Qırmızı Xaç Komitəsindən Qarabağda cəsədlərin mübadiləsiylə bağlı AÇIQLAMA

SİYASƏT
12:17 / 17.11.2020
1038

“Qarabağ münaqişəsi tərəfləri arasında artıq 200-ə yaxın ölən şəxsin cəsədləri mübadilə edilib”.

Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer “RİA Novosti”yə açıqlamasında bildirib.

Maurerin sözlərinə görə, BQXK-nın Dağlıq Qarabağdakı prioritetləri köçkün əhaliyə kömək etmək, ölənlərin cəsədlərini qaytarmaq, həmçinin mümkün danışıqlara və mübadiləyə hazırlaşmaq üçün məhkumları ziyarət etməkdir.

“Ölənlərin cəsədlərinin çıxarılması ilə əlaqədar olaraq, Rusiya sülhməramlılarının və BQXK-nın iştirakı ilə tərəflərin cəsədləri çıxarmağa və onları mübadilə etməyə başladığını bildirməkdən məmnunam. Son məlumatlara görə, tərəflər artıq 200 cəsəd mübadiləsi aparıblar. Səy göstərməyə davam edəcəyik”,- deyə Maurer qeyd edib.

Xatırladaq ki, oktyabrın 14-də Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayaraq Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin cəsədlərinin toplanılmasının həyata keçirildiyini bildirib.

Qeyd olunub ki, bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib.

Həmçinin, aksiya çərçivəsində Şuşa şəhəri ətrafında gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun altı hərbi qulluqçusunun cəsədi təhvil alınıb.

1
qafqazinfo.az