Ermənilər Ağdamı qaytarmaqdan imtina edərsə, yeni situasiya yaranacaq

SİYASƏT
11:17 / 18.11.2020
3199

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, ermənilər noyabrın 15-dək Kəlbəcəri, 20-dək Ağdamı, dekabrın 1-dək isə Laçını tərk etməlidirlər. Amma məkrli düşmən torpaqlarımızda daha bir neçə gün qalmaq, daha çox talamaq xislətindən əl çəkmir. Qarşıda 20 noyabr- ermənilərin Ağdamı təhvil verməsi günü var. Düşmənin Kəlbəcərdən çıxma vaxtının uzadılması haqlı olaraq azərbaycanlılarda sual doğurur: Görəsən, Ağdamın da təhvil verilmə vaxtı  uzadılacaqmı?

“Azərbaycanın güclü ordusu var”

Modern.az-ın bu qəbildən olan suallarını cavablandıran hərbi ekspert Emin Həsənli bildirib ki, qarşıdakı düşmən erməni olduğundan insanların narahatlığı başadüşləndir:

“İllərdir mənfur düşmənimizin xisləti dəyişmir. Amma indiki situasiya fərqlidir, Azərbaycanın güclü ordusu var, bütün qüvvələr bu orduyla hesablaşır. Həm Ermənistanın baş naziri Nikol Paşinyan, həm keçmiş müdafiə naziri Seyran Ohanyan, indiki müdafiə naziri Tonoyan da bunu etiraf edir. Bütün dünya Azərbaycan ordusunun gücünü gördü. İndi ermənilər bir-birini ordu yaratmamaqda, döyüşməməkdə, qorxaqlıqda, qaçmaqda günahlandırırlar”.

“Ağdamın torpağını da yandırırlar”

Rayonlarımızın təhvil verilməsinə gəldikdə, ekspert cəbhə bölgəsindən aldığı məlumatlara əsasən deyib ki, düşmən viran qoyduğu Ağdamda da yanğınlar törətməyə başlayıb:

“Kəlbəcərdəki hadisələr Ağdamda da təkrarlanır. Ermənilər əvvəldən Kəlbəcər və Laçını qaytarmaq istəmir, danışıqlarda da bundan imtina edirdilər. Onsuz da Ağdamda məskunlaşma azdır. Bu səbəbdən tikililərin hamısını yerlə-yeksan ediblər. Amma bu müharibə onu göstərdi ki, onlar əslində danışıqlar prosesini uzatmaqla heç bir rayonumuzu geri vermək istəmirmişlər. Füzulidə böyük istehkamlar yaratdıqları kimi, Ağdamda da istehkamlar qurduqları göz önündədir. Bu istehkamları dağıdırlar, yandırırlar. Bu da Ağdamda son günləri olduğunu deməyə əsas verir. Erməni torpaqlarımızı tərk etmir, tərk etməyə məcbur edilir. Ağdama yaxın kəndlərdən baxanda, ayrı-ayrı hissələrdə yanğınların törədildiyi aydın görünür, onlar torpağı da yandırırlar. Əraziyə yaxında yaşayan yerli əhali də bunu müşahidə edir. Ağdamda mülki əhalidən çox erməni hərbiçilər yeləşib.

Ağdamın təhvil verilməsi prosesi Kəlbəcərdəki bəhanə ilə uzadıla bilməz. Ona görə ki, Ağdamın əvvəlcədən təyin edilən təhvil verilmə müddəti Kəlbəcərinkindən çoxdur. Digər tərəfdən, Ağdamdan çıxış üçün alternativ yollar var və olduqca rahatdır. Ağdamdan həm Kəlbəcər yoluna, həm də Laçın dəhlizinə çıxa bilərlər, yaxud da müvəqqəti olaraq, Xankəndinə, Əsgərana çəkilə bilərlər. Ona görə də Ağdamdan çıxışlarının uzadılması gözlənilmir.

Ermənilərin Kəlbəcərdə son olaraq törətdikləri, dünyaya göstərdi ki, bunlar nə qədər vəhşidirlər. Fakt budur ki, dünyanın ən güclü media qurumları bu vəhşilikləri nümayiş etdirir. Əgər bunlar olmasaydı, sabah erməni iddia edə bilərdi ki, bütün bunlar müharibə şəraitində qeydə alınıb. Azərbaycan dövlətinə, Azərbaycan xalqına 100 milyardlarla zərər vururlar. Son olanlar göstərir ki, ermənilər bunu qəsdən törədir. Buna görə də Ermənistan Azərbaycan təzminat ödəməlidir. Azərbaycan heç bir halda düşmənə güzəştə getməyəcək”. 

“Bu dəfə onları bizim ordunun əlindən kimsə ala bilməyəcək”

E.Həsənlinin sözlərinə görə, əgər vaxt uzanarsa, yaxud ermənilər Ağdam, Kəlbəcər, Laçını qaytarmaqdan imtina edərsə, yeni situasiya yaranacaq:

“Ermənistan II Qarabağ müharibəsində milyardlarlarını, texnikasını, canlı qüvvəsini itirdi və dünyada biabır oldu. Bəyanata əməl etməzlərsə, bunun davamının aqibəti barədə düşünməlidirlər. Əgər Ermənistanda normal, ağlı başında olan biri varsa, hərçənd belə olsaydı bu cür acı nəticələr yaşamazdılar, vaxtın tamamında özləri çıxıb gedəcək. Əks halda, vəziyyət daha da kəskinləşəcək, Ermənistan üçün böhranlı vəziyyət yaranacaq. Bu dəfə erməniləri vəziyyətdən heç kim xilas etməyəcək. 2016-cı ilin aprelində Rusiya vasitəçilik etdi, biz dayandıq. 2020-ci ildə son anda yenə Rusiya məsələyə qarışdı, bəyanat imzalandı, qrafik verildi. Bu dəfə bəyanatın tələblərinə riayət edilməsə, heç kim Ermənistan ordusunu Azərbaycan ordusunun əlindən ala bilməyəcək”.

“Ermənilər yalan ustasıdırlar”

Ekspert deyib ki, erməni yalançılığı səbəbindən onlarla bağlı statistikanı da dəqiqləşdirmək çətindir:

“Heç bir şeydə ermənilərə inanmaq olmaz. Bu müharibədə onların silah kvotasını üç dəfə keçdiyini gördük. Ermənilərin 220 tankı olmalı idi, amma Azərbaycan tərəfindən onlara məxsus 300-dən çox tank məhv edildi. Ona görə də ermənilərin əhalinin sayı ilə bağlı verdiyi statistika səhih deyil. Onlar yalanı müxtəlif cür danışır: daxili auditoriya üçün, beynəlxalq auditoriya üçün. Daxildə özlərini “güclü qəhrəman” kimi göstərirlər, dünyaya yazıq, məzlum kimi yalvarırlar. Bizim auditoriya üçün sosial şəbəkələr vasitəsilə saxta səhifələrdə başqa cür oynayırdılar. Onlar cəbhədə nə qədər zəif, acizdilərsə, yalanda, böhtanda bunlar kimi güclü tayfa yoxdur. Bunların həyatı, məqsədi, mədəniyyəti, tarixinin hamısı yalan üzərində qurulub. Bunlar yalan ustasıdırlar”.

0