Ən azı 10 min erməni əsgəri məhv edilib – Analiz

SİYASƏT
14:05 / 27.11.2020
4284

44 gün davam edən İkinci Qarabağ savaşı Azərbaycanın işğal altında olan ərazilərinin əhəmiyyətli hissəsini, o cümlədən bu bölgənin mirvarisi hesab edilən Şuşa şəhərini azad etməklə bitdi. 

Bu müharibə ilə həm də 30 illik status-kvo Azərbaycanın xeyrinə dəyişdi, Dağlıq Qarabağa status verilməsi gündən çıxdı, dünya gücləri Bakının iradəsilə hesablaşmaq məcburiyyətində qalıdı.

İkinci Qarabağ savaşında qələbə həm də Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin şücaəti, qorxmazlığı, peşəkarlığı, böyük Vətən sevgisi hesabına əldə olundu. 30 ildir xalqımızın həsrətində olduğu torpaqlara, hər bir şəhərə, qəsəbəyə, kəndə milli bayrağımızı sancmaq hər bir əsgər və zabitimizin ən böyük arzusu oldu. Hərbçilərimiz  bu yolda canlarını belə əsirgəmədilər, əsl qəhrəmanlıq nümayiş etdirdilər.

44 günlük savaşın çətinlikləri

Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladığı gündən müharibənin 44 gün davam edəcəyi gözlənilən deyildi. Ekspertlər hesab edirdi ki, uzun illər işğal olunmuş ərazilərdə möhkəmlənən Ermənistan silahlı qüvvələrini Azərbaycan torpaqlarından qovmaq o qədər də asan olmayacaq.

Ekspertlərin qənaətinə görə, mürəkkəb coğrafi şəraitdə, relyefdə müharibə həmişə böyük itkilərə səbəb olur. Dağlıq ərazi müdafiədə olan tərəfə əlavə üstünlük yaradır, onun imkanlarını genişləndirir. Dağlıq Qarabağın bir çox əraziləri müdafiə üçün ideal şəraitə malik olduğuna görə, ordumuz üçün əlavə çətinliklər qaçılmaz olub.

Ermənistan uzun illər işğal etdiyi ərazilərdə  müdafiə səddləri qurub, istahkamlar tikib. Hərbi ekspertlər bildirirlər ki, müdafiə sədləri müasir texnologiyalara uyğun hazırlanıb və qarşı tərəfə maksimum itki vermək məqsədi güdüb. Azad olunan Ağdam, Füzuli rayonlarında istehkamların vizual müşahidəsi bu sistemin yaradılmasına uzun illər və böyük məbləğdə vəsait sərf edildiyini aydın göstərir.

Mütəxəssislər bildirirlər ki, bu tipli hərbi əməliyyatlarda hücumda olan tərəfin həm texnika, həm də canlı qüvvə baxımından böyük itkilər verməsi mütləq şərtdir. Təsadüfi deyil ki, ayrı-ayrı vaxtlarda düşmənin müdafiə səddini yararaq torpaqların işğaldan azad olunması məqsədilə həyata keçirilən əməliyyatlar zamanı Azərbaycan tərəfinin canlı qüvvədə 15 min, hətta 20 min nəfər itki verəcəyi proqnozlaşdırılırdı.

Birinci Qarabağ savaşı və ümumiyyətlə, dünya təcrübəsi də bu tipli münaqişələrdə böyük insan itkisinin olduğunu təsdiq edir. Təsdiq olunmamış hesablamalara görə, Birinci Qarabağ müharibəsində Dağlıq Qarabağ uğrunda döyüşlərdə 15-20 min insan həlak olub. SSRİ-nin Əfqanıstana təcavüzü, ABŞ-Vetnam müharibəsi, NATO qüvvələrinin Əfqanıstan və İraqda, Rusiyanın Çeçenistanda  antiterror əməliyyatları və digər müharibələrin təcrübəsi də böyük sayda insan itkisinin olacağını deməyə əsas yaradırdı.    

Həmçinin hərbi əməliyyatların intensivliyi və 44 gün ərzində ərazilərimzin işğaldan azad edilməsi amili də nəzərə alınmalıdır. Təcrübəyə əsasən demək olar ki, qarşıya qoyulan vəzifələrin belə qısa müddət ərzində icrası əlavə itkilərsiz mümkün olmur.    

Lakin Azərbaycan Ordusunun peşəkarlığı, düzgün strategiya və taktikanın tətbiq edilməsi, müasir silah-sursat, hərbi texnika və texnologiyadan geniş istifadə olunması, ən əsası, hərb tarixində ilk dəfə yeni döyüş standartlarının tətbiqi hesabına Azərbaycan öz itkilərini tam minimallaşdıra bildi. Ekspertlər hesab edirlər ki, Azərbaycan ən mürəkkəb şəraitdə uğurlu əməliyyat apararaq müharibədən minimum itkilərlə çıxmağın da nümunəsini ortaya qoyub.

Ermənistanın itkiləri 10 min nəfər civarındadır
Bu gün müharibədə 2-3 min əsgər və zabitinin həlak olduğunu iddia edən Ermənistan hökumətinin növbəti dəfə öz ictimaiyyətini aldatdığı aydın görünür. Hərbi əməliyyatlarda dronların istifadəsi zamanı yüzlərlə düşmən texnikasının sıradan çıxarıldığı, qrup halında  şəxsi heyətin məhv edildiyinə dair çoxsaylı kadrlar var. Təkcə bu kadrların təhlili, habelə kadrlara düşməmiş çoxsaylı əməliyyatlar zamanı düşmənin böyük itkilər verdiyi aydın göstərir ki, Ermənistanın itkiləri ən azı  10 min nəfər civarındadır. Digər tərəfdən, Ermənistan hökuməti yalnız Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində xidmət edən Ermənistan vətəndaşı olan hərbçiləri nəzərə alır. Lakin  Dağlıq Qarabağ erməniləri və xaricdən gələn çoxsaylı muzdlular məsələsinə toxunulmur, onlar hesablanmır.

Məlumdur ki, hər bir müharibədə itkin düşən şəxslər olur. Azərbaycan Ordusu dağlıq ərazilərdə, dərin meşəliklərdə əməliyyatlar aparıb, zabit və əsgərlərimiz şiddətli döyüşlərdə iştirak ediblər. Bir sıra hallarda həlak olmuş hərbçilərimizi mürəkkəb coğrafi şəraitə malik ərazilərdən çıxartmaq mümkün olmayıb. Həmin şəxslərin axtarılaraq tapılması zaman tələb edir. Digər tərəfdən, Birinci Qarabağ müharibəsindən də ermənilərin xüsusi qəddarlığı, əsir götürülmüş, həlak olmuş vətəndaşlarımız və hərbçilərimizlə vəhşi davranışları onu deməyə əsas verir ki, bəzi hallarda həlak olmuş hərbçilərimizin taleyi haqqında məlumat əldə etmək mürəkkəb proses olacaq.

Müharibələr zamanı, xüsusilə müasir hərbi əməliyyatlarda istifadə olunan silahlar maksimal zərər yetirmək, rəqibin texnikasını və şəxsi heyətini tam sıradan çıxartmaq imkanına malikdirlər. Bəzi hallarda dağıdıcı silahlardan istifadə nəticəsində həlak olmuş şəxsləri tanımaq, identifikasiya etmək çətin olur. Onlarla bağlı xüsusi araşdırma aparılır, lazım gəldikdə genetik müayinə həyata keçirilir.

Şəhidlərimiz arasında itkin düşmüş, dağıdıcı silahların təsirinə məruz qalaraq tanınmaz hala düşmüş şəxslər var. Azərbaycan dövləti onların tapılması, şəxsiyyətlərinin müəyyənləşdirilməsi ilə bağlı bütün mümkün işləri görəcək. Müharibədə əzizləri itkin düşmüş, cəsədləri tanınmaz hala düşmüş vətəndaşlarımızın da, nə qədər çətin olsa belə, vəziyyətə anlaşıqlı yanaşması, səbr və təmkin nümayiş etdirməsi arzu olunur.

Şəhidlər qəhrəmanlıq simvolumuzdur

Bütün müharibələr dağıntılar, insan ölümü, faciələrlə müşayiət olunur. Lakin doğma torpaq, Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksəlmək -  öz adını xalqın tarixi yaddaşına həkk etmək, Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəmək, qəhrəmanlıq nümunəsi yaratmaq, milyonlarla insanın sevgisini, rəğbətini qazanmaq deməkdir.

Azərbaycan xalqı da torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini uca tutur, onlarla fəxr edir. Şəhidlərimiz bizim azadlıq, müstəqillik, enilməzlik, qəhrəmanlıq simvolumuzdur.

Birinci Qarabağ müharibəsinin təcrübəsi göstərir ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur, onların adları əbədiləşdirilir, ailələrinə bütün lazımi yardımlar göstərilir, şəhid ailələrinin maddi təminat, mənzil-məişət problemlərinin həlli ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilir.

0
yenisabah.az