“Bu günə qədər “Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarından geri çəkilsin” dediniz? Heç vaxt “Dağlıq Qarabağ Azərbaycan torpağıdır” demədiniz”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu parlamentdə aparılan müzakirələr zamanı Xalqların Demokratik Partiyasının (HDP) Diyarbəkirdən seçilən erməni əsilli deputatı Garo Paylanın “Türkiyənin Azərbaycana dediyi “qardaşım” ifadəsini Ermənistana da deməsi xəyalımdır” fikirlərinə münasibət bildirərkən deyib.
"Dünyada problemlər getdikcə artır və beynəlxalq təşkilatlar bu problemlərin həllində aciz qalır, belə olan halda isə Türkiyə xarici siyasətini gücləndirməyə davam edir. Türkiyə “dünya beşdən böyükdür” anlayışını mənimsəyib və beynəlxalq sistemin güclü və ədalətli olmasının müdafiəsində dayanıb. Bir tərəfdən mübarizə meydanında, bir tərəfdən diplomatik əlaqələrdə güclü olmasaq ətrafımızda yaşanan problemlərdən ən çox təsirlənən də biz olarıq. Çox mərhələli problemlər qarşısında Türkiyə əlbəttə öz mənafeyi və təhlükəsizliyi üçün lazım olan addımları atır və atacaq. Amma indi siz deyirsiniz ki, Türkiyənin xarici siyasəti bərbaddır, hər zaman pisdir, amma bu doğru deyil”, - deyə nazir qeyd edib.