Azərbaycanın sentyabrın 27-dən bəri işğalda olan torpaqlarını azad etmək üçün keçirdiyi əks-hücum hərbi əməliyyatları nəticəsində əldə etdiyi uğurlar Ermənistanın hərbi-siyasi rəhbərliyini öz xalqı qarşısında çıxılmaz vəziyyətdə qoyub. Bunun üçün də baş nazir Nikol Paşinyan hakimiyyət günlərini uzatmaq üçün müxtəlif və utopik yalanlar uydurmaqla məşğuldur.
Aktiv hərbi döyüşlərin ilk günlərində bəzi ölkələr və təşkilatlar Azərbaycanın haqq savaşına başqa rəylər qatmağa cəhd etsə də, bu gün beynəlxalq birlik və aparıcı dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, işğala son qoyulmalı olduğunu bildirən və Ermənistanı silahlı qüvvələrini Azərbaycan torpaqlarından çıxarmağa səsləyən bəyanatlar verirlər.
Rusiya, Türkiyə, Gürcüstan və İranın da məsələ ilə bağlı mövqeyi göstərir ki, işğalçılıq siyasətinin davam etdirilməsi Ermənistan üçün tam iflas və təcridlə nəticələndi. Heç bir ölkə Ermənistanın mövqeyinə dəstək vermir və bu ölkənin qoşunlarını işğal etdiyi torpaqlardan çıxarmasını birmənalı zərurət kimi görürlər. Ermənistanı dəstəkləyənlər yalnız terror təşkilatları və Avropada fəaliyyət göstərən radikal mövqeli birliklərdir. Terror təşkilatı üzvləri də artıq Ermənistanın cinayətkar rəhbərliyinə kömək edə bilmədi. Onlar da döyüş meydanında Azərbaycan Ordusu tərəfindən məhv edilirlər. Ermənistan xalqı başqa ölkənin torpağını işğal altında saxlamaq naminə öz yaxınlarını, övladlarını qurban vermək istəmir. Artıq əsgərlər və zabitlər özləri də fərariliyə baş vurur, əsgər anaları etiraz aksiyaları keçirirlər. Ermənistan ordusundakı nizam-intizamın itməsi, hərbi sahədəki xaos cəmiyyətin bütün qatlarına təsir edib. Fərarilik edən yüksək vəzifəli şəxslər işdən qovulub, Qarabağdan Ermənistana silah qaçaqmalçılığı ilə məşğul olanlarla bağlı cinayət işi başlanılıb. Azərbaycanın rəşadətli əsgərləri, müasir silahlarla təchiz olunan Ordu qarşısında sürətli şəkildə geri çəkilən Ermənistan silahlı qüvvələri artıq döyüşməkdən imtina edirlər.
Ermənistanın hərbi-siyasi rəhbərliyi isə hərbi məğlubiyyətlərlə şərtlənən acınacaqlı durumu məntiqə uyğun izah etmək, anlaşıla biləcək mövqe ortaya qoymaq bacarığında deyil. Baş nazir Nikol Paşinyan bu günlər ərzində heç bir əsası olmadan, fakt göstərmədən, bəzən xarici mediaya, bəzən də guya əldə etdikləri “fakt”lara istinadən ciddi cəhdlə Türkiyənin münaqişədə tərəf kimi iştirak etdiyi, onun vasitəsilə Yaxın Şərqdən yaraqlıların hərbi əməliyyatlara cəlb olunduğu iddiasını beynəlxalq ictimai rəyə aşılamağa çalışır.
N.Paşinyan Türkiyə və yaraqlılarla bağlı yalanları yalvararaq minnətçi düşdüyü ayrı-ayrı ölkələrin rəhbərləri ilə təmaslarda, nüfuzlu media orqanlarına müsahibələrində, öz xalqına müraciətlərində təkrarlamaqdan yorulmur. Lakin Paşinyanın bu yalvarışlarına bu günədək heç bir dövlətdən və ya rəsmi şəxsdən reaksiya verilməyib.
N.Paşinyan guya Türkiyəyə məxsus hərbi təyyarələrin hərbi əməliyyatlarda iştirak etdiyi, Azərbaycandan Ermənistanın ərazilərinin ballistik raketlər vasitəsilə vurulduğunu deyir. Lakin başa düşmür ki, belə hallar istənilən ölkənin hərbi-texniki imkanları çərçivəsində də təsbit oluna bilər. Əgər bu günə kimi məsələ ilə bağlı ciddi rəy bildirilməyibsə, deməli bütün bunlar Ermənistan rəhbərliyinin fantaziyasının məhsuludur.
Paşinyan Azərbaycan tərəfindən minlərlə yaraqlının vuruşduğunu bildirir, faktların olduğunu deyir, lakin onların heç birini təqdim edə bilmir. Baş nazir dünyanın hər hansı ölkəsində baş verən terror aktını dərhal şans kimi qiymətləndirir və bunu Azərbaycana qarşı istifadə etməyə çalışır. Məsələn, “Rossiya-1” kanalına müsahibəsində o, Dağıstanda baş vermiş hansısa hadisənin terror olduğunu deyir, Azərbaycanda guya yaraqlıların olduğunu iddia edir və bu iki məsələni çox primitiv, hətta orta statistik jurnalistdən də aşağı səviyyədə sübut etməyə çalışır. O, İrana terror təhlükəsi haqqında mesajlar ötürür, İsraili şeytanla əməkdaşlıqda ittiham edir.
“The Jerusalim Post” nəşrinə müsahibəsində Paşinyan İsraili terrora dəstək verməkdə ittiham etməklə yanaşı, həm də guya Azərbaycanın və Türkiyənin simasında yəhudi dövlətinə qarşı təhlükə alyansının yarandığını bildirir.
Paşinyanın iddialarını dinlədikcə, aydın görünür ki, bu şəxs özündə yalan, şantaj, populizm, təlxəklik kimi mənfi xüsusiyyətləri birləşdirir. O, Türkiyənin münaqişədə iştirakı, bu prosesə Azərbaycan tərəfindən yaraqlıların cəlb edilməsini iddia etməklə ağ yalan danışır. İnsani, müasir hərbi texnika və silah-sürsat, maliyyə imkanları, ordunun hazırlığı və digər parametrlərə Ermənistandan bir neçə dəfə güclü olan Azərbaycanın digər ölkənin və ya yaraqlıların köməyinə niyə ehtiyacı olmalıdır?
Paşinyan dünyanın böyük dövlətlərini Azərbaycan-Türkiyə birliyinin “terroru” və “uzaqgedən planları” ilə şantaj edir. Hakimiyyətə gələndə Koçaryan-Sarkisyan cütlüyünün cinayətlərindən bezmiş erməni xalqını populist vədlərlə aldadan baş nazir elə başa düşür ki, eyni yolla dünya ictimaiyyətini, dünya liderlərini də aldada bilər. Bütün bunlar onun haqqında olduqca mənfi rəy yaradır və təsadüfi deyil ki, artıq beynəlxalq ictimaiyyətdə Ermənistan lideri haqqında siyasi təlxək təəssüratı formalaşıb.
Ermənistan rəhbərləri müsahibə və açıqlamalarında ermənilər haqqında məzlum, daim təzyiq altında olan, yazıq xalq təəssüratı yaratmaq istəyir, cari və tarixi faktları saxtalaşdırırlar. Belə ki, Ermənistan prezidenti Armen Sarkisyan RBK kanalına müsahibəsində bildirir ki, Dağlıq Qarabağ Azərbaycana 1920-ci ildə “verilib”, halbuki, Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanda qalması haqda qərar qəbul edib və bu da 1921-ci ildə olub. O, iddia edir ki, 1920-ci ildə Qarabağda 350 min insan yaşayırdı, halbuki, SSRİ-də keçirilən 1926-cı ilin rəsmi siyahıyaalınması zamanı burada 125,2 min insan yaşayıb. Ermənistan prezidentinin digər iddiasına görə, Qarabağ Azərbaycanın tərkibinə “verildikdən” sonra sovet dövründə ermənilər Qarabağdan didərgin salınıb, halbuki, 1989-cu ildə SSRİ-də keçirilən son əhali siyahıya almasına görə, Dağlıq Qarabağda 145 min erməni yaşayıb. Sarkisyan bildirir ki, Qarabağ hadisələrindən sonra Azərbaycanı bir milyondan artıq erməni tərk edib, halbuki, elə həmin siyahıya alınma üzrə Azərbaycan SSR-də cəmi 390 min erməninin yaşadığı məlumdur.
Ermənistan rəhbərliyi hər kəsdə günah axtarır, lakin ən böyük günahkarın özü, rəhbərlik etdiyi hakimiyyət və dövlətinin işğalçılıq siyasəti olduğunu başa düşmək istəmir. Baş nazir dəfələrlə Azərbaycanın təkliflərini qulaq ardına vuranda, ölkəmizə qarşı saymazyana münasibət, təhqiramiz davranış sərgiləyəndə, 27 il ərzində danışıqlar prosesində əldə olunmuş müsbət dinamikanın üzərindən xətt çəkəndə bunun hansı acı nəticələrə gətirib çıxaracağını düşünməliydi. Azərbaycana qarşı iddia və hikkələrlə danışan Paşinyan artıq kapitulyasiya olmaq astanasındadır. Ermənistan rəhbərliyinin danışıqlarda Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün iddiaları darmadağın edildi. Prezident İlham Əliyevin bildirdiyi kimi, artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir.a