Rusiya erməniləri hansı əsasla Qarabağa geri qaytarır: Bəs BMT? - ŞƏRH

SİYASƏT
13:04 / 21.11.2020
2443

Hərbi əməliyyatlar zamanı Qarabağdan köçən ermənilərin 30 mininin geri qayıtmaq istədiyi bildirilir. Rusiyanın fövqəladə hallar naziri də deyib ki, indiki halda yalnız 5 min erməni qayıda bilər. Çünki infrastruktur yoxdur, infrastrukturu isə qurmağa yalnız Azərbaycanın qüdrəti çatar.

Amma buna baxmayaraq, Rusiyanın nəzarəti altında ermənilər geri qayıtmağa başlayıb. Halbuki Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bəyanata görə, ermənilərin geri qayıtmaları BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında həyata keçirilməsi nəzərdə tutulub. Görünən budur ki, Rusiya və Ermənistan bu razılaşmaya əməl etmir.

Politoloq Natiq Miri Qaynarinfo-ya açıqlamasında ermənilərin bu şəkildə Qarabağa geri qayıtmasını beynəlxalq hüququn pozuntusu saydığını bildirib: 

"Bu, birbaşa beynəlxalq hüququn pozuntusudur. Bildiyimiz kimi, Rusiya beynəlxalq hüquqa, yəni BMT-nin mandatına görə Qarabağda deyil. Rusiya sadəcə Azərbaycan və Ermənistanın imzaladığı bəyanat konteksində Qarabağda mövcudddur və hüquqi zəmin də buna dayanır. Ayrıca sənəddə BMT-nin qaçqınlar üzrə strukturunun vasitəsi ilə qaçqınların geri qaytarılması nəzərdə tutulsa da, bu prosesi indi Rusiya həyata keçirir. 

Düşünürəm ki, ermənilərin Qarabağa qayıtması müəyyən "filtr"dən sonra mümkün olmalı idi. Çünki bu insanlar yoxlanılmalı, Azərbaycan vətəndaşına qarşı hərbi cinayət törədib-törətmədiyi tamamilə araşdırıldıqdan sonra Qarabağa yerləşdirilməsi həyata keçirilməli idi. 

Digər bir narahatlıq doğuran məsələ Rusiya prezidenti Vladimir Putinin Rossiya 24 kanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlərlə bağlıdır. Putin birmənalı bildirdi ki, Qarabağın son statusu həll olunmayıb və son status həll olunmayana qədər razılaşdıq ki, status-kvo mövcud olsun. Bu da o anlama gəlir ki, mövcud status kvo-da qondarma Dağlıq Qarabağ rejimi və onun da başında hərbi cinayətlər törətmiş Arayik Aratunyan duracaq. Amma ərazi Azərbaycanın olduğu üçün istənilən məsələ ilə bağlı qərarı da Azərbaycan verməlidir. Azərbaycan isə prosesdə hələlik ürkək səslə iştirak edir. Azərbaycan erməni əhalisinin Qarabağa qayıtması prosesində bilavasitə iştirak etməlidir. Ən nəhayət Rusiya ilə Azərbaycan rəhbərliyi arasında müəyyən danışıqlar gedir. Düşünürəm ki, bu danışıqlarda gələcək perspektivdə Qarabağda bir çox kommunal və infrastrukturların həlli müzakirə obyektidir. Açığı, bunun özü də doğru deyil. Niyə? Çünki o vaxta qədər ki, ermənilər Azərbaycan Konsitutusiyasını qəbul etməyib və Azərbaycan qanunları ilə yaşamağa razı olmayıb, ona qədər Azərbaycanın erməni əhali üçün hər hansı bir məsələni həll etməsini doğru saymıram. Bu o vaxt mümkün olmalıdır ki, bütün idarəetmə forması Azərbaycanın yuridiksiyası altında mümkün olsun. Əgər bu mümkün deyilsə və ayrıca ermənilər bunu qəbul etmirlərsə, ən əsası rusların özü bunu qəbul etmirsə, Azərbaycan nəyə görə ordakı xərclərin altına girməlidir?"

Politoloq Xaqani Cəfərli isə hesab edir ki, 9 noyabr razılaşmasında nəzərdə tutulan Kəlbəcər və Laçın rayonları hələ azad edilmədiyi üçün rəsmi Bakının ermənilərin geri qayıtmasına təmkinli yanaşması başa düşüləndir: 
 

"BMT-nin Qaçqınlar üzrə Komissarlığının bölgəyə indiki məqamda müşahidəçi göndərməsinə bir luzum yoxdur. BMT-nin müşahidəçiləri ermənilərin Azərbaycanın nəzarət ediyi ərazilərə, azərbaycanlıların da Rusiyanın nəzarət etdiyi ərazilərə geri qayıtması prosesini izləyəcək. Hələlik isə Qarabağa hər iki tərəfin kütləvi sayda əhalini geri qaytarıb yerləşdirməsi mümkün deyil..."

0