Ermənilər “köçkün” adı ilə bir ucdan Xankəndinə aparılır. Rusiya tərəfinin məlumatına görə, sayları artıq 40 mini keçib, proses davam edir. Bəs Bakı bu prosesə nəzarət edirmi? Bəlkə Xankəndinə 100 min erməni yerləşdiriləcək bizdən xəbərsiz? Burada qırmızı xətt və filtrlər nə olmalı?
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev “Yeni Müsavat”a bildirib ki, şübhəsiz Bakı bu prosesi diqqətlə izləyir: “Lakin birbaşa nəzarətin olması barədə qəti fikir bildirmək çətindir. Şəxsən mən də bu prosesi izləyirəm və qeyzlənirəm. Çox narahatam ki, Rusiya sülhməramlıları öz səlahiyyətlərinə aid olmayan işlə məşğuldurlar. Rusiya sülhməramlıları faktiki olaraq Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının vəzifəsini üzərinə götürərək, ermənilərin Xankəndinə qaytarılması ilə məşğuldur. Onlar bunu birtərəfli edir. Yəni birmənalı olaraq erməni əsilli şəxsləri Xankəndinə və Qarabağın sülhməramlıların nəzarətində olan digər ərazilərinə köçürürlər. Sülhməramlıların qaçqınları köçürmək kimi səlahiyyəti olmadığı halda onlar bunu edirlər.
Mən bunu qətiyyətlə qınayıram və doğru saymıram. Azərbaycan tərəfinin sülhməramlılar tərəfindən Laçın dəhlizi ilə Xankəndinə və Qarabağın digər yerlərinə qaytarılan qaçqın kütləsinə birbaşa nəzarət etdiyi düşüncəsində deyiləm. Çünki hazırda dəhlizə Rusiya sülhməramlıları nəzarət edir. Məsələ burasındadır ki, sülhməramlının vəzifəsi gedib Ermənistanın müxtəlif şəhər və kəndlərindən ”qaçqın-köçkün" yığıb gətirib Qarabağda yerləşdirmək, onlara ev tikmək, sement qarışdırmaq, kərpic vermək deyil. Onların missiyası Azərbaycanın suveren ərazisində ermənilərlə azərbaycanlılar arasında baş verən dava-dalaşın, münaqişənin, müxtəlif qarşıdurma hallarının aradan qaldırılması, önlənməsidir".
Deputat qeyd etdi ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı nədənsə bu məsələdə tələsmir: “Birmənalı olaraq BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı qaçqın-köçkün məsələsi ilə məşğul olmalıdır. Bu məsələnin tezləşdirilməsi üçün Azərbaycan müəyyən addımlar atır, onları tələsdirir. Amma nədənsə BMT özü hansısa araşdırmalar aparır və gəlməkdə tələsmir”.
R.Nurullayev vurğuladı ki, Azərbaycan Laçın dəhlizinə Rusiya sülhməramlıları ilə bərabər nəzarət etməlidir. Bu da 10 noyabrda imzalanan üçtərəfli bəyanatda öz əksini tapıb: “Azərbaycanın müvafiq silahlı qüvvələrinin nümayəndələri ruslarla bərabər Laçın dəhlizində pasport yoxlaması həyata keçirməlidir, eyni zamanda Azərbaycanın miqrasiya xidməti orada olmalıdır. Biz artıq əmin deyilik ki, Ermənistandan Qarabağa dinc erməni qaçqınlar gətirilir. Bəlkə qaçqın adı altında oraya Ermənistandan terrorçular yerləşdirilir? Rusiya bununla bağlı bizə zəmanət verirmi? Azərbaycanın suveren ərazisində kimin yerləşdirilməsi ilə bağlı qərarı Azərbaycan verməlidir. O baxımdan da bütün bu sadaladğımız məsələlər təcili şəkildə Azərbaycan tərəfindən müzakirəyə çıxarılmalıdır Amma Rusiya buna nə qədər hazırdır, deyə bilmərik. İstənilən halda, bu, bizim qırmızı xəttimiz olmalıdır və bunu da bu şəkildə Rusiyanın nəzərinə çatdırmalıyıq”.