı olub.
Gəncədə 142 , Tərtərdə 56 , Goranboyda 11, Bərdədə 101, Beyləqanda 5, Ağcabədidə 17, Füzulidə 17, Ağdamda 44 , Mingəçevirdə 3 , Daşkəsən, Cəbrayıl , Tovuz rayonlarında isə 1 nəfər yaralanıb.
Nəticədə 7 ailə tamamilə məhv olub. 4 uşaq hər iki valideynini itirib.
Bundan əlavə, 2442 ev, 92 çox mənzilli yaşayış binası, 428 mülki obyekt yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, Gəncə şəhəri döyüş əməliyyatlarının keçirildiyi bölgədən 100 km, Mingəçevir 80 km, Bərdə 50 km, Qəbələ 150 km, Bakı-Tbilisi-Ceyhan boru kəməri 80 km, Bakı Novorossyik 250 km, Oğuz-Qəbələ-Bakı 150 km uzaq məsafədə yerləşir.
Bütün bu faktlara baxmayaraq, Ermənistan Azərbaycanın şəhərlərinin, dinc sakinlərinin atəşə tutulmasını israrla təkzib edir. Onlar dünya ictimaiyyətini çaşdırmaq üçün müxtəlif feyk xəbərlər yaymaqda davam edirlər. Guya ki bu terroru hansısa suriyalı törədib. Yaxud Azərbaycanın özünün həyata keçirməsi barədə sərsəm bəyanatlarla çıxış edirlər.
Həmçinin “ərəb muzdluları”, “Pakistan əsgərləri”, Türkiyə xüsusi təyinatlıları”, “F-16 qırıcıları”, “Xankəndində doğum evinin”, “Şuşada kilsənin” vurulması və digər feykləri yaymaqdan usanmırlar. Onlar bununla erməni ictimaiyyətinin gözündə Ermənistan ordunun məğlubiyyətlərinə haqq qazandırmaq məqsədi güdürlər. Eyni zamanda, bununla dünya ictimaiyyətinin diqqətini Ermənistanın törətdiyi hərbi cinayətlərdən yayındırmaq, beynəlxalq aləmdə Azərbaycanın mənfi obrazını yaratmaq istəyirlər.
Erməni tərəfi indiyədək bu hərbi cinayətlərdə məsuliyyəti boynundan atmağa çalışsa da, bu mümkün olmayıb. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Arsrun Ovannisyan ötən gün mətbuata çıxışında həqiqəti etiraf etməli olub. O, Qarabağ ordusunun Azərbaycan şəhərlərinə zərbələr endirməyə tam hüququnun olması barədə bəyanat verib. Ovannisyan bu bəyanatıyla Azərbaycanın döyüş əməliyyatlarından uzaqda yerləşən şəhərlərində öldürülən 100-dək din sakinin ölümlərinə səbəb olduğunu dilə gətirmiş olub. Bu vəhşiliyin məsuliyyətini faktiki olaraq öz üzərinə götürüb.
Eyni zamanda bildirək ki, MN sözçüsünün bəyanatı açıq şəkildə Azərbaycanın dinc əhalisini və mülki obyektlərini hədəfə almaq üçün şantaj cəhdidir. Məlumdur ki, Ermənistan cəbhədə uduzur. Baş nazir Nikol Paşinyanın çıxışlarında bunu görmək mümkündür. Məhbuslardan tutmuş, qadınların və uşaqların da orduya cəlb edilməsi cəhdləri bunun bariz nümunəsidir. Döyüş meydanında uduzan Ermənistan isə mülki əhalinin yaşadığı şəhərləri hədəfə alır. Və odur ki, artıq Ovannisyanın qismində bunu artıq ictimaiyyətə açıq şəkildə bəyan edirlər. Ermənistan tərəfinin bu hərbi cinayətlər törətmək barədə bəyanatı düşmən tərəfinin məğlubiyyət astanasında olduğundan xəbər verir.
Xatırladaq ki, 1944- cü ildə Hitler britaniyalıların əzmini sarsıtmaq üçün FAU-2 raketindən istifadə etmişdi. Hitlerin məqsədi mülki insanları terrora məruz qoymaq və ümidsiz hərbi vəziyyətin siyasi həllinə nail olmaq idi. O bununla özünə qarşı olan müttəfiq koalisiyaları dağıtmağa ümid edirdi. 12 iyun 1944-cü ildə Almaniya Britaniyaya doğru ilk reaktiv mühərrikli “Fau-1” raketini işə saldı. Raketlər vurulmağa başlayana qədər raket britaniyalı mülki insanları dəhşətə gətirdi. Faşistlər 8 sentyabr 1944-cü ildə ilk “Fau-2” raketini işə saldı və ondan terror silahı kimi istifadə etməyə başladılar.
Beynəlxalq insan hüquqları təşkilatı olan Human Rights Watch və Amnesty İnternational təşkilatları Bərdədə dinc sakinlərin kaset sursatlı silahlardan atəşə tutulması faktını təsdiqləyən bəyanatla çıxış etdilər. Həmin təşkilatlar Ermənistan tərəfinin eyni müraciətini sübutlar olmadığı üçün təsdiq etmədilər.
Qeyd edək ki, A. Ovannisyan bəyanatı beynəlxalq qanunvericiliyin və Cenevrə Konvensiyalarının kobudcasına pozulmasıdır. Konvensiyanın tələbinə əsasən mülki əhaliyə, xüsusilə, onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara, saysız-hesabsız əzab-əziyyət gətirən hücum edilməsi və onun bombardman olunması qadağandır, belə hərəkətlər pislənməlidir. Qeyd edək ki, kasetli bombalar qadağan olunmuş bombalar sinfinə daxildir. Konvensiyanın tələblərinə əsasən də, onun yaşayış ərazisinə, dinc əhaliyə atılması qadağandır.
Bu arada bildirək ki, MN sözçüsü yalnız o fikri bildirməklə kifayətlənmir. Onun “əgər kimsə düşünürsə ki, bizim atəş açmaq hüququmuz yoxdur, qoy elə də düşünsün” açıqlamasını da növbəti etiraf kimi dəyərləndirmək olar. Vaxtilə Ermənistanın sabiq prezidenti Serj Sarqisyan da Xocalı soyqırımı ilə bağlı bənzər fikirlər söyləmişdi. O bildirmişdi ki, Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara qarşı əl qaldıra bilməzlər, amma biz bu stereotipi sındıra bildik. Bütün bunlar onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi hər zaman dinc mülki əhalini hədəfə almaq strategiyasını özünün əsas məqsədi kimi seçib. Və proses bu gün də davam etməkdədir. Hər iki halda erməni tərəfi “biz dinc əhaliyə əl qaldıra bilərik” mesajını verir.
Qeyd edək ki, Ermənistanın yüksək rütbəli rəsmilərinin amansız etnik ayrı-seçkilik ideyaları təbliğ edən və beynəlxalq hüququn fundamental prinsiplərinə, həmçinin insanlığın mənəvi və etik prinsiplərinə zidd olan bəyanatları dəfələrlə baş verib. Ermənistanın ikinci prezidenti R. Koçəryan AŞPA-da azərbaycanlılarla birgə yaşayışın qeyri-mümkünlüyü barədə bəyanat vermişdi. Onun “Ermənilər və azərbaycanlılar arasında etnik uyğunsuzluq” barədə şərhləri beynəlxalq birliyin də haqlı narazılığına səbəb olmuşdu.
Avropa Şurasının o vaxtkı baş katibi Valter Şvimmer bildirmişdi ki, “Koçəryanın şərhləri müharibə qızışdıran, aqressiv və nifrət dolu bəyanatdan başqa bir şey deyil”. AŞPA-nın o vaxtkı sədri Piter Şider isə bildirmişdi ki, Avropa Şurası yaradıldığından bəri “etnik uyğunsuzluq” ifadəsini eşitməyib.
Ermənilər Dağlıq Qarabağda etnik təmizləmə siyasəti həyata keçiriblər. İşğalçılar Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edəndə, bu 7 rayonda, o cümlədən Dağlıq Qarabağın bir hissəsi olan Şuşada 750 min azərbaycanlı etnik təmizləməyə məruz qalıb.
1938- ci ildə Hitler Yuqoslaviyanın Südet bölgəsində almanların guya “təhlükəsiz” yaşamasını əsas tutaraq oranı işğal edib. Həmin zaman 1-ci dünya müharibəsindən yeni çıxan dövlətlər növbəti bir müharibəyə hazır deyildilər. Ona görə də Südet bölgəsinin işğala göz yumulmuşdu. Beləliklə də, romantik alman milliyətçiliyinin faşist ideologiysi ilə birləşməsi nəticəsində Hitlerin ilk xarici əməliyyatı uğurla başa çatmışdı.
Eynilə faşist Almaniyasının mövqeyindən çıxış edən Ermənistan da Dağlıq Qarabağdakı ermənilərin “təhlükədə olması” barədə təsəvvür yaradaraq Azərbaycan ərazilərini işğal edib.
Bu gün Müzəffər Ordumuz artıq 4 şəhəri, 3 qəsəbəni, 185 kəndi və Murovdağ zirvəsi daxil olmaqla bir sıra strateji yüksəklikləri düşmən tapdağından azad edib.