Hər şey bir nöqtə ilə başladı  - Ağlar qalan Paşinyan

SİYASƏT
18:58 / 02.11.2020
2789

Hər şey bir nöqtə ilə başladı. Heç inanmazdı ki, bu nöqtə bir dövlətin, bir millətin başına düşən ağırtonnajlı bir daş olacaq. Dəlidir, xəstədir, hətta gicdir dedik, qanmadı. Əksinə, daha da həvəslənib, əlində şüşə Şuşada, Xankəndidə sərxoşluq elədi. Oynadı, oynatdı – bədənini deyil, həm də Azərbaycanın səbr kasasını. Kasa isə daşdı, nöqtənin üzərinə şaquli bir xətt çəkdi. Düz başa düşdünüz: Paşinyanın ağzının üstünə yekə bir nida yapışdırıldı. Beləliklə, “cənab” Nikolun ağlar günləri başladı...

Diqqət etsək, görərik ki, Ermənistanda hakimiyyətə gəldiyi ilk vaxtlarda Nikol Paşinyan Dağlıq Qarabağdakı Xunta rejimindən “üyüdürdü”, qorxurdu yəni. Dildə onları dəstəkləsə də, hər vasitə ilə bu xuntanın əl-qolunu yaxasından kəsib atmağa çalışırdı. Misal üçün, bir tərəfdən həm Azərbaycana, həm də xuntaya eşitdirirdi ki, Dağlıq Qarabağ münaqişəsini oradakı “hakimiyyətlə” çözün, bizlik deyil, digər tərəfdən də bu qondarma rejimin əsas funksionerlərindən olan eks-prezident Robert Koçaryanı məhkəmələrdə, hətta həbsxanalarda süründürdü. Özü də bilə-bilə ki, Koçaryan sadiq köpəkdir və bu, onun ağasının xoşuna gəlməyəcək. Elə də oldu, ağa üz vurmasa da, bərk əsəbiləşdiyi hiss edildi. Bu azmış kimi, Paşinyan tarixən erməniyə ağalıq etmiş rusu hər daim, özü də açıq-aşkar Qərbin ayağına verdi. Təbii ki, bu da böyüyün üzünə ağ olmaq, onu aşağılamaq kimi qiymətləndirildi.

Amma küçədən götürüb kresloya dırmaşdırılan Nikolu elə də ağılsız sanmayın. O, olduqca ağıllıdır, sadəcə hər şeyi öz arşını ilə ölçür. Az sonra bunun izahı olacaq...

Paşinyan getdikcə Dağlıq Qarabağa səfərlərini intensivləşdirdi. Oradakı qondarma rəhbərliklə, hərbçilərlə, hətta mülki insanlarla sıx təmaslar qurdu. Sən demə, altdan-altdan həm də köhnə xuntaçılardan olan qondarma rejimin rəhbəri Bako Saakyanın torbasını tikirmiş. Və zəmin yaranar-yaranmaz, Dalıq Qarabağda qondarma “prezident seçkiləri” təşkil etdi – 2020-ci ilin 31 martında. Düzdür, heç bir dövlət, beynəlxalq təşkilat bu seçkiləri rəsmən tanımasa da, Paşinyan istəyinə nail oldu. Beləcə, Bakonu Araik Arutyunyanla əvəzlədi. Bununla da Dağlıq Qarabağı sanki özünə daha da yaxın hiss etmiş oldu. Məsələ artıq Ermənistanın məsələsi yəni. Əlqərəz, adam min cür xəyallara qurşandı, bir-birinin ardınca sərsəm fikirlər, bəyanatlar səsləndirdi. Hətta xox gəlmək üçün Azərbaycanın dövlət sərhədinə (Tovuz, iyul 2020), mülki insanlarına təcavüz etməkdən belə çəkinmədi.

Qarabağ sevdasına o qədər qapılmışdı ki, artıq oraya özünün ömürlük istirahət və gəlir məkanı kimi baxırdı. Azərbaycan və beynəlxalq aləmin durğunluğu, cəzasızlığı onu arxayınlatmışdı. Hətta bəd ayaqda ağasının da (onun yox, erməni əhalisinin) onu tək qoymayacağından çox ümidli idi...

27 sentyabr 2020. Paşinyan gözlərini ovuşdura-ovuşdura Araikin zənginə yuxudan kəm durur. O kəmlik, bu kəmlik, adam hələ də yuxu nədir yatmır. Yorğundur, əzgindir, üzgündür və ən nəhayət gözü yaşlıdır, ağlar qalıb, içi qaynayır! Azərbaycanın illərdir püskürmək üçün yanıb-tutuşan səbr kasasından daşan “lava” bütün ağırlığı və qaynarlığı ilə Paşinyanın kürəyindədir. Yatmaq nədir, gəzib-dolaşmaq, yeyib-içmək belə haramıdır artıq.

Qarabağın qara bağı açıldıqca Paşinyan daha da çıldırır, ağlayır, sızlayır və yazıq görkəmində yenə umduğu yerdən, ermənilərin ağası rusdan imdad dilədi. Qara bağın düyünləndiyi, hətta qıfıllandığı Kreml isə onun göz yaşlarına inanmadı. Necə deyərlər, Paşinyanı düzdə, lap elə Cıdır düzündə üzüqoyulu qoydu. Məşhur filmdə deyildiyi kimi - Moskva göz yaşlarına inanmır!

Gələk arşın məsələsinə!

Bəli, Paşinyan hər şeyi öz arşını ilə ölçdü, nə xalq düşündü, nə də dövlət. Çünki onun Soros adlı tək ağası var. Nə yazıq ki, bu ağa da Qarabağ düyününün ömür boyu açılacağı ehtimalını belə düşünmürdü. Bu səbəbdən də Paşinyanı heliumla qazlandırmışdı. Heliumla doldurulan şarı düşünün, elə hey göyə qalxmaq, uçub getmək üçün çırpınır. Amma nə yazıq ki, onun da ömrü çox qısa olur. Tez alışıb, tez də sönür. Eynilə Paşinyan kimi...

Trend

0