Artur Mkrtçyan  Qondarma DQR-in ilk “parlament” sədrinin müəmmalı qətli 

SİYASƏT
12:22 / 05.01.2021
1285

Ermənilərin heç nədən mif yaratmaq peşəkarlığı artıq bütün dünyaya bəllidir. 30 illik bir müddətdə Ermənistanın hərbi və siyasi rəhbərliyinin yaratdığı “məğlubedilməz erməni ordusu” mifinin Azərbaycan Ordusu tərəfindən cəmisi 44 gün ərzində darmadağın edilməsi də bunu bir daha sübut etdi. Müzəffər ordumuz döyüş meydanlarında, haqq savaşında tərəflərin nəyə qadir olduğunu yüksək peşəkarlıqla nümayiş etdirdi.

Əslində, ermənilərin neçə onilliklər boyu “erməni həmrəyliyi” təqdimatı da mifdən başqa bir şey deyilmiş. 1980-ci illərdə başlayan Dağlıq Qarabağ hadisələri zamanı millətçi ermənilər Qarabağ şüarı altında dünya ermənilərinin bir olmasını bəyan edəndə, hakimiyyət uğrunda mübarizədə terrorları, qanlı cinayətləri gizlətməyə çalışıblar. “Həmrəy” ermənilər arasında yaranan çəkişmələr, konfliktlər sifarişli siyasi qətllərlə müşayiət olunub. Hətta “müqəddəs” saydıqları “Artsax mübarizəsi”ndə də erməni liderlər bir-birlərinə güzəştə getməyiblər. Elə qondarma “Dağlıq Qarabağ respublikası”nın ilk “parlament” sədri Artur Mkrtçyan da bu çəkişmələrin qurbanlarından birinə çevrilib.

Artur Mkrtçyan 1959-cu ildə Hadrutda anadan olub. Orta məktəbi bitirdikdən sonra İrəvan Dövlət Universitetinin tarix fakültəsində ali təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra bir müddət İrəvan Diyarşünaslıq və Etnoqrafiya İnstitutunda çalışan Artur Mkrtçyan 1986-cı ildə Azərbaycana qayıdıb və Hadrutda tarix-diyarşünaslıq muzeyində direktor vəzifəsində işləyib.

1988-ci ilin fevral ayında Dağlıq Qarabağda erməni hərəkatı başlananda onun ən fəal üzvlərindən biri də Artur Mkrtçyan olub. Xankəndi şəhəri ilə eyni vaxtda Hadrut rayonunda da partiya və təsərrüfat rəhbərlərinin yığıncağında Dağlıq Qarabağ Muxtar vilayətinin Ermənistanın tabeliyinə verilməsi məsələsi qaldırılıb. Bu yığıncağın və Hadrutda ilk tətillərin, nümayişlərin təşkilatçısı Artur Mkrtçyan olub ki, o, sonradan siyasi tədbirləri silahlı mübarizə istiqamətinə yönəldib, silahlı dəstələr yaradaraq özünümüdafiə qüvvələrinə rəhbərlik edib.

Həmin ərəfədə ermənilərin digər bir mübarizəsi Dağlıq Qarabağda hakimiyyət uğrunda gedib. Ermənistandan, şəxsən Levon Ter-Petrosyandan dəstək alan Robert Koçaryan yeni yaradılacaq qondarma respublikanın lideri olmaq üçün bütün vasitələrə əl atıb. O cümlədən, cinayət əməllərinə də.
1991-ci ilin sentyabrın 2-də Dağlıq Qarabağ Muxtar vilayətinin xalq deputatları sovetinin sessiyasında qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaradılması haqqında bəyannamə qəbul edildikdən sonra, həmin ilin dekabrın 28-də “parlament”ə seçkilər keçirilib. 1992-ci ilin yanvarın 6-da isə qondarma qurumun ilk “parlament” iclası keçirilib. İki gün davam edən iclasda, yanvarın 8-də Artur Mkrtçyan “parlament”in sədri seçilib.

“Daşnaksütyun” partiyasından namizəd olan Artur Mkrtçyanın “parlament” sədri seçilməsi Levon Ter-Petrosyan və Robert Koçaryan üçün arzuolunmaz sayılıb. Belə ki, Levon Ter-Petrosyan Ermənistanda hakimiyyətə gəldikdən sonra bu partiyanın fəaliyyətinə əngəl törədib. Öz növbəsində Mkrtçyanın bu vəzifədə olması yaxın gələcəkdə qondarma quruma keçiriləcək prezident seçkilərində Robert Koçaryan üçün də problem yaradacağı heç kim üçün sirr olmayıb.

Bu gərgin siyasi proseslərdən “qalib” çıxmaq, qondarma “Dağlıq Qarabağ respublikası”nda liderliyi ələ almaq üçün yeganə yol Artur Mkrtçyanın aradan götürülməsi yeganə variant sayılıb.

Artur Mkrtçyan “parlament” sədri seçildikdən sonra “Artsax” problemlərinin həlli ilə bağlı Ermənistana səfər edib, Levon Ter-Petrosyanla məsləhətləşmələr, müzakirələr aparmağı qərarlaşdırıb. Yəqin ki, 33 yaşlı “parlament” sədri Dağlıq Qarabağda durumun gərgin olduğu bir vaxtda “erməni həmrəyliyinə” arxayın olaraq bu addımı atıb. Amma o, Ermənistan rəhbərliyindən heç də düşündüyü münasibəti görməyib. Levon Ter-Petrosyan dörd gün Artur Mkrtçyanı ğz qəbul otağında gözlətdirib, bu günlər ərzində müxtəlif bəhanələrlə onu qəbul etməyib. Nəhayət, Artur Mkrtçyan səfərinin beşinci günü Ermənistan lideri ilə görüşməyə müvəffəq olub və bu görüşdə o, hər hansı bir məsələnin həllinə nail ola bilməyib. “Parlament” sədri Levon Ter-Petrosyanın kabinetindən çıxanda sonuncu fikrini deməyi də unutmayıb: “Mən bir daha bura gəlməyəcəm...”

Həqiqətən də Mkrtçyana bir daha Ermənistana səfər etmək qismət olmayıb. 14 aprel 1992-ci ildə o, öz mənzilində odlu silahla qətlə yetirilib.

Qətlin kim tərəfindən törədilməsi bu günə qədər də açılmayıb. Süni şəkildə ortalığa atılan versiyalar isə əsl qatilin kim olduğunu yayındırmaq məqsədini daşıyıb. Versiyaların birinə görə Artur Mkrtçyan silahla ehtiyatsız davrandığından özünə atəş açıb. Digər versiyaya görə həyat yoldaşı qısqanclıq zəminində Mkrtçyandan qisas alıb. Əsas inandırıcı versiyada isə qətlin sifarişçisinin Robert Koçaryan olduğu bildirilib.

Sözsüz ki, istintaq orqanları üçün əsl qatilin kim olduğunu aşkar etmək o qədər də problemli məsələ olmayıb. Problem o olub ki, həmin dövrdə Robert Koçaryan Dağlıq Qarabağda liderliyi ələ alıb və hüquq mühafizə orqanları qətllə bağlı iştintaqı onun istədiyi kimi aparıblar. Bununla da, Robert Koçaryanın “hakimiyyətə” gedən yollarında daha bir maneə aradan götürülüb. Əsl “erməni həmrəyliyi” də elə budur, qətl, terror, qanlı cinayətlərlə müşayiət olunan “erməni birliyi”.

0
Musavat.com