Ermənistanın əks-hücum üçün qüvvəsi qalmayıb – Rus mediası 

SİYASƏT
17:42 / 09.11.2020
1259

Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etməsi dünya mediasının əsas müzakirə mövzusuna çevrilib. 

Rusiyanın nüfuzlu internet nəşri News.ru-da Şuşanın azad edilməsi barədə geniş material dərc edilib. Yazıda tanınmış ekspertlərin də fikirlərinə yer verilib.

Rusiyalı siyasi şərhçi Maksim Şevçenko bildirib ki, Şuşanın azad edilməsilə Azərbaycan üçün müharibənin çox əhəmiyyətli mənəvi hədəfi reallaşmış oldu.

“Erməni tərəfi məğlubiyyəti necə qəbul edəcək? Siyasi mərhələdə üçüncü tərəfin iştirakı ilə geniş miqyaslı müharibə nəzərdə tutan qisas almağa hazırlaşan qüvvələr, yoxsa Qarabağla bağlı sağlam mövqe tutanlar? Əslində Ermənistanda bir çoxları ölkəni transmilli oliqarxların və onların lobbiçilərinin spekulyativ manipulyasiyalarının girovunda saxlamağın sonunun çatdığını düşünürlər. Şuşanın azad edilməsi, geosiyasi vəziyyət tamamilə dəyişdirəcək. Bu həm də münaqişənin dondurulması siyasətinin səhv olduğunu sübut edən ciddi hadisədir”, - deyə Maksim Şevçenko əlavə edib.

Rusiya Beynəlxaq Əlaqələr Şurasının eskperti, “Al- Monitor” internet qəzetinin köşə yazarı Kirill Semyonov deyib ki, artıq 7 rayonun təslim edilməsi və sülhməramlıların bölgəyə yerləşdirilməsi şansı İrəvanın əlindən çıxıb. Onun fikrincə, bununla belə, Ermənistan müharibəni davam etdirəcək ki, məğlubiyyəti birmənalı kapitulyasiya kimi görünməsin. “Amma hadisələrin gedişatı göstərir ki, əks-hücum üçün Ermənistanın qüvvəsi qalmayıb. Hərbi kampaniyanın inkişafı əlbəətə ki, Paşinyan üçün məğlubiyyətdir. Ermənistanın özündə də hadisələrin ona qarşı müxalifətin güclənməsi istiqamətində inkişaf edəcəyi istisna deyil”, - deyə ekspert vurğulayıb.

0
Yenisabah.az