“Rusiyanın ermənilərə dəstəyi olmasaydı...” – Fransız jurnalist 

SİYASƏT
10:29 / 16.12.2020
1955

“Causeur.fr” media qurumunun rəhbəri, Fransız jurnalist Gil Mixaelinin Yenisabah.az-a müsahibə verib. Müsahibəni təqdim edirik:

- İlk əvvəl bilmək istərdim ki, Azərbaycanlılarla bağlı sizdə hansısa təsəvvür varmı? Bizim coğrafiya haqqında məlumatlısınızmı?

- Bəli, məlumatlı olduğumu düşünürəm. Azərbaycana 4 dəfə səfər etmişəm. Azərbaycan dilində oxuyub-danışa bilməsəm də, tarixi və coğrafiyası haqqında kifayət qədər məlumata malikəm. Amma hələ öyrənməli olduğum çox şey var və yetişmək üçün əlimdən gələni edirəm.

 
- Azərbaycanda belə bir yanaşma var ki, Fransanın siyasi elitası ermənipərəstdir, bununla razısınızmı?

- Bəli, doğrudur. Fransız mediası, ictimai rəyi və fərqli elitalar ermənilərə qarşı instinktiv bir rəğbət bəsləyirlər. Bunun səbəbi ermənilərin fransızların Cənubi Qafqazda tanıdıqları yeganə insan olmalarıdır və təbii onların xristian olmaları da burada mühüm rol oynayır.

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlısınızmı? Sizə elə gəlmir ki, Fransa burada qərəzli mövqe nümayiş etdirir?

- XIX əsrin sonu, XX əsrin əvvəllərində çoxlu sayda erməni Fransada sığınacaq tapdı. Təbii olaraq bir əsr sonra onların nəslindən gələnlər fərdi olaraq iqtisadi, siyasi, mədəni sahədə olduğu kimi mediada da önəmli rol oynayan mütəşəkkil bir toplum formalaşdırdılar. Bununla yanaşı, az sayda seçki dairəsində cəmləşmələri onlara siyasi təsir imkanı verir. Amma bu sadəcə güc və lobbiçiliklə bağlı deyil. Birinci Dünya Müharibəsinin erməni tragediyası burada yaxşı bilinir və bir çox fransız Osmanlı ermənilərinin əzablarına rəğbət bəsləyir. Problem ondadır ki, fransızlar Qafqaz, xüsusilə də Azərbaycan haqqında çox az şey bilirlər. Məsələn, Azərbaycanlıları görmədən əvvəl məni oxumağa, öyrənməyə və ölkənizə səfər etməyə təşviq edən çox az şey bilirdim. Bunu niyə etdim bilmirəm. Axı çox az sayda fransız bunu edir.

Təəssüf ki, bu, kütləvi cəhalət hadisəsidir. Birinci Dünya Müharibəsi dövründə Türkiyədəki hadisələr Qafqazda 1918-ci ildən bəri olanlarla, ən pisi də Sovet İttifaqının çöküşünün  yaxın tarixi ilə qarışdırılır. Bir çoxlarının 1988-ci ilin dekabrında Ermənistanda baş verən zəlzələni eşidib sağ qalanlara kömək etmək üçün böyük həcmli kampaniyaya qoşulmasına baxmayaraq, demək olar ki, heç kim Sovet Ermənistanının 300 min Azərbaycan vətəndaşını evlərindən didərgin saldığını bilmir. Fransız ictimai rəyinin cahilliyini təsvir etməyə davam edə bilərik. Fransa Minsk qrupunun həmsədr dövləti ola bilər, lakin əksər vətəndaşlar üçün bütün region ayın qaranlıq tərəfi qədər uzaq  və qəribədir. Buraya Türkiyə ilə yaşanan gərginliyi və Ankara ilə Bakı arasındakı yaxın münasibətin səhv anlaşılmasını (Buradakı insanların çoxu Azərbaycanın bir Türk imperialist layihəsinin parçası olduğunu düşünür)  da əlavə etsəniz, buradakı insanların necə olduqlarını rahatlıqla başa düşə bilərsiz.

Unutmayın ki, Rusiya iki əsrdir bölgədə aparıcı rol oynayır və onun ermənilərə dəstəyi olmasaydı, son 30 ilin tarixi çox fərqli ola bilərdi. Yenə də azərbaycanlılar Moskvanın Cənubi Qafqazdakı maraqlarını və mövqeyini başa düşəcək qədər ağıllı və uzaqgörəndirlər və bildiyim qədərilə Ruslara qarşı xüsusi düşmənçiliyi yoxdur.

Azərbaycanlılarla bağlı heyran qaldığım şeylərdən biri də odur ki, siz Poker yox, şahmat oyunçusu zeyniyyətinə sahibsiniz. Nəhənglərin əhatəsində olan təhlükəli bir ərazidə yaşayırsınız, amma sağ qalırsınız, günbəgün çiçəklənirsiniz, inkişaf edirsiniz, çünki gələcəyi planlaşdırırsınız, uzaqgörənsiniz, ittifaqlar qurursunuz, dostluq əlaqələrinizi möhkəmlədirsiniz. Bu, sizin gücünüzün sirlərindən biridir. Rusiya kimi Fransa da regionda özünəməxsus tarixə və maraqlara sahibdir, lakin bu, Azərbaycanla münasibətləri inkişaf etdirməyəcəyi mənasına gəlmir. Biz neqativ hislərdən daha çox, cəhalətlə mübarizə aparırıq. Azərbaycan xalqına və ya Azərbaycan dövlətinə qarşı heç bir düşmənçilik yoxdur. Həmçinin işlər yavaş-yavaş yaxşılaşır. Fransız mediasını izləyənlər bilir ki, Fransa İkinci Qarabağ Müharibəsi dövründə daha az tərəfli mövqe tutdu. Diplomatların, işgüzar dairələrin, sadə fransız və azərbaycan vətəndaşlarının onilliklər boyu göstərdikləri səylər itmədi.

- Azərbaycanın qələbəsi ilə bağlı şəxsi fikirlərinizi bölüşə bilərsiz?

- 4 günlük müharibədən sonra 2017-ci ildə Cəbrayıla səfər etmək şansını əldə etdim. Buna görə də ərazinin Azərbaycan quru qoşunlarına yaratdığı çətinliyi ölçə bilirəm. Həmçinin PUA-nın inteqrasiyasına da diqqət yetirdim və havada gördüklərimizin stratejik bir buz dağının görünən üzü olduğunu təsəvvür edə bilirəm. Bu cür inkişaf etmiş texnikalardan tam olaraq faydalanmaq üçün doktrinaları, təlimləri və təşkilatı tam dəyişmək lazımdır. Bu, mədəni inqilabdır. Və nəticə bunun olduqca yaxşı həyata keçirildiyini göstərir. Bu nailiyyət təkcə 43 günlük döyüşü deyil, həm də zəfərə gedən uzun və çətin yolu xatırlayanda təsirli olur. 1994-cü il məğlubiyyətindən sonra kollektiv olaraq gördüyünüz işlər inanılmazdır. 

26 il ərzində 1 milyon qaçqın və məcburi köçkünün qayğısına qalmaq, iqtisadiyyatı və dövləti ayağa qaldırmaq, milli sərvəti paylamaq və nəhayət, silahlı qüvvələri yenidən qurmaq fövqəladə bir şeydir. Qələbə quruda və havada forma geyinən kişilər tərəfindən əldə edildi, ancaq  onlar da ilk 15 ili çox çətin olan bir rüb ərzində bütöv xalq tərəfindən yetişdirildi. 1993-94-cü illərin ağrılı günlərindən sonra xalq olaraq əldə etdiyiniz nailiyyətlərlə qürur duymalısınız.

- Bir az da Fransanın daxilindəki proseslərdən söhbət açmaq istərdim. Bilmək istəyirəm, Fransada insan hüquqlarının vəziyyəti sizi qane edirmi? Aksiyaların polis zoru ilə yatırılması barədə nə deyə bilərsiz? 

- Sualınızın arxcasındakı acılığı başa düşə bilirəm. Amma bu mövzudakı şəxsi düşüncəmin çox da maraqlı olacağını düşünmürəm. Burada bəziləri polisi dəstəkləyərkən bir çoxu da polisi, hətta ölkə başçısını tənqid edir. Fransada Qarabağla bağlı əsas problem cəhalət olduğu üçün hamımızın diqqət göstərməli olduğumuz məsələ budur. Gördüklərimi və anladıqlarımı digərləri də görə və anlaya bilir. Qələbədən sonra belə Cənubi Qafqazda sülhə, sabitliyə və firəvanlığa gedən yol uzun və qarışıqdır. Oraya getmək istəyiriksə, hamımızın köməyə və təmiz niyyətə ehtiyacı var. İnanın mənə, Fransada təmiz niyyət var.

0