Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Yerevan meriyasının Azərbaycana göndərmək üçün silahlı dəstələr yaratması haqqında məlumata münasibət bildirib.
HİT.Az xəbər verir ki, E.Əzizov buna heç də təəccüblənmədiyini söyləyib. Şəhər İcra Hakimiyyətinin başçısı bildirib ki, Ermənistanda vəziyyət o həddə çatıb ki, cəbhəyə uşaq və qadınları göndərirlər:
“İndi də İrəvan meriyası cəbhə üçün silahlı dəstələr toplayır. Hələ bu harasıdır? Bütün baş verənlər Ermənistanın ağır iqtisadi durumda olduğunu, ön və arxa cəbhədə acınacaqlı vəziyyətin yarandığını göstərir. Əgər paytaxt meriyası səfərbərlik məsələləri ilə məşğul olursa demək ki, Ermənistan cəmiyyətində çarəsizlik və ruh düşkünlüyü hökm sürür.
Bu gün Ermənistanda “COVID dezertir” termini də yaranıb. Belə ki, çağırışçılar COVID-19 xəstələri olmaları haqqında saxta arayışlar əldə edərək orduya getməkdən yayınırlar. Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Səfərbərlik məsələsi ilə səfərbərlik xidməti məşğuldur, hər hansı silahlı dəstələrə ehtiyac yoxdur. Xalq öz liderinə böyük inam və yüksək vətənpərvərlik ruhu nümayiş etdirir. Ötən illər ərzində cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanda dövlətin səmərəli iqtisadi inkişaf modeli formalaşıb. Bu gün bizim güclü iqtisadiyyatımız və müasir ordumuz var. Bütün bunlar aparılmış düzgün siyasətin və idarəetmənin nəticəsidir.
Buna görə də, şəhər icra hakimiyyəti tərəfindən hər hansı dəstələrin yaradılmasına ehtiyac yoxdur. Bütün dövlət qurumları öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Bu gün Azərbaycanla və onun dünyanın ictimai-siyasi sistemində tutduğu yerlə sözün əsl mənasında fəxr edə bilərik. Bu tarixdə şəxsiyyətin rolunu bir daha nümayiş etdirən böyük tarixi nailiyyətdir”.