Putinin yeni Qarabağ mesajları NƏ VƏD EDİR?

SİYASƏT
11:26 / 19.12.2020
3500

Vladimir Putin bu gün keçirdiyi ənənəvi illik mətbuat konfransında Qarabağdan da danışdı. Rusiya prezidentinə hazırda bölgədə yaranmış vəziyyət, status məsələsi və 10 noyabr Bəyanatının qeyri-müəyyən məqamları ilə bağlı sual ünvanlandı. Bir daha məlum oldu ki, Rusiyanın mövqeyi ilə Azərbaycanın mövqeyi arasında üst-üstə düşməyən, hətta diametral şəkildə zidd məqamlar var.

Üçtərəfli sənədin imzalanmasından bəri Azərbaycan ictimaiyyətində əsas sual bu idi ki, erməni silahlı qüvvələri nə zaman ölkə ərazisindən çıxarılacaq?

Çünki Bəyanatın 4-cü maddəsində belə bir cümlə var: "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”.

Azərbaycanda mütləq əksəriyyət bu maddəni belə anlamışdı ki, Rusiya sülhməramlıları əraziyə yerləşdikdən sonra erməni silahlı qüvvələri oradan çıxarılacaq. Hakimiyyət rəsmi səviyyədə bu barədə hər hansı izahatla çıxış etməsə də, erməni silahlılarının Qarabağda qalacağına dair də heç nə deyilməmişdi.

İndi Putinin sözlərindən belə məlum olur ki, erməni silahlı dəstələri – əslində işğal qüvvələri Rusiya sülhməramlılarının cavabdeh olduqları zonada qalacaqlar.

Çünki Rusiya prezidenti 4-cü maddəyə deyil, 1-ci maddəyə istinad etdi. Orada yazılıb: "10 noyabr 2020-ci il tarixində, Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar”.

Yəni atəşkəs qüvvəyə mindiyi anda kim harada dayanmışdısa, orada da dayanmağa davam edəcək, özü də qeyri-müəyyən müddətə…

Sual yaranır: əgər erməni silahlı qüvvələri Azərbaycan ərazilərinin bir hissəsində qalırsa və nə zaman oradan çıxarılacaqları məlum deyilsə, onda Dağlıq Qarabağ münaqişəsinin artıq öz həllini tapmasından, tarixə qovuşmasından necə danışmaq olar? Bu barədə birmənalı pozitiv açıqlamalar verənlər, yumşaq desək, bir qədər tələsib.

Putin onu da bildirdi ki, Dağlıq Qarabağın statusu dəyişməz qalmalı və bu məsələ gələcəyə buraxılmalıdır. Yəni müharibədən sonra formalaşmış hazırkı status-kvo dəyişməməlidir.

Noyabrın 10-da imzalanmış üçtərəfli sənəddə statusla bağlı hər hansı müddəa yoxdur.

Azərbaycan prezidenti bu faktı belə şərh etmişdi ki, artıq status cəhənnəmə getdi, yəni bu məsələ bir daha gündəmə gəlməyəcək və müzakirə-mübahisə mövzusu olmayacaq. Lakin Putinin sözlərindən onu anlayırıq ki, Rusiya status mövzusunu qapanmış saymır, sadəcə, indiki mərhələdə gündəmə gətirməyə lüzum görmür, təxirə salır. Niyə?

Çünki status məsələsinin bu və ya digər şəkildə həlli – yəni ermənilərə hər hansı status verilməyəcəyi, yaxud tam əksinə, onlara hansısa statusun veriləcəyi qəti şəkildə dəqiqləşsə, problem həllini tapmış olacaq. Rusiya isə problemin qəti həllində (nə Azərbaycanın, nə də Ermənistanın xeyrinə) maraqlı deyil və bu məsələni tərəflər üzərində basqı aləti kimi əlində saxlamaq istəyir. Məsələ həll olunsa və münaqişə gerçək anlamda tarixə qovuşsa, o zaman bölgədə Rusiyaya, onun sülhməramlı (?) roluna ehtiyac qalmayacaq.

Bu kontekstdə müsbət məqam kimi onu qeyd edə bilərik ki, Putinin beynəlxalq hüquq baxımından Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha vurğulaması önəmlidir. (Bunu daha əvvəl də söyləmişdi.) Lakin bu, bütün risklərin aradan qalxdığı anlamına da gəlmir.

Rusiya vaxtilə Abxaziya və Cənubi Osetiyanı Gürcüstan, Krımı Ukrayna ərazisi kimi tanıyırdı, sonrası məlumdur. Buradan o nəticə hasil olur ki, Azərbaycan Rusiya ilə münasibətləri mümkün qədər rəvan səviyyədə saxlamağa çalışmalıdır, bu istiqamətdə həssaslığını birə-beş artırmalıdır, əks təqdirdə, xoşagəlməz sürprizlər yaşana bilər.

Azərbaycan hakimiyyəti – şəxsən prezident İlham Əliyev Rusiyanı çox yaxşı tanıyır, o, müharibədən əvvəl də öz siyasətində Rusiya amilini hər zaman nəzərə alıb, bu ölkəni təhrik edəcək, Azərbaycana qarşı aqressivləşdirəcək addımlar atmamağa üstünlük verib. Amma 10 noyabrdan sonra Rusiyanın təzyiq "rıçaq”ları artdığı üçün Azərbaycan indi əvvəlkindən daha ehtiyatlı olmağa məcburdur, yeni reallıqlar bunu tələb edir.

Ümumilikdə, Moskva Qarabağ məsələsində yeganə moderator və arbitrə çevrilib. Hər hansı mübahisəli məsələdə son sözü o deyir, üçtərəfli sənədin müddəalarını tövsif etmək haqqı da ona aiddir.

Aydın olur ki, məlum Bəyanat hazırlanarkən Azərbaycan tərəfi lazımi qədər müzakirə aparmaq, hər cümlə, hər söz üzərində baş sındırmaq, etiraz və mübahisə etmək üçün yetərli zamana sahib olmayıb. Sənədin imzalanmasından saatlar əvvəl Ermənistan hava məkanında uçan Rusiya helikopteri Naxçıvandakı Azərbaycan ordu bölmələri tərəfindən vurulmuş və Rusiya Ermənistana əlavə hərbi qüvvələr göndərməyə başlamışdı…


Şahin Cəfərli
pressklub.az

4