Rusiya Prezidenti Vladimir Putinin erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılması ilə bağlı suala verdiyi cavab geniş müzakirələrə və narahatlıqlara səbəb olub.
Belə ki, Putin 10 noyabr tarixli üçtərəfli bəyanatın 1-ci maddəsinə istinad edərək tərəflərin atəşkəs imzalandığı vaxtda olduqları mövqelərində qalacağını bildirdi. Nədənsə, Rusiya prezidenti həmin bəyanatın 4-cü maddəsinə, yəni "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir" formasında qeyd olunan maddəyə istinad etmədi.
Çünki indiyə kimi politoloqlar başda olmaqla geniş ictimaiyyət hesab edirdi ki, Rusiya sülhməramlıları əraziyə yerləşdikdən sonra erməni silahlı qüvvələri oradan çıxarılacaq. Azərbaycan hakimiyyəti rəsmi səviyyədə bu barədə hər hansı izahatla çıxış etməsə də, erməni silahlılarının Qarabağda qalacağına dair də heç nə deyilməmişdi.
İndi Putinin sözlərindən belə məlum olur ki, erməni silahlı dəstələri – əslində işğal qüvvələri Rusiya sülhməramlılarının cavabdeh olduqları zonada qalacaqlar. Çünki Rusiya prezidenti 4-cü maddəyə deyil, 1-ci maddəyə istinad etdi. Orada yazılıb:
"10 noyabr 2020-ci il tarixində, Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar”.
Yəni atəşkəs qüvvəyə mindiyi anda kim harada dayanmışdısa, orada da dayanmağa davam edəcək...
Yaranmış qeyri-müəyyənliyin səbəbini ekspertlərlə dəyərləndirdik.
Politoloq Zərdüşt Əlizadə Qaynarinfo-ya açıqlamasında bildirdi ki, Putin bu suala çekist kimi cavab verib və mövcud stuasiyada oynamaq istəyir:
"Özünün razılığı olmasa, heç bir müstəqil dövlətin ərazisində digər ölkənin qoşunları ola bilməz. Azərbaycan Rus qoşunlarının Qarabağda yerləşməsinə razılıq verib, deməli, bu qoşunlar qanuni olaraq qalırlar. Azərbaycan bəyanatda tələb edib ki, erməni qoşunları Qarabağdan çıxsın və 3 dövlətin rəhbəri bunu imzalayıb. Deməli, erməni qoşunları sözsüz və imkan daxilində sürətlə Azərbaycan ərazisini tərk etməlidir. Əks halda ciddi müşküllər yaranacaq. Həm bu öhdəliyi yerinə yetirməyə Ermənistanı məcbur edə bilməyən rus sülhməramlıları üçün, həm Ermənistan və həm də Azərbaycan rəhbərliyi üçün. Azərbaycan rəhbərliyi xalqa söz verib ki, Qarabağı azad edib, erməni qoşunları gedir. Erməni qoşunlarını qırmadıq, insanlıq göstərib, onların getməsinə şərait yaratdiq və s. Dinc əhalinin təhlükəsizliyinə isə rus sülhməramlıları təminat verəcək. Amma erməni silahlı birləşmələri orda nə qələt edirlər? Bəlkə acaq sərhədlərimizi, Afrikadan da qoşunlar gəlib yerləşsinlər, Amerikadan da gəlib yerləşsinlər. Belə ölkə olmaz axı...
Putin çekistdir, belə adamlar heç vaxt həqiqəti demir, oynamaq istəyirlər. Bəyanatdan dərhal sonra açıqlama verib, belə oyunların olacağını proqnoz etmişdim. Ona görə dedim ki, Azərbaycan Türkiyə ilə hərbi müttəfiqlik müqaviləsi imzalamalıdır. Rus sülhməramlıların sayı qədər Türk sülhməramlılarını da gətirib ətraf rayonlarda - Ağdam, Füzuli, Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilanda yerləşdirmək lazımdır. Ruslar görməlidir ki, onların qarşılarında təkcə Azərbaycan ordusu deyil, NATO ölkəsinin də qoşunları dayanıb. Onda qazlarını bir az yığarlar.
Eyni zamanda Azərbaycan üçtərəfli bəyanatda deyildiyi kimi, əhalini Qarabağda yerləşdirməyə başlamalıdır. İndi sevinə-sevinə ruslar yazır ki, 40-45 min erməni qayıdıb Qarabağa, Azərbaycan zəhmət çəksin, 70 min azərbaycanlının Dağlıq Qarabağa qayıtması məsələsini qoysun və rus sülhməramlıları ilə danışsın. Ev yoxdursa, ev tikərik. 12 min Xankəndinə, təxminən 30-40 min də Dağlıq Qarabağın başqa yerlərinə getməlidirlər. Üstəlik, ətraf rayonlarda da azərbaycanlıların məskunlaşması işlərini sürətləndirilməliyik. Ermənilər görməlidir ki, onlar türklərin arasındadırlar. Ya öz davranışlarını dəyişsinlər, quzu balası kimi yaşadıqları dövlətin qanunlarına və xalqına hörmət göstərsinlər, ya da başqa bir qərar versinlər..."
Hərbi ekspert Ramil Məmmədliyə görə, 10 noyabrda imzalanan üçtərəfli bəyanatın hüquqi statusu Ermənistanın, yəni ordusunun təslim olmasını şərtləndirir:
"Rusiya bu prosesdə vasitəçidir, yəni Rusiya Ermənistanın təslim olması prosesini öz üzərinə öhdəlik götürən ölkədir. Konkret, Ermənistanın Qarabağda atacağı yanlış addımlara görə məsuliyyəti həm də Rusiya daşıyır. Rusiyanın imzaladığı sənəd bunu deməyə əsas verir. İkinci tərəfdən Rusiya Prezidenti yaxşı bilir ki, bəyanatda Ermənistan yox, erməni silahlı birləşmələrinin ərazidən çıxarılmasından söhbət gedir. Yəni əli silahlı olan bütün erməni silahlıları ərazini tərk etməlidir. Bu və ya digər səbəbdən erməni silahlı birləşməsi orada ola bilməz. Putinin sözləri natamamlıq yaradır. Bu münaqişənin yenidən alovlanmasına gətirib çıxardır. Əgər belə bir addım atılacaqsa, azərbaycanlıların Xocalı, Əsgəran, Xankəndi və s. ərazilərdə yaşaması mümkün olmayacaq. Belə olacaqsa, azərbaycanlıların təhlükəsizliyi üçün Azərbaycan ordusunun birləşmələrinin həmin ərazidə olması zərurətə çevrilir. Yəni belə deyək, Əsgəran şəhərində erməni silahlı birləşməsi olacaqsa, Xocalı şəhərində Azərbaycan hərbi birləşməsi olmalıdır. Bu, düzgün olmur axı. Bu, münaqişənin həlli demək deyil. Putinin fikrindən belə bir şey keçirsə, bu, yenidən münaqişənin alovlanmasına təkan verməkdir. Rusiya rəsmiləri anlamalıdırlar ki, Ermənistanın etdiyi hər hansı bir qanunsuz hərəkətlərinə görə, təkcə Ermənistan yox, Rusiya da məsuliyyət daşıyır..."