Ermənistan Rusiyayla "qırılma nöqtəsində" - 102-ci diviziya çıxarılsın!

SİYASƏT
11:09 / 04.11.2020
4949

İşğalçı Ermənistan Qarabağ cəbhəsində Azərbaycan ordusundan sarsıdıcı zərbələr almaqdadır. Rusiyanı münaqişəyə cəlb etmək və hərbi kömək almaq cəhdi uğursuzluğa düçar olan Ermənistan cəmiyyətində Gümrüdəki 102-ci hərbi bazanın mövcudluğu ilə bağlı narazılıqlar güclənib.

Erməni politoloq Stepan Qriqoryan və  Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan bu narazılığı açıq etiraf ediblər. Erməni politoloq Stepan Qriqoryanın açıqlaması bu narazılığın açıq şəkildə büruzə verildiyini göstərir. 

“Rusiya Ermənistanı aldadıb. Ermənistan Rusiya üçün beynəlxalq arenada öz ziyanına olsa da, bir sıra ciddi addımlar atdı. Amerikalılar, avropalılar, ukraynalılar və gürcülər bizdən inciyirdi. Amma əsas ümidimiz Rusiyanın dəstəyinə idi. Və bütün bu olanlardan sonra Rusiya, yumşaq desək, bizə dəstək olmadı. Bu hamımız üçün dərs olmalıdır! Rusiyaya orientasiyalı siyasət etibarlı iş deyil”, erməni ekspert deyib. 

Qriqoryanın fikrincə, Qarabağ döyüşləri İsrail və Türkiyə silahlarının Rusiya silahlarından üstün olduğunu isbat edib. “Dronlar, özüyeriyən artilleriya qurğuları özünü çox yaxşı nümayiş etdirir, Rusiya silahları isə özünü doğrultmur. Müharibə Rusiya silahının Türkiyə silahından geri qaldığını nümayiş etdirdi. Moskva həm siyasi, həm də hərbi baxımdan etibarsız müttəfiqdir”- deyə politoloq söyləyib. O, Gümrüdəki Rusiyaya məxsus 102-ci hərbi bazanın Ermənistandan çıxarılmasını təklif edib. 

Analoji təklifi Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan da söyləyib. “Rusiya Ermənistandan qoşunlarını çıxarmalıdır. Ermənistan faktiki olaraq Rusiyanın koloniyasına çevrilib”-deyə, partiya sədri bildirib. Anti-Rusiya mövqeyi ilə tanınan ultramillətçi “Sasna Tsrer” partiyası da Rusiyanın ünvanına ciddi ittihamlarla çıxış edib. Belə ki, partiyanın lideri Jirayr Sefilyan Rusiyanı onlara Hava Hücumundan Müdafiə Sistemləri və s. müasir silahlar verməməkdə ittiham edib. Onun fikrincə, Moskva öz üzərinə düşən missiyanı yerinə yetirmir. “Xarici siyasətdə Moskvaya yönələn xətdən imtina etməliyik. ABŞ, İran, Çin, Gürcüstan və Hindistanla qarşılıqlı əlaqələr qurmalıyıq” - deyə, Sefilyan söyləyib.

Qeyd edək ki, bu, Ermənistanda baş qaldıran ilk anti-Rusiya mövqeləri deyil. Bundan əvvəl dəfələrlə Rusiyanın Ermənistandakı hərbi bazası, rus dili, Rusiya KİV-lərinin yayılması ilə bağlı Qərbə bağlı dairələr tərəfindən çağırışlar səslənib. Hətta dəfələrlə Rusiyanın Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib və elçilik yumurta “atəş”inə tutulub. Dəfələrlə Rusiya dairələrindən ermənilərə “ağıllı olun”, mesajları verilsə də, taleyi Rusiyadan asılı olan bu ağılsız toplum yenə də anti-Rusiya mövqeyindən əl çəkmir. Düzdür, vəziyyəti normal təhlil etmək qabiliyyətinə malik oaln erməni politoloqlar bu ölkənin varlığının birbaşa Rusiyanın Ermənistandakı mövcudluğu ilə əlaqələndirirlər və Rusiyaya “üsyan” edənləri oturduqları budağı kəsməməyə çağırırlar. Ancaq belə görünür ki, Qərbə üz tutmaq istəyən ermənilər Rusiyanı şantaj etmək yolu ilə nə isə qazanacağını zənn edirlər. 

Nikol Paşinyan və onun Sorosa bağlı komandası Rusiyadan uzaqlaşmaq üçün çeşidli oyunlar oynadığı halda, bu günlərdə 1997-ci ildə imzalanmış Rusiya-Ermənistan müqaviləsini xatırlatdı və V.Putinə yazdığı məktubda Moskvadan hərbi yardım istədi. Anaq Rusiya prezidenti Paşinyana cavab verməyə ehtiyac görmədi və ona XİN vasitəsilə çatdırdı ki, müharibə Azərbaycanın sərhədləri daxilində getdiyi üçün kömək gəlməyəcək. Rusiyanın “dirsəy”ini görən ermənilər isə bunun qarşılığında növbəti dəfə 102-ci hərbi bazadan “imtina” məsələsini gündəmə gətirib.

Qeyd edək ki, bir neçə ay əvvəl Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan nazir Davit Tonoyanın bu məsələlərə baxışını təqdim etmişdi. “Müdafiə nazirinin yanaşmasına görə, 102-ci hərbi bazanın fəaliyyətinin dayandırılması barədə bəyanatlar və nəşrlər mənəviyyat çatışmazlığının, geosiyasi və hərbi-siyasi cahilliyin nəticəsidir”, - deyə, Stepanyan bildirmişdi. Ancaq yaranmış yeni situasiyada D.Tonoyanın səsi çıxmır. Müharibədə sarsıdıcı zərbələr alan Tonoyan çox istərdi ki, Rusiyadan kömək gəlsin. Bu mənada onun anti-Rusiya bəyanatlarını sükutla qarşılaması erməni ekspertlərin dilindən səslənən ultimatumlarla razılaşmasının təsdiqidir.

Ehtiyatda olan general Yaşar Aydəmirov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan növbəti dəfə məkrli oyun oynayır: “Ermənistan Rusiyanı şantaj edib, Gümrüdən silah-sursat götürmək, rus hərbçilərini öz tərəflərinə çəkmək və onları bu müharibəyə cəlb etmək istəyir. Ancaq Rusiya uşaq deyil ki, ciddi dövlətdir”. 

General şübhə etmir ki, Ermənistan hakimiyyəti bu cür anti-Rusiya çağırışlarına meydan verməklə Qərb dairələrinə mesaj vermək istəyir: “Paşinyanın siyasəti bundan ibarət idi ki, mən Qərbə doğru gedirəm. Rusiya da əvəzində dedi ki, Qərbə yaxınlaşırsansa, onda get, görüm necə gedirsən. Hər halda, tərəflər vəziyyəti yaxşı bilirdilər”. 

Y.Aydəmirov Rusiyanın Ermənistandan imtina edəcəyinə, hərbi bazasını çıxaracağını inanmır: “Bu, siyasi məsələdir, daha yaxşı siyasi şərhçilər təhlil edə bilərlər. Amma Azərbaycandan kifayət qədər ehtiyat etdikləri üçün Rusiya bazasından imtina edəcəklərini də gözləmirəm”. 

Ehtiyatda olan zabit Ermənistanın rus sərhədçilərinə qarşı təxribat törədə biləcəyini də istisna etmədi: “Yəqin ki, Rusiya da kifayət qədər diqqətlə izləyir məsələləri. İndi kifayət qədər kosmik imkanlar, peyklər var ki, Ermənistanın törədəcəyi istənilən təxribatı ifşa etmək çətinlik törətməyəcək. Digər tərəfdən, ermənilər ilk dəfə deyil ki, belə təxribatlara əl atırlar. Neçə vaxtdır ki, yalançı hay-küy qaldırıblar ki, guya Azərbaycan Ermənistan ərazisini atəşə tutur, mülki sakinlər ölür, yaxud rus hərbçilər atəşə tutulur, Xankəndi, Şuşanın dinc sakinləri hədəfə alınır... Bunlar min dənə variant ortaya atırlar. Nə qədər gülünc addımlara gedirlər, hətta bizim hərbi geyim geyinmiş sənət adamlarımızın fotolarını yayıb iddia edirlər ki, onları öldürüblər. Belə qeyri-ciddi dövlətdir”. 

Y.Aydəmirov bildirdi ki, Rusiya Ermənistanın üzərindən əlini çəksə, bu ölkə məhv olar: “Ermənilər qazı, elektrik enerjisini Rusiyadan alır, ermənilər Rusiyada çörək qazanırlar. Ermənistanın təhlükəsizliyinin yeganə təminatçısı Rusiyadır. Rusiya ermənilərdən üz çevirsə, bir gün belə yaşaya bilməzlər. Sadəcə, ermənidir də, şantaj yolu ilə nə isə qopartmaq istəyir. Ancaq keçməyəcək”.

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Paşinyanın Putinə məktub yazmasının arxasında da məhz bazalar amili dayanırdı: “Paşinyan bilirdi ki, yenə də rədd cavabı alacaq və Rusiya ermənilərin əvəzində gəlib Qarabağda döyüşən deyil. 5 telefon zənginin də nəticəsi olmadı və sonda məktub yazdı. Məktubuna cavabı da nəinki Putin, heç Lavrov da vermədi, XİN-dən növbətçi cavab göndərdilər ki, müharibə Ermənistanın ərazisində getmədiyi üçün biz sizə dəstək verə bilmərik. Bunu da Paşinyan əlində rəhbər tutaraq cəmiyyətinə mesaj göndərir ki, artıq biz Rusiyadan nə isə uma bilmərik, Rusiya bizə kömək etməyəcək. Ona görə də ermənilər hərbi baza ilə bağlı narazılıqlarını bildirirlər”. 

Amma E.Şahinoğlu hesab edir ki, ermənilər Rusiyanın Gümrüdəki hərbi bazasından kifayət qədər istifadə etdilər: “Oradan Dağlıq Qarabağa nə qədər hərbi yük daşıdılar, bunu dövlət başçısı İlham Əliyev də vurğuladı. Həmin yüklər hamısı məhv edildi. Rusiya da görür ki, onun hərbi texnikası Azərbaycan dronları tərəfindən Qarabağda məhv edilir. Bu, Rusiyanın hərbi-sənaye kompleksinin imicinə çox mənfi təsir edir. Nə qədər silah verir, ermənilər gətirir Qarabağa, biz də onları məhv edirik. Ona görə də bir məqamda Rusiya Ermənistana hərbi texnika verilməsini də dayandıra bilər. Bəlkə də bu proses artıq başlayıb ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı Ermənistanda fikirlər səslənməkdədir”. 

Politoloq digər məsələyə də diqqət çəkdi: “Paşinyanla bağlı başqa fikirlər də səslənir ki, qəsdən bu müharibəyə rəvac verdi, Rusiyanın Ermənistanın arxasında durmadığı sübut olunsun və Paşinyan gələcəkdə Dağlıq Qarabağdan imtina edəndən sonra rahat şəkildə Qərbə doğru inteqrasiya siyasəti yürütsün. Bu, Paşinyan üçün çox riskli bir siyasətdir. Çünki Ermənistan təkcə hərbi mənada deyil, iqtisadi cəhətdən də Rusiyadan asılıdır. Odur ki, Rusiya onu müxtəlif yollarla cəzalandıra bilər. Amma hər halda, müəyyən vasitələrlə Rusiyaya qarşı narazılıqları bildirməyə başlayıblar”.

E.Şahinoğlu Rusiyanın Ermənistandan asanlıqla imtina edəcəyini düşünmür: “Rusiya ilə Ermənistan arasında imzalanmış müqavilə var. Sadəcə, erməni cəmiyyətində narazılıq ondan ibarətdir ki, onlar hər zaman yanlış olaraq Rusiyanın Qarabağı qoruyacağını, Azərbaycanın oraya nəzarət etməsinə imkan verməyəcəyini düşünürdülər. Amma ötən bir ay sübut etdi ki, Rusiya proseslərə qarışmaq istəmir. Ona görə də Rusiya kənarda dayanıb. Amma Rusiya Ermənistanı da itirmək istəmir. Ermənilər isə Rusiyaya dolayısı ilə belə bir mesaj göndərirlər ki, biz Qarabağı itirsək, siz də bizi itirə bilərsiniz. Belə bir şantaj üsuluna əl atıblar. Amma Ermənistan Rusiyadan vaz keçsə də, Rusiya Ermənistandan vaz keçməyəcək, çünki bu, həm də imic məsələsidir. Orada hərbi bazalar var, iqtisadi zəmində böyük zavodlar Rusiyanın tabeçiliyindədir, Rusiya ermənilərə ucuz qaz verir. Yəni Paşinyan siyasətini dəyişdirsə, təkcə hakimiyyətini itirməyəcək, həm də Ermənistanın özünü çökdürə bilər. Rusiyanın əlində Paşinyanı devirmək üçün kifayət qədər alətlər var, necə ki, vaxtilə Levon ter-Petrosyanı devirmişdi...”

Gözləyək, qarşıdakı kritik günlərdə Paşinyanın necə davranacağından da çox şey asılıdır. Maraqlıdır, Rusiya prezidenti Paşinyana son zəngində nə deyib...

2