"Sülhməramlılarla bağlı tələsik bədbin nəticələr çıxarmağa dəyməz" - Açıqlama

SİYASƏT
09:26 / 19.11.2020
3300

"Qarabağ 200 ildən çoxdur ki, istər çar Rusiyasının, istər sovet Rusiyasının, istərsə də Rusiya Federasiyasının siyasətində mühüm yer tutub. İkinci Qarabağ Müharibəsi başlayan gündən isə Rusiya siyasətində çox kəskin bir dönüş yaranıb - sanki Rusiyanın bircə dərdi var, o da Qarabağdır. Belarus, Ukrayna, Moldovada, Suriyada baş verənlər, Covid-19, hətta Rusiya siyasətində bir nömrəli rəqib sayılan ABŞ-da seçkilər bir tərəfədir, Qarabağ da bir tərəfə. Putinin dünyada baş verənlərlə Qarabağdakı vəziyyətə reaksiyasını müqayisə etsək, Qarabağa olan diqqətinin tərəzinin gözündə ağır tərəf olduğuna heç bir şübhə yoxdur. Dünən “Rossiya-24” kanalına verdiyi müsahibədən də məlum oldu ki, Pusiya lideri xüsusilə son bir həftədə Qarabağa fokuslanıb".

Bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Rusiya prezidenti Vladimir Putinin "Rossiya - 24" telekanalına müsahibəsini şərh edərkən bildirib.

Ekspert hesab edir ki, Putinin müsahibədə Azərbaycanın ərazi bütövlüyünü iki dəfə vurğulaması, Türkiyənin proseslərdə beynəlxalq hüquqa zidd olmayan siyasətini xüsusi qeyd etməsi və digər məsələlərlə bağlı dedikləri müsbət məqamlardır. "Amma, Rusiya liderinin mövqeyində bəzi məsələlərin ümumiyyətlə doğru olmadığını qeyd etməklə yanaşı, perspektiv siyasətimizdə diqqət edəcəyimiz çox ciddi fikirlərini də vurğulamalıyıq", - o vurğulayıb.

İ.İsmayıl qeyd edir ki, Kreml sahibinin müsahibə zamanı çox da sərrast və inamlı təsir bağışlamadığı açıq hiss olunurdu: "Bəzi cavablarda isə çətinlik çəkdiyi, pauzalar verdiyi, fikrini bildirməzdən əvvəl fasilələr verdiyi diqqətdən yayınmadı. Fikrimizcə, bu onu göstərir ki, zaman dəyişib, geopolitikada Rusiyanın əvvələr kobud şəkildə etdiyi müdaxilələr indi qəbul olunmur, yeni şərtlər reallıqdır və Qarabağda mövcud situasiya Rusiya üçün də mürəkkəb və həssas məna daşıyır".

Ekspertin sözlərinə görə, müsahibənin giriş hissəsində Putinin Qarabağ probleminin yaranmasının səbəbi kimi Sumqayıt hadisələrini göstərməsi yanlış idi: "Ən azı, fevralın 13-də Xankəndidə DQMV-nin Ermənistana verilməsi tələbi ilə ilk mitinq, fevralın 22-də Əsgəranda Əli Hacıyev və Bəxtiyar Quliyevin ermənilər tərəfindən qətlə yetirilməsi, fevralın 19-da Ermənistanın bir çox yerlərindən azərbaycanlıların qovulmasının 27-dən 28-nə keçən gecə baş vermiş Sumqayıt hadisəsindən əvvəl olduğunu Putin keçmiş "KQB" işçisi kimi yaxşı bilir. Onun məntiqindən belə çıxır ki, Sumqayıt hadisəsi nəticəsində ermənilər silahlanıb 20 faiz Azərbaycan torpaqlarını işğal ediblər".

İlham İsmayıl bildirir ki, Putinin Qarabağdakı mövcud status-kvo ilə bağlı dedikləri isə həm xəbərdarlıq, həm də bu vəziyyətin uzun müddətə ola biləcəyinə işarə sayıla bilər: "Gürcüstanda sülhməramlılara atəş açılmasını “böyük səhv” adlandıran Putin Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən tanınmasına gətirib çıxardığını xüsusi virğuladı və bir növ xəbərdar etdi ki, Rusiya sülhməramlılarına atəş açmaq ağır nəticələrə səbəb ola bilər. Bu vəziyyətin düzəlməsinin zamanını isə faktiki olaraq “yaraların hər iki tərəfdə təzə olması ilə” əlaqələndirdi. Qarabağa veriləcək statusun da birgəyaşayışdan qaynaqlacağına birbaşa işarə vurdu".

Ekspertin sözlərinə görə, status məsələsinin gündəmdən çıxmadığını deməklə Rusiya prezidenti bizim məlum mövqemizə korrektələr etməyin zəruriliyini xatırlatmış oldu: "İlk baxışda burada bir o qədər təhlükə hiss olunmaya bilər. Status vermək fikrində olmadığımızı dövlət başçısı vurğulayıb, deməli, bundan sonra dünya ayağa qalxsa da, uzaqbaşı mədəni muxtariyyət məsələsi müzakirə oluna bilər. Qarşı tərəfin hansı statusa razılaşması artıq önəm daşımır. Baxmayaraq ki, nəinki status, itirdiklərini geri qaytarmaq üçün müharibəni belə gözdən keçirən erməni liderlər var. Kilikiya Böyük Evinin katalikosu I–ci Aram çağırış edib: ”Müharibə hələ bitməyib. Sayıq və realist olmaq lazımdır. Müharibə qaçılmazdır, məsələ yalnız onun başlamasının vaxtı ilə bağlıdır”. Bu, düşmənin din xadiminin mövqeyidir".

Təhlükəsizlik məsələləri üzrə ekspert hesab edir ki, sülhməramlılarla daim əlaqə saxlamaq bizim üçün çox vacibdir. "Bunun üçün bizim dövlət strukturlarının tədricən Qarabağda fəaliyyətini başlamaq lazımdır. Daimi kontaktın olmasının müsbət nəticələr verdiyi Birinci Qarabağ Müharibəsində təsdiq edilib. Ermənilər işğal illərində həmişə bizə təklif edirdilər ki, dost olmaq, gedib-gəlmək, ticarət etmək lazımdır. Qalib olan tərəf üçün bu düzgün siyasətdir. İndi biz Qarabağ ermənilərinə bu cür təkliflərlə müraciət edib təşəbbüsü ələ almalıyıq. Ona görə ki, biz qalibik! Qalib kimi də daha yuxarıdan baxmalıyıq. Bu, bizim xeyrimizə ola biləcək siyasətdir.

Dövlət tarixi üçün 5 və ya 10 il böyük zaman deyildir. Ona görə də sülhməramlılarla bağlı tələsik bədbin nəticələr çıxarmağa dəyməz, sadəcə bu zaman kəsiminin ilk mərhələsində təməlli addımlar atmaq son qələbə möhürünü vurmağı tezləşdirəcək. Problemi görmək işin bir tərəfidir, onun həllini göstərmək və bu istiqamətdə çalışmaq isə qələbəyə yaxın olmaq deməkdir", - deyə İlham İsmayıl vurğulayıb. /"AzPolitika.info"




5