“O, mülki azərbaycanlıları uçuruma yuvarlaması ilə fəxr edirdi...”

17:50 / 30.12.2020
1579

Ermənistanın eks-prezidenti Robert Koçaryanın yaxın adamı, Xocalı soyqırımını törədənlərdən biri, azərbaycanlılara ilk gülləni 1988-ci ildə atması ilə fəxr edən Vitaliy Balasanyan bir müddət öncə qondarma Dağlıq Qarabağ respublikasının “təhlükəsizlik şurasının katibi” vəzifəsinə gətirilib. Bu “posta” gələn kimi Balasanyan Azərbaycanı təhdid edən bəyanatlar səsləndirməyə başlayıb. “Katib” Ermənistana səfər edib silahlı qüvvələrin baş qərargah rəisi və müdafiə naziri ilə görüşəndən sonra da bir qədər “cəsarətlənib”. O, yerli televiziyaya müsahibəsində bildirib ki, Ermənistan və Rusiya ilə iş aparıldıqdan sonra Əsgəran rayonunun bir hissəsi və Hadrut rayonu geri qaytarılacaq, rusiyalı sülhməramlılarla birlikdə antiterror əməliyyatı həyata keçiriləcək. Məlumdur ki, V.Balasanyanı “qaza gətirən” ona Rusiyadan, eləcə də Ermənistandakı rusiyapərəst qüvvələrdən verilən açıq dəstəkdir. Azərbaycan əleyhinə radikal fikirlər səsləndirən bu Xocalı cəlladının gələcəkdə Qarabağdakı qondarma quruma “prezident” təyin olunacağı da gözlənilir.

Maraqlıdır, Balasanyanın bu iddialarının reallaşma ehtimalı nə qədərdir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Yusif Bağırzadə qeyd edib ki, Balasanyan əli mülki Azərbaycan vətəndaşlarının qanına bulaşan erməni əsilli hərbçidir. Onun bu çıxışları daxili auditoriyaya hesablanan tezislərdir:

“Balasanyan rus kanallarının birində Xocalı soyqırımı zamanı mülki vətəndaşları dərəyə, uçuruma yuvarlamasından fəxrlə söz açırdı. Onun haqqında cinayət işi var və o, gec-tez Azərbaycan məhkəməsi tərəfindən cinayət məsuliyyinə cəlb olunacaq. Bu gün Ermənistanda xaosdur. Bu, həm Azərbaycanın qələbəsi, həm də Ermənistanın ağır itkilərə məruz qalması ilə əlaqəlidir. Ermənilərin itkisi onlar tərəfindən 5-10 min olaraq göstərilir. Lakin təbii ki, bu say həqiqəti əks etdirmir. Sadəcə Ermənistanın daxilində siyasi oyunlar gedir. Balasanyan bir müddət əvvəl siyasi partiyalarla görüş keçirdi, bəyanat sərgilədi. Bu isə Paşinyanın hakimiyyətdən getməsi ilə əlaqədardır. Həmçinin Balasanyan ilə qondarma rejimin başçısı Arayik Harutyunyan arasında açıq mübarizə başlayıb. Balasanyanın onun istefaya getməsini istəyir. Bunların hamısı daxili auditoriyanı ələ almağa yönəlib”.

Politoloq Ermənistandakı partiyaların Rusiyapərəst mövqeyindən də söz açıb:

“Yaxınlarda Moskvaya səfər edən Mariflənən Ermənistan Partiyasının sədri Edmon Marukyan deyirdi ki, Zəngəzurda ikinci hərbi baza açaq. Bildirim ki, erməni hərbi bazasında bu gün könüllülər fəaliyyət göstərir. O bazada 4 minə yaxın rus hərbçisi var. Orada S-400 və digər rus texnikaları yerləşdirilib. “Alans” Partiyasının sədri Tiqran Yrixanyan isə Rusiya tərkibinə keçməklə bağlı təklif verir. Onların bəyanatları ancaq daxili bazara yönəlib. Çünki Ermənistanda siyasi, iqtisadi təlatümlər var. Bəzi erməni politoloqlar deyirlər ki, artıq tabut hazırlamağa taxta tapmırlar”.

Həmsöhbətimiz, hələ ki, üçtərəfli sazişin şərtlərinin pozulmadığını, pozulacağı təqdirdə ordumuz tərəfindən lazımi addımların atılacağını vurğulayıb:

“Bu gün Ağdam bölgəsində monitorinq mərkəzi tikilib, qısa zamanda istifadəyə veriləcək. Hələ ki, proseslər normal gedir. Üçtərəfli sazişin şərtləri qüvvədədir. Rusiya rəsmiləri tərəfindən terrorçuların dəstəklənməsi ilə bağlı konkret fakt yoxdur. Onlar Azərbaycan ərazi bütövlüyünü tanıyır. Artıq Dağlıq Qarabağ termini yoxdur. Hər şey nəzarətdədir. Bu yaxınlarda büdcədən hərbiyə 2 milyard 200 milyona yaxın pul ayrıldı. Əgər Rusiya sülhməramlıları erməni terrorçuları ilə hər hansısa separatçı münasibətdə olsalar, onların cavabı anti-terror əməliyyatı çərçivəsində veriləcək. Bizim buna haqqımız var”.

1