Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr anlaşmasından ayyarıma yaxın vaxt keçir. Bu müddətdə Ermənistanda siyasi çalxalanma demək olar, ara verməyib. Müşahidələr söyləməyə əsas verir ki, erməni cəmiyyətində baş nazir Nikol Paşinyanın imza atdığı kapitulyasiya sənədinə münasibət birmənalı deyil. Yəni radikal müxalifətin təqdimatına rəğmən, heç də hamı acınacaqlı hərbi məğlubiyyətə görə cavabdehliyin hamısını Paşinyanın daşımalı olduğunu düşünmür.
Bunu müxalifətin neçə vaxtdır “İstefa!” tələbi ilə keçirdiyi aksiyalarda böyük kütləviliyin olmaması əyani sübut edir. Çünki erməni əhali başa düşür ki, ölkənin problemi heç də hakimiyyət dəyişikliyi ilə bağlı deyil. Yəni hökumətin, rəhbərin dəyişməsi prioritet ola bilməz. Prioritet olan - Ermənistan və onun bədbəxt, yoxsul xalqı üçün yeni inkişaf strategiyası, effektli “Yol xəritəsi” təqdim eləməkdir.
Aydındır ki, müxalif qüvvələrin nə belə bir strategiyası var, nə də “Yol xəritəsi”. Azərbaycana və Türkiyəyə qarşı ifrat nifrətlə hara gəlib çıxmaq mümkünsə, Ermənistan və onun xalqı bu gün elə oradadır. Yəni dərin iqtisadi-siyasi kollapsda, böhran içində. Odur ki, “dava-dava” deyən ultra-millətçi, faşist, türkofob və irqçi müxalifət sadə əhali üçün bir elə maraqlı ola bilməz. Yenə çıxış yolu nə qədər paradoksal da olsa, ara-sıra Azərbaycan və Türkiyə ilə əlaqələr qurmağın vacibliyini dilə gətirən, başı “daşdan daşa” dəymiş Paşinyandan gələ bilər...
“Yaxın 30-40 ildə Ermənistan Azərbaycana qarşı hərbi planda heç bir müqavimət göstərə bilməyəcək. 44 günlük Vətən müharibəsi zamanı İrəvan canlı qüvvə sarıdan ağır itkilər verib, Ermənistan ordusunun texnikasının 80-90%-i məhv edilib. Bir yanda 10 milyonluq Azərbaycan, digər yanda 83 milyonluq Türkiyə, Ermənistan əhalisi isə 3 milyondan azdır. Ona görə də Ermənistanın müharibəni bərpa etməsi ehtimalı çox aşağıdır”.
Bunu “Atlas” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Minval.az-a müsahibəsində deyib. Politoloqun fikrincə, Nikol Paşinyan hakimiyyətdən uzaqlaşdırılsa belə, onu əvəzləyən siyasətçinin hərbi revanş almağa cəsarəti çatmayacaq. “Çünki Ermənistanın bundan ötrü kifayət qədər resursu yoxdur”, - deyə o qeyd edib.
Hadisələrin bundan sonrakı mümkün inkişaf ssenarisindən danışan E.Şahinoğlu mövcud şərtlər daxilində Ermənistanda erkən parlament seçkilərinin keçirilməsini mümkün sayır: “Paşinyan cəmiyyətin hərbi məğlubiyyətin bütün acısını həzm edə bilməsi üçün vaxtı uzatmaq niyyətindədir. Hərçənd erməni toplumu demək olar, ”Qarabağ yükü"ndən qurtulub. Ona görə də toplumun bir hissəsi hələ də Paşinyanı dəstəkləyir. “Maydanlar” və küçə yürüşləri ilə Nikol Paşinyanın istefasına nail olmaq çox çətindir. Birincisi, Ermənistan müxalifəti meydana heç 7 min adam yığa bilmir. İkincisi, onlar parlamentdə belə Paşinyanın istefasına nail ola bilmədilər, çünki orada əksəriyyəti Paşinyan tərəfdarı olan “Mənim addımım” fraksiyası təşkil edir. Onu ancaq hərbi çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırmaq olar", - politoloq vurğulayıb və əlavə edib ki, yaranmış durumda Nikol Paşinyan erkən parlament seçkiləri keçirməyə məcbur olacaq.
Politoloq Məhəmməd Əsədullazadə də Paşinyana qarşı müxalifətin mitinqlərinin səmərəli olmamasına diqqət çəkir: “Srağagün Paşinyanın geniş xalq kütləsi ilə yürüş etməsi müxalifətə və Rusiyaya mesaj idi. Çünki Robert Köçəryan yenidən səhnəyə qayıdıb və Moskvada anti-Paşinyan layihəsini müzakirə edir. Ona görə də Nikol Paşinyan prosesləri ələ almaqla Rusiyanın onu devirmək planının qarşısını alır və müxalifəti neytrallaşdırır”.
Politoloqa görə, baş nazir ölkədəki vəziyyətə nəzarəti getdikcə ələ almaqdadır. O hesab edir ki, Nikol Paşinyan hakimiyyətdə qalmağı bacarsa, o zaman Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etməyə çalışacaq. “Onun planı Ermənistanı regional layihələrə qoşmaqdır” - təhlilçi bildirib.
Zatən, Ermənistan üçün başqa qurtuluş yolu da qalmayıb. Hakimiyyətlər dəyişsə də, bu gerçək dəyişməz qalır və getdikcə daha qabarıq görünür. Başqa sözlə, ölkənin xilası həmsərhəd olmayan, uzaq Rusiyadan yox, əsas qapı qonşuları - Azərbaycan və Türkiyədən asılıdır. Rusiya və onunla strateji hərbi müttəfiqlik erməni xalqını ağ günə çıxarsaydı, 29 ildə çıxarardı. O zaman niyə də səhv kurs dəyişdirilməsin? Paşinyanın öz xalqına ən böyük yaxşılığı da elə bu olardı. Necə deyərlər, “Uzaq qohumdansa, yaxın qonşu yaxşıdır...”
“Erməni cəmiyyəti olduqca məyus və şok vəziyyətindədir. Onlar Nikol Paşinyana alternativ görmürlər. Çünki indi Paşinyana qarşı çıxan, onun istefasına nail olmaq istəyənlər əslində Serj Sərkisyan və Robert Köçəryanın ətrafında olan insanlardır. Halbuki elə onların özü son 20 ildə Ermənistanı indiki vəziyyətə gətirib çıxarıblar. Bu mənada erməni cəmiyyəti Paşinyandan məyus olub, ancaq onunla hakimiyyət uğrunda savaşa girişən müxalifət də cəmiyyətdə heç bir ümid yaratmır”.
Bu fikirləri Teleqraf.coma-a deputat-politoloq Rasim Musabəyov Ermənistan daxilində ictimai-siyasi vəziyyəti qiymətləndirərkən deyib.
Musabəyov belə hesab edir ki, hazırda ermənilər şok keçirməklə yanaşı, gələcəyə qeyri-müəyyən yanaşırlar: “Bəli, bu həqiqətdir ki, Nikol Paşinyan yüz minlərlə insanı küçələrə çıxararaq hakimiyyəti Sərkisyan-Köçəryan cütlüyündən almışdı. Amma bu cütlük indi Paşinyana qarşı 10-15 min insanı küçələrə çıxara bilmir. Eyni zamanda nə Nikol Paşinyanın, nə də müxalifətdə durub hakimiyyəti ələ almaq istəyən qüvvələrin cəmiyyətin daxilində dəstəyi yoxdur. Əslində ermənilərin böyük hissəsi ümidsizliyə qərq olub. Düşünürlər ki, dünyada karantin rejimi tez bitsəydi, onlar başlarını götürüb başqa ölkələrə gedər, həyatlarını qurmağa çalışardılar”.
Lakin ermənilər Ermənistanda qala da bilərlər. Bundan ötrü bir şey tələb olunur: ölkəni gerçəkdən də qurtuluşa aparacaq liderin arxasınca getmək, ona dəstək vermək. O adam Nikol Paşinyan da ola bilər...