İlk vaxtlar sülhməramlı missiyanın fəaliyyəti tam qanunauyğun şəkildə həyata keçirilsə də, sonradan bu missiya rəhbərliyi tərəfindən rəsmi Bakı ilə razılaşdırılmamış addımlar atılması, birgə bəyanatda nəzərdə tutulmuş hüdudları aşan yeni xəritələrin təqdim edilməsi Azərbaycan ictimaiyyətində narazılıqla qarşılanır. Üstəlik, Azərbaycandan ixrac edilən meyvə-tərəvəzin heç bir ciddi əsas olmadan Rusiya bazarlarına girişinin qadağan edilməsi də Azərbaycan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsini artırır. Ehtimal olunur ki, bütün bu addımlar Kreml rəhbərliyinin razılığı olmadan baş verə bilməz. İddialara görə, Bakıda keçirilən Zəfər paradından qıcıqlanan rəsmi Moskva qəsdən həm Qarabağda, həm də iqtisadi əlaqələrdə gərginlik yaradır, bu yolla Azərbaycana təzyiq göstərməyə çalışır. Maraqlıdır, Qələbəmizin şərəfinə keçirdiyimiz Zəfər paradı Rusiya hakimiyyəti daxilindəki qüvvələri nə üçün qıcıqlandırır?
Hərbi ekspert Ramil Məmmədli Yenisabah.az-a açıqlamasında bildirib ki, proses belə davam edərsə, yəni Qarabağda narahatlıq yaranarsa, Azərbaycan artıq konkret bir addım atmaq məcburiyyətində qalacaq:
“Ermənilərin bu məsələdə göstərdikləri münasibət birbaşa azərbaycanın ərazi bütövlüyünün əleyhinədir. Ermənilər silahı tam yerə qoymayacağı və insident törətməkdə çətinlik çəkməyəcəyi çoxdan gözlənilən idi. Hesab edirəm ki, bəyanat Ermənistan üçün bir şansdır. Amma məlumdur ki, Azərbaycan Prezidenti məsələ ilə bağlı birmənalı olaraq öz fikrini bildirib. Azərbaycan üçün sülhməramlıların ərazidən uzaqlaşdırılması ilə bağlı qərar vermək çətin deyil, bunu heç kəs məhdudlaşdıra bilməz. Çünki bəyanat sadəcə olaraq Ermənistanın təslimçiliyi ilə bağlıdır. Ermənistanın öhdəliyidir. Digər bir öhdəlik isə Rusiya tərəfindən götürülüb. Rusiya ərazidən ermənilərin uzaqlaşdırılacağını bildirib.Yəni baş verən hadisələrdə Ermənistan məsuliyyət daşıdığı qədər Rusiya da daşıyır”.
Ekspert vurğulayıb ki, Rusiyanın daxilindəki narahatlığın səbəbi Azərbaycanda keçirilən parad deyil:
“Bu, təkcə zəfər paradı ilə, yaxud sülhməramlılarla əlaqəli deyil. Məsələ Ermənistandır. Çünki Kreml də Azərbaycan-Türkiyə arasında olan hərbi-texniki əməkdaşlığın hansı səviyyədə olduğunu bilir. Həmçinin ordunun inteqrasiyasına da bələddirlər. Bu, sadəcə bir ehtimaldır ki, parad narazılıq doğurub. Düzü, mən ümumiyyətlə, Zəfər paradının məsələdə hər hansısa rolunun olduğunu düşünmürəm. Hərbi-texniki biliyi olmayanlar düşünürlər ki, paradda ermənilərin Rusiyadan aldıqları texnikalar nümayiş etdirilib və bu, Rusiyada narazılıq doğurub. Lakin bilmək lazımdır ki, həmin paradda Azərbaycanın da Rusiya istehsalı olan hərbi texnikalar var idi. Bu baxmdan sözügedən ehtimal xüsusi əhəmiyyət daşımır. Sadəcə olaraq erməni tərəfi vəziyyəti gərginləşdirməkdə maraqlıdır, çünki onlara başqa çıxış yolu qalmayıb, bu yolla hansısa imtiyaz əldə etməyə çalışırlar”.