“Düşünürəm ki, Əliyevin Moskva görüşündə bu məsələyə aydınlıq gətiriləcək” (ŞƏRH)

SİYASƏT
18:47 / 04.01.2021
1802

"Düşünürəm ki, yaxın günlərdə Ermənistanın Baş naziri ilə Azərbaycan Prezideni İlham Əliyevin Moskva görüşündə bu məsələyə aydınlıq gətiriləcək".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Dağlıq Qarabağa qaytarılan ermənilərin sayından danışarkən deyib. Ekspertin fikrincə, Azərbaycan dövlət qurumlarının bununla bağlı açıqlama verməməsi cəmiyyətdə böyük narahatlıq yaradıb:

"Ermənistan bununla bağlı açıqlama yaymışdı ki, orada yaşayan ermənilərin sayı 145 mindir. Lakin Prezident İlham Əliyevin çıxışında bunun 60-65 mindən artıq olmadığı vurğulanıb. Yəni, ora süni şəkildə köçürülən əhalinin və Qarabağda doğulmayan insanların çıxdıqdan sonra yerdə qalanın 60-65 min olduğu açıqlanıb. Lakin nəzərə alsaq ki, Xankəndi, Xocavənd, Əsgəran və Ağdərə istiqamətində minlərlə əhali evində qalıb, 47 min də artıq daşınıb. Demək olar ki, bu limit artıq bitib".
Ədalət Verdiyev bildirib ki, əlavə əhalinin Dağlıq Qarabağa daşınması dövlət qurumları tərəfindən tənzimlənməlidir:

"Bu barədə rəsmi açıqlamanın olmaması əhalidə narazılıq yaradır".

Qeyd edək ki, RF Müdafiə Nazirliyi Dağlıq Qarabağa qaytarılan ermənilərin sayını açıqlayıb. Məlumatda bildirilib ki, ümumilikdə 47 287 nəfər İrəvandan Xankəndinə qaytarılıb.

0