“Türkiyə təcili müdaxilə etməlidir” – Qarabağda son durum 

SİYASƏT
09:49 / 15.12.2020
1962

Rusiya sülhməramlılarının 10 noyabrda imzalanmış üçtərəfli razılaşmadan kənar fəaliyyəti Azərbaycan ictimaiyyətində ciddi narahatlıq doğurur. Dünən məlum olub ki, onların Qarabağda nəzarət etdiyi ərazilərin xəritəsində yenidən dəyişiklik olub və genişləndirilib. 

Rusiya Müdafiə Nazirliyinin dekabrın 13-də dərc etdiyi xəritəyə Xocavənd rayonunun iki kəndi - Çaylaqqala, Köhnə Tağlar və o kəndlərə aparan yollar daxil edilib. Bir gün əvvəl həmin ərazilərə Azərbaycan Ordusu nəzarət edirdi. Rəsmi məlumata görə, ətrafdakı meşəlikdə gizlənərək təxribatlar törədən terrorçu qruplar zərərsizləşdirilib, bu zaman Ordumuzun 3 hərbi qulluqçusu şəhid olub, 2 nəfər yaralanıb.

Bu hadisədən əvvəl də Rusiyanın Dağlıq Qarabağdakı fəaliyyəti ciddi suallar doğurmuşdu. Azərbaycanın hərbi cinayətkar kimi axtardığı separatçılarla birbaşa təmaslar, onların sosial və humanitar problemlərinin həlli, Dağlıq Qarabağdakı erməni silahlılarının çıxarılmaması və s. 10 noyabr Bəyanatı ilə ziddiyət təşkil edir.

Dekabrın 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm Zəfər Paradının Moskvanı məmnun etmədiyi aydın idi. Çünki Azərbaycan Rusiyanın strateji müttəfqini əzmişdi və bu parlaq zəfəri öz müttəfqi Türkiyə ilə bərabər bayram edirdi. Mərasimdə Ordumuzun qənimət götürdüyü, Rusiya Hərbi Sənaye Kompleksinin Ermənistana əvəzsiz verdiyi hərbi texnikanın nümayiş etdirilməsinin əlavə qıcıq yaratması şübhəsizdir.

Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı Azərbaycanın qarşısında ciddi vəzifələr dayanır. Nəyin bahasına olursa-olsun, bölgədə erməni separatizminin yenidən baş qaldırmasına imkan verilməməlidir.

Vəziyyəti "AzPolitika.info"-ya şərh edən ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, Rusiya və Ermənistan strateji müttəfiq və eyni gücdürlər. Onlar arasında imzalanmış müqavilələrə görə, müharibənin başlayacağı təqdirdə Ermənistan ordusuna rus generalları rəhbərlik etməlidirlər. Təkcə bu bənd hər şeyi çılpaqlığı ilə göstərir.

ADP sədrinin sözlərinə görə, 10 noyabrda imzalanmış üçtərəfli sənəd Rusiya prezidenti Vladimir Putin tərəfindən hazırlanmışdı: "Onun Azərbaycanda müzakirə olunmasına imkan verilmədi. Bu razılaşma və onun çərçivəsində Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gətirilməsi beynəlxalq hüquqa ziddir. Çünki Ermənistanın strateji müttəfiqi bu funksiyanı yerinə yetirə bilməz".

Azərbaycanın atacağı addımlara gəlincə, S.Cəlaloğlu bildirdi ki, Bakı ilk növbədə Rusiyaya nota verməlidir: "Əvvəla, Rusiya sülhməramlıları orada mandatdan kənar fəaliyyətlə məşğul olur, nəzərdə tutulmayan ərazilərə girib, yaxud Moskvada Azərbaycanın suverenliyinə zidd olan xəritələr çap edirlər. Bu fəaliyyət dərhal dayandırılmalıdır.

İkincisi, Dağlıq Qarabağdan erməni ordusunun qalıqları və bütün silahlılar çıxarılmalıdır. Ya Rusiya bunu etməlidir, ya da Azərbaycan Silahlı Qüvvələri əməliyyat keçirib terrorçu qrupları məhv etməlidir. Bölgə tamamilə silahsızlaşdırılmalıdır. Təəssüf ki, Rusiya Azərbaycanın Dağlıq Qarabağın bütün ərazilərində suverenliyinin bərpa olunması istiqamətində heç bir addım atmır, əksinə, onu pozur. Prezident Putin bir tərəfdən Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu deyir, digər tərəfdən suverenliyimizə qarşı hərəkətlərə rəvac verir. Ona görə də qısa müddətdə Rusiya Azərbaycanın tələblərini həyata keçirməzsə, Bakı sülhməramlıların bölgədən çıxarılmasını tələb etməlidir. Əks halda, 90-ci illərdə Volskinin (1989-cu il 12 yanvarda SSRİ Ali Soveti tərəfindən Dağlıq Qarabağ ərazisində yaradılmış Xüsusi İdarə Komitəsinin rəhbəri Arkadi Volski-red.) fəaliyyəti təkrarlanacaq və biz bundan çox böyük əziyyətlər çəkəcəyik".

Partiya sədri onu da qeyd etdi ki, Türkiyə də oturub Ağdamda Monitorinq Mərkəzinin binasının tikilməsini gözləməməlidir: "Təcili bölgəyə gəlib müvəqqəti bir yerdə məskunlaşıb sülhməramlıların razılaşmadan kənar fəaliyyətini nəzarətə götürməlidir".

Politoloq Elxan Şahinoğlu bildirib ki, noyabrın 10-da imzalanan üçtərəfli razılaşmada Rusiya sülhməramlılarının bölgəyə gəlişi məsələsi qoyulanda biz anlamalıydıq ki, qarşıda bizi çətin günlər gözləyir: "Bizim səhvimiz ondan ibarət oldu ki, Şuşa azad olunduqdan sonra Rusiya ilə yanaşı Türkiyə sülhməramlılarının da bölgəyə yerləşdirilməsi məsələsində dirənmədik. Dirənməliydik ki, Türkiyəszi bu işə biz imza atmayacağıq. Onların gəlişini təmin edək ki, ruslar boşuqlardan istifadə edib öz maraqlarını təmin etməsinlər".

Politoloq zaman baxımdan hələ də gec olmadığını düşünür: "Türkiyənin fəaliyyəti təkcə Ağdamda Monitorinq Mərkəzi ilə yekunlaşmamalıdır. Türkiyə ordusu Şuşada, Laçında, Kəlbəcərdə, Qarabağın içində olmalıdır ki, ruslar özbaşına hərəkət etməsinlər. Bilsinlər ki, qarşılarında real güc var. Bu olmayınca, ruslar bildiklərini edəcəklər. Xəritələr çap edəcəklər, separatçılarla daha da yaxın fəaliyyətdə olacaqlar və daha da irəli gedə bilərlər. Yada salaq ki, 80-ci illərin sonunda bölgədə erməni separatizmi baş qaldıranda onlar silahları sovet hərbi bazalarından əldə etmişdilər. Sanki yaxın tarix yenidən təkrar olunur, amma biz öz səhvlərimizdən nəticə çıxarmalıyıq".

E.Şahinoğlu hesab edir ki, biz bu məsələləri təcili Türkiyə ilə müzakirə etməliyik: "Yoxsa bu təxribatların sayı getdikcə artacaq. Bu fəaliyyətləri önləməyin yollarını düşünməli və hərəkətə keçməliyik".

0