Verilişləriniz ədəbsizliyin həddini anlamaq üçün gərəklidir - Solovyova məktub

SİYASƏT
10:44 / 30.11.2020
2490

Vladimir Rudolfoviç, hər vaxtınız xeyir.

Düşünməyin ki, direktorunuz Qayane Ambartsumyanla birlikdə hazırladığınız “axşam”larınızla həmvətənlərimin və şəxsən mənim əhvalımı pozmağa müvəffəq olursunuz. Verilişləriniz gülüş, təəccüb və məyusluqdan başqa heç nə doğurmur. Bəzən onları ona görə izləyirik ki, siz də daxil olmaqla bəzi iştirakçıların həyasızlıq, qərəz, ədəbsizlik, bayağılıq, böhtan və cəhalətinin həddini anlaya bilək. Tutduğunuz mövqenin səbəb və motivləri bizə məlumdur, bu, bizə qətiyyən toxunmur. Hər vəngildəyən köpəyə fikir verib, onu daşla qovmağa vaxt itirmək istəməzdik. “Axşam” adlı orkestrin mahir “dirijor”u kimi özünüzü böyük “rus vətənpərvəri” kimi göstərib, Rusiyanın maraqlarını müdafiə etməklə siz ictimaiyyətə, əsasən də rusiyalı izləyicilərə yanlış məlumat verir, millətlərarası ədavəti qızışdırır və, ən dəhşətlisi, dini icmalar arasında düşmənçilik toxumlarını səpirsiniz. Əksər vətəndaşlarda, ən azı postsovet ölkələrində yaşayanlarda, əlbəttə, Ermənistan istisna olunmaqla, özünüzə qarşı nifrət oyadır və həmin ölkələrin münasibətlərinə ağır zərbə vurursunuz. 

Orkestrin dirijoru kimi, baş skripkaçını mövzudan asılı olaraq müəyyən edirdiniz. Belə ki, “Qarabağ müharibəsi” mövzusunda ifa edən orkestrin baş skripkaçısı qismində uzun müddət çıxış edən Zatulin ona tapşırılanları hələ də yerinə yetirir. Həmçinin Baqdasaryan, Kurginyan, Yevstafyev və digər “jirik” və “satan”lar müəyyən dövrlərdə bu işi icra ediblər. Artıq Zatulin daha “liberal” Şaxnazarovla əvəz olunub. 

Qonaqlarınızın dili ilə Azərbaycana aidiyyəti olan hər şeyi dəfələrlə təhqir etmisiniz, onlara məhəl qoymadan başqalarının adına yazaraq yalan danışmısınız, ictimaiyyəti aldatmısınız. Bəzən ağıllı görkəm alaraq öyüdçü ədası ilə düzəlişlər edir, daha doğrusu, iştirakçıları yönəldirsiniz. Çox təəssüflənirəm ki, hazırda alçaqlıq və yalan siz və aktyorlarınız vasitəsilə Rusiya ictimaiyyəti arasında açıq-aşkar və həyasızcasına yayılmaqdadır. Və əgər R. Qarifullinə görə saxtakarlıq, təhrif, sapdırma, boşboğazlıq, iftira və s. ünsürləri ehtiva edən uydurmanın əmsalını müəyyən etsək, bu göstəricinin Solovyovda birmənalı olaraq yüksək olduğunu görə bilərik. 
İndi isə Qarabağ müharibəsi və bu savaş dövründə oynadığınız destruktiv rol barədə söz açmaq istərdim. 

Verilişlərinizdə Qarabağ mövzusu ilə bağlı, həmçinin anti-Azərbaycan ifadələrin təhlilini aparsaq, iki əsas ideyanın ortaya çıxdığını görə bilərik: azərbaycanlılar döyüşə bilmir, birinci Qarabağ müharibəsi bunu göstərdi, onların tərəfində muzdlular, türk əsgərləri vuruşur, Ermənistanın bu müharibəyə heç bir aidiyyəti yoxdur. Bu, dini müharibədir və ermənilərin soyqırımı baş verir. Azərbaycanlılar xristian sivilizasiyasının dini abidələrini bombalayır. 
Yuxarıda göstərilən ideyalara cavab verirəm:

Ermənistanın Azərbaycan üzərində “qələbəsi”nin carçıları bu barədə susmağa üstünlük versələr də, Ermənistan-Azərbaycan qarşıdurmasındakı başlanğıc vəziyyət Ermənistanın xeyrinə olub. SSRİ-nin tərkbində olarkən azərbaycanlılar Ermənistanla müharibə etmək barədə heç vaxt düşünməyiblər. Hamıya məlumdur ki, müharibədən xeyli əvvəl Qarabağın zorla qoparılması ilə bağlı böyük təşviqat-təbliğat işi aparılıb və dünya erməniliyi bu təşəbbüsə dəstək verib. Üstəlik Ermənistanda, eləcə də Qarabağda bu fəaliyyət Qarabağdakı hansısa idarənin partiya təşkilatından başlayaraq Ermənistan mərkəzi komitəsinədək istənilən dövlət səviyyəsində aparılıb. Azərbaycanda isə hətta həmin qarışıq dövrdə belə partiya rəhbərliyi və ictimai təşkilatlar klassik sovet ruhunda çıxış edərək, dostluq, sülh və mehriban qonşuluğa çağırırdılar. Beləliklə, erməni əhali həm psixoloji, həm də ideoloji baxımdan bu müharibəyə hazır idi. Bu məsələdə Volskinin də rolu az olmayıb, torpaqların işğalında ermənilərin gələcək uğurlarının platforması onun yardımı ilə hazırlanıb. Ermənilərin beyinlərinə yeridilirdi ki, SSRİ rəhbərliyi, dünya birliyi bu “haqq iş”də onları dəstəkləyir və dünya erməniliyi onların yanındadır. Təbii ki, bütün bunlar onları ruhlandırır və böyük təkan verirdi. Konkret planlara malik olan ermənilər ordunu müharibəyə hazırlayırdılar. Onların texnika sarıdan heç bir problemi yox idi, çünki SSRİ-nin sabiq rəhbərliyi kifayət qədər hərbi texnika və döyüş sursatı ötürmüşdü. Hərbi quruculuq prosesinin səmərəliliyi sovet ordusunda kifayət qədər yüksəkixtisaslı erməni kadrların olması faktı ilə də bağlı idi. Ona görə də milli ordu quruculuğu zamanı Ermənistan Azərbaycanla müqayisədə daha az kadr problemi ilə üzləşdi. Azərbaycanlı kadrların çatışmamasının bir səbəbi var idi – onları SSRİ-ni ali hərbi tədris müəssisələrinə qəbul etmirdilər, ermənilər isə, əksinə, hər zaman həmin məktəblərin istəkli müdavimləri olmuşlar. Üstəlik SSRİ hərbi rəhbərliyinin yuxarı eşalonlarında azərbaycanlıların ölkənin hərbi sahəsinə “ayaq basmaması”na nəzarət edən çoxsaylı ermənilər hər zaman olmuşdur. Bir sözlə, Azərbaycan nəinki müharibəyə hazırlaşmır, heç bu barədə fikirləşmirdi. Yalnız ayrı-ayrı könüllü dəstələr qəhrəmancasına döyüşür, bacardıqları qədər müqavimət göstərirdilər. Вu müharibədə 25000-30000 azərbaycanlı həlak olub. Birinci Qarabağ müharibəsində həyatını itirmiş qəhrəmanlarımız və vətəndaşlarımız qarşısında baş əyirəm. Nəzərinizə çatdırıram ki, öz torpaqlarını və bu qədər insanını itirən Azərbaycan vahiməyə düşmədən, demaqogiyaya, məzəmmətə, şəhidlərinin alçaldılmasına (öz vətəndaşlarının ölümünü alver predmetinə çevirən ermənilərdən fərqli olaraq) yol vermədən, başını dik tutaraq öz yaralarına çarə axtarmağa və dövlətçiliyi bərpa etməyə başladı. Belə bir arsenala malik olan ermənilərin Azərbaycan ordusu və dövlətçiliyinin zəifliyindən istifadə edərək döyüşü qazanması çətin deyildi. Təkrar edirəm, müharibəni deyil, döyüşü qazanması. Birinci Qarabağ müharibəsində torpaqlarımızın işğalını ermənilərin qəhrəmanlığı və cəsarəti kimi qələmə verməyiniz heyrət doğurur. Yeni müharibədə azərbaycanlıların qələbəsini faciəli təsadüf adlandırır, bunu üçüncü dövlətlərin yardımı, hücumun gözlənilməzliyi, Ermənistandakı siyasi xaos, yarıtmaz idarəetmə və s. ilə əlaqələndirirsiniz; əsgərlərimizin igidliyi, peşəkarlığı, düzgün strategiya və mükəmməl müharibə taktikası, nəhayət, Ali Baş Komandanımızın hərbi və strateji dühası haqqında bir kəlmə belə söyləmirsiniz. Lakin hərbi əməliyyatların real mənzərəsini görməzdən gəlməyiniz əsgərlərimizin şücaətini zərrə qədər əksiltmir. 

“Yalan ayaq tutar, lakin yeriməz”. Başqalarının məziyyətlərini inkar etməklə yaxud kiçiltməklə nə özünüzə, nə də ermənilərə bir faydanız toxunur, bunu dəqiq bilirəm. 

Verilişlərinizin ana xəttini təşkil edən ikinci fikir dini amillə bağlıdır. Bu, ermənilərin növbəti iftirasıdır! Ermənilərin xristianlığı Bizans pravoslavlığı və Roma katolikliyindən kökündən fərqlənir. Erməni kilsəsi nə Roma kilsəsinin ali hakimiyyətini tanımış, nə də pravoslav kilsəsinə maraq göstərmişdir. O 451-ci ildə Xalkedonda (Bizans) çağırılmış 4-cü ümumdünya kilsə məclisində elan edilmiş xristianlığın xüsusi “monofizit” təriqətinə mənsubdur. Bununla da erməni kilsəsi həmin məclisin qərarlarına tam etinasızlıq nümayiş etdirərək, özünü xristian dünyasından təcrid etmişdir. Yeri gəlmişkən, həmin hadisədən sonra erməni kilsəsi özünü üstün tutaraq bir daha heç bir kilsə məclisinə qatılmayıb. Sırf ermənilərə mənsub olan bu kilsə özünütəcrid və qapalılıq amilinə çevrilərək, gələcək etnik və dini dözümsüzlük, eləcə də ekstremizm və separatizm üçün zəmin hazırlamışdır. Erməni kilsəsi erməni xalqının həyatında böyük rol oynayıb. Eçmiədzin şəhəri ermənilərin dini, mədəni, milli həyatının mərkəzi olub. Erməni kilsəsi hər zaman siyasətdə fəal iştirak edib, ermənilərə qonşularına qarşı nifrətin aşılanmasında onun xüsusi rolu var. Yaxşı məlumdur ki, ermənilər xristian dünyasının gözündə əzabkeş xalq kimi görünmək istədikdə xristianlıq amilindən istifadə edirlər, ermənilərin ərazi iddiaları gündəmə gəldikdə isə bu amil heç bir əhəmiyyət daşımır. Bu fikri əsaslandırmaq üçün yaxın keçmişdən bəzi faktları diqqətinizə çatdırıram: Erməni kilsəsi imperator Paveli və sonrakı rus çarlarını erməni-qriqorian dindarların pravoslav hökmdar üçün dua oxuduqlarına məharətlə inandırmağı bacarmışdır. Bu “nağıl”a inanan əlahəzrət imperator ailəsi Alban apostol kilsəsini erməni-qriqorian kilsəsinin idarəçiliyinə verdi. İmperatorun fərmanını rəhbər tutan erməni-qriqorian kilsəsi Azərbaycan tarixinin bir parçası olan alban irsini XIX yüzillik boyu məqsədyönlü şəkildə məhv və talan edərək “erməni məsələsi”nin sonrakı mərhələlərində Azərbaycana əsassız ərazi iddiaları üçün zəmin hazırladı. Nədənsə burada xristian amili unudulub!!

80-ci illərdə separatçı hərəkatın Dağlıq Qarabağda yaxud Cavaxetiyada başlanılması problemi tanınmış erməni dairələrində müzakirə edilirdi. Üstünlük birinci varianta verildi.! Lakin əmin olun ki, burada da xristian amili heç bir oynamayıb. 

Şaxnazarovun “Tale” kitabında Armaviri və digər “əzəli” erməni torpaqlarını tutmağa çağıran Bütün ermənilərin katolikosunun çıxışına yer verilir: “Bu məqamdan yararlanın, SSRİ dağılır. Tezliklə Rusiyanın dağılmasına dəstək verəcəyik”, - budur, Bütün ermənilərin katolikosunun 12.06.1988-ci il tarixli müraciəti. Burada da xristianlıq amili nəzərə alınmayıb.
Və, nəhayət, katolikos I Mkrtiç Xrimyanın başçılığı ilə erməni-qriqorian kilsəsinin yuxarı təbəqəsinin XIX əsrin sonu – XX əsrin əvvəllərindəki fəaliyyətinə nəzər salmağı təklif edirəm. Katolikosun əməlləri çar imperiyası üçün əsl “başağrısı”na çevrilmişdi. Onun şəxsi katibi, arximandrit Koryun Saakyanın eyni zamanda “Daşnaktsütyun”un hərbi qoluna rəhbərlik etməsi faktı isə çox şeydən xəbər verir. 

Yuxarıda sadalanan faktlar kilsənin Qarabağ məsələsinə təsirini əyani şəkildə sübut edir, bundan əlavə, kilsə sadəcə olaraq iştirakçı deyil, bu cinayət xarakterli ideyanın təşəbbüskarı və təşkilatçısıdır. Kilsə erməni terror təşkilatlarının fəaliyyətində hərtərəfli və aparıcı rol oynayır. Bu təşkilatlar Azərbaycanın, eləcə də digər dövlətlərin mülki əhalisinə qarşı yönəlmiş “qisas” aktlarını öz dini liderlərinin xeyir-duası ilə həyata keçirirlər. Erməni katolikosunun Reyqanla keçirdiyi görüşdə əsas mövzunun Qarabağ məsələsi olduğunu xatırlamaq kifayətdir. Siz Azərbaycan din xadimlərinin müharibədə iştirakına, kafirlərin yaxud onların ibadət yerlərinin məhv edilməsi ilə bağlı çağırış etmələrinə dair bir dənə də olsun fakt göstərə bilməzsiniz.
Ermənilərin təbliğat maşını, o cümlədən onun parlaq nümayəndələri olan sizlər son illərdə apardığınız Gebbels-Dzerjinskisayağı təbliğatınızla ermənilər ətrafında bəzi miflərdə yer alan seçilmişlik, qədimlik, hökmranlıq, nüfuz və zənginlik oreolunu formalaşdırmısınız.
Və Azərbaycan bu əfsanələri alt-üst edərək erməni xalqını onların ağır “yük”ündən xilas etdi, bir çox sağlamdüşüncəli insanın, ilk növbədə postsovet məkanında yaşayanların gözlərini açdı və erməniliyin həqiqi simasını bütün dünya ictimaiyyətinə göstərdi.

Erməni diasporunun qüdrəti barədə mif darmadağın edildi – bu diaspor müxtəlif sahələrdə Ermənistana dəstək vermək iqtidarında olsa da, sistemli şəkil almış mənfi tendensiyaları artıq dayandırmaq gücünə malik deyil və dayandıra bilmədi. 

Rusların erməni qardaşlarının maraqlarını üstün tutacaqlarına dair mif alt-üst edildi.
Beynəlxalq təşkilatların daima ermənilərin “haqq işi”ni dəstəkləyəcəyinə dair mif alt-üst edildi.
Ermənistanın Qarabağ uğrunda hər çətinliyə qatlanacağı barədə mif darmadağın edildi. Ermənistan qondarma qurumla yanaşı özünün də dünya xəritəsindən silinə biləcəyini anladı.
Azərbaycanın öz torpaqlarını geri qaytara bilməyəcəyi, azərbaycanlıların zəif döyüşçülər olması barədə mif alt-üst edildi.

Erməni diasporunun bütün dünyanı Azərbaycana qarşı ayağa qaldıracağına dair mif alt-üst edildi.

Vladimir, öz tribunalarınızdan bəyan etdikləriniz boş kağız parçasından başqa bir şey deyil. Lakin nə etməli, siz tapşırılan işi yerinə yetirməlisiniz. Anlayın nəhayət, dünya durmadan göz yaşı tökənləri sevmir. Bəşəriyyət belə insanlardan çoxdan yorulub. Siz isə öz əzmli cəhalətiniz, yalan məlumatlarınız, böhtan və yaltaqlıqla ermənilərin seçilmişliyi fikrinə yalnız marginnalıq, nifrət, təşəxxüs, inadcıllıq və inam əlavə etdiniz. Nəticədə erməni xalqı uçurumun kənarına yaxınlaşaraq bugünkü “nailiyyətlər”i əldə etdi. 

Rəhmətlik Çapay Sultanovun dediyi kimi “Uçuşa qalxdıqda Azərbaycanı “vurmaq” mümkün olmadı, üfüqi uçuşda bunu etmək o qədər də asan deyil”. Öz məktubumu Jvanetskinin sözləri ilə bitirmək istərdim: “Əgər sizə çoxcəhətli şəxsiyyət olduğunuzu deyirlərsə, şirniklənməyin, ola bilsin, eyni vaxtda alçaq, yaramaz və parazit olduğunuzu nəzərdə tuturlar”. 
Salamat qalın,

Doktor Rəfail Şirinov    

0