Ermənilərə göz dağı – Türkiyənin Ağrı dağı ilə bağlı yeni planı

SİYASƏT
14:35 / 04.11.2020
1182

Ağrı dağının Ermənistandan görünən zirvəsi Azərbaycan və Türkiyə bayraqları ilə proyeksiya ediləcək. Ötən gün Ağrı bələdiyyəsinin sədri Savcı Sayanın paylaşdığı fotoşopla hazırlanmış nümunə bütün sosial şəbəkələrdə azərbaycanlı və türk istifadəçilərin profillərini bəzədi. S. Sayanın fotoya şərhi isə iki ölkənin qardaşlığının məğrur bir nümunəsi kimi hər kəsin təqdirinə səbəb oldu.

Ağrı bələdiyyə sədri yazırdı:

“Ağrı bələdiyyəsi olaraq sürətli bir iş görürük. Tezliklə Ağrı dağının Ermənistana baxan hissəsində bu görüntünü görəcəksiz. Ümid edirəm ki, cəbhədəki Ermənistana “stimul” olar”.

Modern.az-ın araşdırmasına görə, doğrudan da, Ağrı dağının Azərbaycan-Türkiyə qardaşlığının zirvəsi kimi anılması ermənilər üçün böyük mənəvi zərbədir. Çünki ermənilər hesab edirlər ki, “Böyük Ermənistan”ın ürəyi “Ararat” adlandırdıqları Ağrı dağında döyünür.

Qeyd edək ki, Ağrı dağı Türkiyənin ən yüksək dağı hesab olunur. Türkiyənin şərq ucqarında, Ağrı ilinin ərazisində yerləşir. Dağ İrandan 16 km şimal-qərbdə, Ermənistandan 32 km qərbdədir.

Dini ədəbiyyatda, Nuhun gəmisinin saya oturduğu ilk torpaq bu dağın zirvəsi təqdim edilir. Məhz buna görə, tarixi mənbələrdə Ağrı dağının müxtəlif dillərdə işlədilən "Kuh - i Nuh", "Cebel ül Haris" kimi adlarına rast gəlinir.  Bu dağ Türkiyə, Ermənistan, Azərbaycan və İran arasında dördkünc nöqtəni təşkil edir. XVI əsrdən 1828-ci ilə qədər Osmanlı-Fars sərhədinin bir hissəsi idi. 1826–28-cı il Rus-İran müharibəsi və Türkmənçay müqaviləsindən sonra farsların nəzarətində olan ərazilər Rusiya imperiyasına verildi. Kiçik Ağrı türk, fars və rus imperiyası sərhədlərinin birləşdiyi nöqtədə oldu. Mövcud beynəlxalq sərhədlər isə ancaq XX əsr boyu formalaşdı. 1920-ci il türklər və ermənilər arasında konflikt zamanı dağ Türkiyənin nəzarəti altına keçdi. 1921-ci il Moskva müqaviləsinə və Qars müqaviləsinə əsasən rəsmi olaraq Türkiyənin bir hissəsi oldu. 

Ermənistanın Türkiyəyə və Azərbaycana qarşı şovinist siyasətinə görə, bu dövlətlə regionda sülh içərisində yaşamaq mümkün olmayıb. Ermənistan qondarma erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasını, əsassız iddialarla Azərbaycandan, Türkiyədən torpaq tələb etməyi öz siyasətinin prioriteti kimi qəbul edir. “Böyük Ermənistan” xülyası ilə əsrlərdir yalanlarını davam etdirən ermənilərin bu iddiası Türkiyənin Cənub-Şərqi və Şərqi Anadolu bölgəsi, Gürcüstan və Azərbaycan ərazilərinin bir hissəsinin işğalını özündə ehtiva edir. Ermənilər üçün Ağrı dağı, Nuhun gəmisi əfsanəsinə əsaslanan “erməni tarixinin başlanğıcının simvolu” olmaqla yanaşı, həm də "itirilmiş torpaqlar üçün təbii bir xatirə abidəsi" simvolu daşıyır.

Elm adamları Ağrı dağının ermənilərlə heç bir əlaqəsinin olmadığını, ermənilərin bu bölgəyə gəlməmişdən əvvəl belə “Ararat” adının istifadə edildiyini və Urartu mənbələrində bu adın çəkildiyini bildirirlər.

Ermənistanın dövlət gerbində, sikkələrdə, otel adlarında, mətbuat orqanlarının emblemlərində və hətta şərablarda Ağrı dağının fiqurlarını görmək mümkündür. Dövlət gerbində istifadəsinin məqsədini isə ümumiyyətlə başa düşmək mümkün deyil! Çünki başqa bir ölkənin ərazisində yerləşən dağı dövlət simvolunda istifadə etmək, bu ölkənin ərazisindəki hüquqlara sahib olmağın simvolik bir ifadəsidir və bu, qəbuledilməzdir.

Sərhədlərin əhəmiyyətini tədricən itirdiyi bir dünyada ermənilərin təcavüzkar, millətçi düşüncə içərisində siyasət hazırlaması və bunu həyata keçirməsi ilk növbədə Ermənistana zərər verəcəkdir.

0