Türkiyəyə qarşı erməni həmləsi, Rusiyanın Paşinyan planı - Proses hara gedir?

18:11 / 09.12.2020
1735

"Ermənistan müxalifətinin Baş nazirliyə vahid namizədi sayılan Vazgen Manukyan hakimiyyətə gələrsə, Türkiyəyə qarşı bir sıra dövlətlərlə birlikdə blok, hərbi-siyasi ittifaq yaradacağını bildirib".

Bunu araşdırmaçı jurnalist Bəybala Mirzəyev söyləyib. 

"Açığı, bu, çox iddialı səslənir. Ancaq Vazgen Manukyanın baş nazir olacağı elə də inandırıcı deyil. Çünki Vazgenin hakimiyyətə gəlməsi üçün ilk növbədə Rusiya Paşinyanın hakimiyyətdən getməsində maraqlı olmalıdır. Rusiya isə hazırda bunun baş verməsini istəmir. Müharibədən əvvəlki dövrdən fərqli olaraq indi Rusiya Paşinyanın hakimiyyətdə qalmasına çalışır. Bəli, bu nə qədər paradoksal bir hal kimi görünsə belə, həqiqətdir və məhz bu səbəbdən Paşinyan hələlik bir müddət öz hakimiyyətini qoruyub saxlaya biləcək.

Bir sözlə, Rusiya Paşinyanı hələ bir müddət himayə edəcək. Aydın məsələdir ki, Kreml onun istefaya göndərilməsi ilə məlum üçtərəfli razılaşmanın taleyinin sual altına düşməsini istəmir. Paşinyanı devirsələr, üçtərəfli bəyanatın öhdəliklərinə Ermənistan tərəfindən əməl edilməsi də dayandırıla bilər. Bu isə Rusiyanın hazırkı geosiyasi maraqlarına cavab vermir. Odur ki, Putin Paşinyanı hələlik göz bəbəyi kimi qoruyacaq.

Vazgen Mikayıloviç Manukyan isə qoy şirin arzularla yaşamağına davam etsin.

Onun hakimiyyətə gəlmək şansı onsuz da çox cüzidir. Hətta Köçəryan və Sərkisyanın ona dəstək verməsi onun baş nazir olmaq istəyinə ciddi təkan verməyəcək. Çünki erməni ictimaiyyəti onların hər ikisinə də nifrət bəsləyir.

Üstəgəl, indiki məqamda heç bir dövlət Ermənistanla bir araya gəlib Türkiyəyə qarşı hər hansı bir hərbi-siyasi blok yaratmaq istəməz", - deyə B.Mirzəyev bildirib.

1
Mediapost.az