“Proseslər çoxqütblü dünyaya doğru irəliləyir. Amma çoxqütblü dünyanın özü belə, bizə təhlükəsiz dünya vəd etmir. Amerika nə qədər supergüc olsa da, hər halda demokratik ölkədir. Amma Çin və Rusiya demokratik ölkələr deyil. Bu baxımdan, formalaşan çoxqütblü sistem dünya üçün böyük təhlükələr yarada bilər”.
Politoloq Elxan Şahinoğlunun müsahibəsini təqdim edirik.
- ABŞ Türkiyənin müdafiə sənayesinə sanksiya qərarı verdi. Sizcə, bu qərar hansı gəlişmələrə yol açacaq, Türkiyənin buna cavabı nə olacaq?
- Bu, yaxşı hadisə olmadı, çünki Tramp administrasiyası hakimiyyətdən getmək ərəfəsindədir. Yanvarın 20-da Co Baydenin andiçmə mərasimi olacaq, Ağ Evə yeni rəhbərlik gəlir və yeni komanda formalaşacaq. Türkiyənin ümidləri vardı ki, heç olmasa, ABŞ-ın yeni administrasiyası ilə münasibətləri normallaşdıra bilər. Halbuki Ərdoğan və Tramp arasındakı münasibətlər də pis deyildi. Amma Ağ Evdə bütün qərarları Tramp vermir. ABŞ qanunvericiliyində də prezidentin hər şeyi həll etmədiyi öz təsbitini tapır. Konqres, Mərkəzi Kəşfiyyat İdarəsi, Dövlət Departamenti, Pentaqon və digər qurumların da müəyyən qərarların verilməsində rolu böyükdür. Buna görə də, belə bir qərarın verilməsi Türkiyədə xoş qarşılanmadı.
Amma hesab edirəm ki, bu sanksiyalar Türkiyəyə çox da təsir etməyəcək. Uzun müddətdir, Türkiyə Amerikanın kreditlərindən, istehsal etdiyi hərbi texnikalar üçün Amerikanın detallarından istifadə etmir. Amma məsələ budur ki, Bayden gələcəkdə bu sanksiya qərarına riayət etməli olacaq. Bir müddət əvvəl Bayden də Ərdoğanın ünvanına tənqidi fikirlər səsləndirmişdi. Ümumiyyətlə, son illərdə ABŞ və Türkiyənin yolları ayrıldı, kəsişdi. Amerika Türkiyənin düşmənlərinə - PKK və YPG-yə dəstək, Türkiyənin baş düşmənlərindən biri Fəthullah Gülənə sığınacaq verdi. Əlbəttə, bütün bunlar Türkiyədə xoş qarşılanmır. Buna görə də düşünmürəm ki, Baydendən sonra da münasibətlər normallaşacaq.
Türkiyə bu münasibətlərin daha da gərginləşməsini istəmir. Digər yandan, Amerikada Türkiyənin Rusiya ilə əməkdaşlığından narahatdırlar. Bunun qarşısını almaq yerinə, Türkiyəyə qarşı təzyiqləri artırırlar.
- Co Bayden rəsmən ABŞ-ın 46-cı prezidenti kimi təsdiqləndi. Baydenin xarici siyasətdə əsas prioritetləri nə olacaq?
- Yəqin ki, ilk növbədə, Avropa ilə münasibətləri gücləndirməyə çalışacaq. Çünki Tramp Avropa ilə münasibətləri də soyudub. Çinlə münasibətlərdə müəyyən qədər normallaşma ola bilər. Tramp Çinə də çox sərt sanksiyalar tətbiq edirdi. Bu istiqamətdə müəyyən addımlar atılacaq. Amma ümumilikdə Amerikanın xarici siyasətində böyük yeniliyin olacağını düşünmürəm. Əsas istiqamətlər Avropa və Çinlə münasibətlər olacaq.
Rusiya ilə əlaqələr yenə də gərgin olaraq qalacaq. Çünki Bayden Rusiyanı Trampdan daha çox tənqid edirdi. Ukrayna məsələsində də Rusiyaya sərt mövqe sərgiləyirdi. Bu baxımdan, Rusiya istiqamətində ciddi dəyişikliyin olacağını gözləmirəm.
- Bayden ABŞ-ın yenidən meydana qayıdacağı mesajını verir. Sizcə, ABŞ-ın dünyanın digər güclərinə artan təzyiqlərinə qarşı müqavimətdə hansı formatlar özünü göstərə bilər?
- “Soyuq müharibə” bitəndən sonra ABŞ yeganə güc kimi ortaya çıxdı. Bu, 10-15 il davam etdi. Amma məlum oldu ki, bir superdövlətin hakim olması, dünyada problemlərin sayını azaltmır, əksinə müəyyən qədər artırır. Buna görə də, bir çox dövlət Amerikanın siyasətindən narazı qalaraq çoxqütblü formatın yaranmasına çalışdı. Bura Çin, Rusiya, bəzi Cənubi Amerika ölkələri daxil idi. Onlar çalışırdılar ki, çoxqütblü dünya formalaşsın, bunun üçün müxtəlif təşkilatlar yaratdılar. Məsələn, BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı və s. Bu formatlarla superdövlətin təsir imkanlarını azaltmağa çalışdılar. Amma məsələ budur ki, ABŞ-ın böyük iqtisadi gücü, dünyanın ayrı-ayrı ölkələrində yüzlərlə hərbi bazası var. Heç bir dövlətin bu qədər hərbi bazası yoxdur. Amerikanın təsir imkanları hələ də qalır. Amma o da var ki, Amerika bütün məsələlərə vaxtında təsir edə, həll edə bilmir. Bu da dünyanın indiki gedişatının göstəricisidir.
Proseslər çoxqütblü dünyaya doğru irəliləyir. Amma çoxqütblü dünyanın özü belə, bizə təhlükəsiz dünya vəd etmir. Amerika nə qədər supergüc olsa da, hər halda demokratik ölkədir. Amma Çin və Rusiya demokratik ölkələr deyil. Bu baxımdan, formalaşan çoxqütblü sistem dünya üçün böyük təhlükələr yarada bilər.
- Qeyd etdiyiniz kimi, dünya yeni risklər qarşısında qalır. İstər Yaxın Şərq, istər Şimali Afrika, Cənubi Qafqaz, Aralıq dənizi, Şərqi Avropa, istərsə də digər bölgələrdəki proseslər kifayət qədər gərgindir. Bütün bu gəlişmələr nəhənglər arasında açıq qarşıdurma riskini artırırmı?
- Ümumiyyətlə, dünyanın müxtəlif nöqtlərində qarşıdurma potensialı getdikcə artır. Hər istiqamətdə qarşıdurma – müharibə ehtimalı güclənir. Bura Yaxın Şərq, bizim bölgə də daxildir. Bu proseslər həll olunmaq əvəzinə, getdikcə gərginləşir. Məsələn, Donald Tramp problemləri həll etmək əvəzinə, onları daha da dərinləşdirdi. Tramp dövründə Çinlə sanksiya müharibələri getdi, münasibətlər daha da gərginləşdi. Halbuki Çin-ABŞ münasibətlər uzun illərdir, normal idi. Amma Tramp Çinə qarşi ticarət və iqtisadi sanksiyalar tətbiq etdi. Bu dövrdə Rusiya ilə münasibətlər gərginləşdi.
Təəssüf ki, dünyada problemlər həll olunmur. Bu problemlərin sayı getdikcə artır. Problemlər artıqca da, istənilən bölgədə toqquşma ehtimalı da güclənir.
- Dünya miqyasında baş verən proseslər xüsusən də Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı son gəlişmələrin fonunda Cənubi Qafqaza necə təsir göstərə bilər?
- Əlbəttə, Amerikanın prezidentinin kimliyi bizi də maraqlandırır. Açıq demək lazımdır ki, Donald Trampın Azərbaycanla münasibəti çox isti idi. Azərbaycan Prezidentinə çox sayda məktub yazmışdı, Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlı idi. Demokratlar isə adətən, ermənipərəst mövqedən çıxış edirlər. Baydenin özü konqresmen olarkən Azərbaycana qarşı tətbiq olunan “907-ci Düzəliş”in həmmüəlliflərindən biri idi. Erməni lobbisi ilə sıx əlaqələri var. Amma Bayden yox, hakimiyyətdə kim olur-olsun, Amerikanın milli maraqlarından çıxış edir. Azərbaycanla Cənubi Qafqazda əməkdaşlığın inkişafı isə Amerikanın milli maraqlarına uyğundur. Bayden də buna riayət etmək məcburiyyətində qalacaq. Bu baxımdan, Baydenin hakimiyyətdə olmasının Azərbaycan üçün müəyyən təhdidlərin yaradacağını düşünmürəm.
Digər yandan, Cənubi Qafqaz Amerikanı çox da maraqlandırmır. Əslində bu da bizim maraqlarımıza xidmət edir. Bizə o lazımdır ki, daxili işlərimizə qarışmasınlar. Müharibə müddətində də gördük ki, Amerikanın bura o qədər də təsir imkanları yoxdur. Tramp nə qədər ermənilərin lehinə açıqlamalar versə də, onun heç bir təsiri olmadı. Bu mənada, biz özümüzü bir qədər rahat hiss edə bilərik. Yəni Amerikadakı prezidentliyin kimliyi bizə təhlükə yaratmır.
- Türkiyə və Azərbaycan arasında Qarabağdan keçməklə, Ermənistan üzərindən Naxçıvana yeni qaz xətti çəkiləcək. İki ölkənin bu addımı bölgənin təhlükəsizliyi baxımından hansı rolu oynayacaq?
- Son zamanlarda Ermənistandan müəyyən çağırışlar edilir. Bəzi dairələr də bildirirlər ki, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq bizim üçün faydalı ola bilər. Paşinyanın dilindən də müəyyən müsbət mesajlar verilib. Amma bunun reallaşması, Ermənistanın regional layihələrdə iştirak etməsi, İrəvanın Ankara və Bakı ilə diplomatik münasibətlərinin qurulması üçün bir şərtimiz var: Azərbaycana ərazi iddialarından vaz keçməli, Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdırlar. Habelə Türkiyəyə ərazi iddialarından imtina etməlidirlər. Bunlar sadə şərtlərdir, yəni öz qonşunun ərazi bütövlüyünü tanıyırsan. Bu şərtlər yerinə yetirilərsə, Ermənistanla əməkdaşlıq imkanları müzakirə oluna, onun ərazilərindən qaz xətləri çəkilə bilər. Amma müəyyən çağırışlar olsa da, hələlik Ermənistandan bu yöndə müsbət addımların atıldığını görmürük. Hələ də erməni cəmiyyətində, Ermənistanın siyasi çevrələrində Azərbaycana qarşı revanş hissi var. Bu hiss olduqca da, əməkdaşlıq mümkün olmayacaq.
- Sizcə, deyildiyi kimi, Cənubi Qafqazda bir Rusiya-Türkiyə rəqabəti varmı və burada əli güclənən tərəf kimdir?
- Əslində ABŞ-ın Ankaraya qarşı sanksiyalarının sərtləşməsi, Türkiyə-Rusiya yaxınlaşmasını gücləndirir. İndi ABŞ və Avropanın Rusiyaya qarşı haqlı sanksiyaları var. Amma belə sanksiyalar Rusiya və Türkiyəni bir-birinə daha da yaxınlaşdırır.
Hesab etmirəm ki, Rusiya və Türkiyənin Cənubi Qafqazdakı maraqları çox da kəsişir. Putinə sual veriləndə də bildirdi ki, ola bilsin keçmişdə Türkiyə ilə çox müharibələr etmişik, amma indi Türkiyə ilə əməldaşlıq edirik, Ərdoğan həmişə verdiyi vədləri yerinə yetirir. O da hiss olunur ki, Putinin Ərdoğana simpatiyası var. Əslində bu əməkdaşlıq Azərbaycanın da maraqlarına xidmət edir. İki ölkə arasındakı münasibətlərin gərginliyi maraqlarımıza ziddir. Məsələn, 2015-ci ildə Rusiya təyyarəsi Türkiyə tərəfindən vurulanda, bunun Azərbaycana da mənfi təsirləri olmuşdu. Amma iki dövlət arasında əməkdaşlıq olanda, bunun bizə müsbət təsirləri olur. Hər iki ölkənin də bölgədə özəl maraqları var, bu maraqların da kəsişməsini istəmirik. Rusiya və Türkiyə arasında əməkdaşlıq olmalıdır ki, Azərbaycan da bundan faydalana bilsin. /Teleqraf