Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin onlayn formatda iclası keçirilib. Gündəliyə iki məsələ daxil edilib və bunlardan biri "Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” qanun layihəsini olub.
Komitə sədri Siyavuş Novruzov bildirib ki, Şamaxı rayonu sərhəd təmas xəttindən kənarda yerləşməsinə baxmayaraq inzibati ərazisindəki Saqiyan kəndinin adı Azərbaycan etnosu, milli-irsi dəyərləri, xalqımızın tarixi, coğrafiyası, yerli əhalinin məişəti ilə heç bir bağlılıq daşımır. Mənfur qonşularımız tərəfindən bəzən belə məkanların adları müxtəlif məkrli məqsədlərə yozulur, "xülyalarını” dünya ictimaiyyətinə çatdırmaqda vasitə kimi istifadə edilir.
Komitə sədri Toponimiya Komissiyası ilə müvafiq məsləhətləşmələr aparıldıqdan sonra, sakinlərin də istəyinə uyğun olaraq coğrafi ərazi baxımından güney ərazidə yerləşən kəndin Günəşli adlandırılmasının məqsədəuyğun hesab edildiyini diqqətə çatdırıb. Bildirilib ki, Günəşli sözü həm də xoşbəxt, sevinc dolu, fərəhli və işıqlı mənalarını özündə əks etdirir.
İclasın sonunda məsələnin Milli Məclisin plenar iclasında baxılması üçün tövsiyə edilməsi qərara alınıb.
Bəs Saqiyan kəndinin adı hardan gəlir? Bu adın ermənilərə hər hansı bağlılığı varmı?
Bu suallara cavab tapmaq üçün tarix elmləri üzrə fəlsəfə doktoru Fariz Xəliliyə müraciət etdik. Tarixçi Qaynarinfo-ya açıqlamasında bildirdi ki, "Saqiyan" sözü türkləşmiş ərəb sözüdür:
"Saqiyan" adı ərəb sözüdür. Nə fars, nə də erməni sözü deyil. "Saqi" və "an" hissəciklərindən ibarət olan "Saqiyan" sözü Azərbaycan dilinin ahəng qanununa tabe olaraq, iki sait arasında "y" samitini alıb".
Fariz Xəlili qeyd edib ki, "Saqi" sözü hələ beş min əvvəldən məlumdur:
"Saqi" sözünü ilk dəfə eramızdan əvvəl 4500-cü ildə formalaşan Şumer dövlətinin əhalisi işlədib. Şumer dilində "saqi-qal" - başında su daşıyan, "saq-qu" - su paylayan mənasında işlədilib”.
"Qədim şumerlərin dili türk dilləri kimi aqlünativ, ahəng qanununa tabe olan dillər qrupundandır. Söz eramızdan əvvəl 2340-2150-ci illərdə mövcud olan Akkad dövlətinin əhalisinin dilinə keçib" deyə tarixçi əlavə edib.
Fariz Xəlili qeyd edib ki, qədim sami xalqı olan akkadlar isə "saqum" sözünü "su paylayan" kimi işlədib:
"Ancaq ilk əlifbanın yaradıcıları olan sami xalqlarından aramilər "sakya" sözünü "şərab qədəhi təqdim edən" kimi səsləndiriblər. Şumerlərdən akkadlara, onlardan aramilərə, aramilərdən ərəblərə keçən "su, şərab paylayan" mənasında "saqi" sözü yaranıb. Qədim türk dilində "saqa" - "su paylayan" mənasında işlədilib”.
Onun sözlərinə görə, məcazi mənada "saqi" sözü mürşidi-kamil, piri-kamil kimi də istifadə edilib.
"İslam dünyasında Həzrəti Əli "cənnətdəki Kövsər suyunun saqisi" kimi tanınır. Ona görə də türk ədəbiyyatında "Saqinamə" məsnəviləri ənənələri yaranıb. Klassik Şərq ədəbiyyatında "saqinamə" bəzən poemaların əvvəlində verilir və əsərin proloqu mahiyyətini daşıyır. Nizami, Şeyx İraqi, Əmir Xosrov Dəhləvi, Xacə Kirmani, Xacə Hafiz Şirazi, Əbdürrəhman Cami, Məhəmməd Füzuli və başqa məşhur Şərq şairləri "saqinamə"lərin klassik nümunələrini qələmə almışlar. Nəsimi öz şeirlərində mürşidi Nəimi üçün ilahi eşqi paylayan "saqi" deyə müraciət edir. Əlişir Nəvainin "Saqinamə" məsnəvisi 458 beytdən ibarətdir. Məhəmməd Füzulinin "Saqinamə"si 327 beytdir. İlahi eşqdən yazan hər bir şair "saqi" sözünə müraciət edib. Sonuncu sufi ədəbiyyatının nümayəndələrindən biri Mir Həmzə Nigarinin də məsnəvilərindən biri "Saqinamə"dir. Ənənəvi Azərbaycan musiqisində, dəstgah muğamlarda "saqinamə" janrı vardır”.
Tarixçi alim bildirib ki, Şamaxı Azərbaycanın ürfan, ədəbiyyat, mənəviyyat mərkəzidir:
"Saqiyan kəndinin adı Şamaxının ürfan, ədəbiyyat və mənəviyyat mərkəzi olması ilə sıx bağlıdır. Çünki, belə ürfan mərkəzlərindən biri məhz Saqiyanda yerləşib. Ətrafındakı Mədrəsə, Kələxana, Şahxəndan, Xınıslı kimi sufi xanəgahlarının, ürfan mərkəzlərinin olması buna sübutdur. Saqiyan ərazisində gələcəkdə arxeoloji tədqiqatlar aparılsa, həmin mərkəzlər də üzə çıxacaq.
Həqiqi mənada "su, şərab", məcazi mənada "eşq" paylayan "saqi" adının işlədilməsi tarixi, ədəbi və mənəvi hadisədir. Bu ifadənin yer adı kimi "Saqiyurd" formasında saxlanılması tarixi, ədəbi və mənəvi həqiqətə hörmət olacaqdı".
İlahiyyatçı Elşad Miri isə bildirib ki, bu adın tarixi kökü var.
"Saqi” sözü ərəb dilində şərab verən, paylayan deməkdir. "Yan” şəkilçisinin isə ərəb dilinə heç bir dəxli yoxdur, onu ancaq fars dili ilə əlaqələndirmək olar".
İlahiyyatçı qeyd edib ki, əvvəlcə bu kəndin "Saqiyan” adlandırılmasının nə zaman, niyə baş verdiyini aydınlaşdırmaq lazımdır:
"Bundan sonra adın dəyişdirilməsi ilə bağlı təklif irəli sürmək olar. Yəqin ki, bunu da tarixçilər araşdırdıqları üçün gündəmə gətiriblər. Yaxud belə bir şey deyək ki, Azərbaycanın özündə "yan”la bitən söz sonluqlarını aradan qaldırmaq istəyirlər. Mən burda fərqli bir yanaşmanın olacağına inanmıram. Bu ad kəndə Sovet dövründə qoyulub. Kiminsə adına qoyulan bu ad ərəb-fars mənşəli olsa da, erməni adı olub. Ona görə də bu məsələ ilə tarixçilər məşğul olub, adın verilmə səbəblərini, vaxtını araşdırsalar daha maraqlı olar".