Moskva görüşü öncəsi liderlərin davranışları nədən xəbər verir? - TƏHLİL

SİYASƏT
16:30 / 06.01.2021
1345

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə üçtərəfli görüşün yanvarın 11-də keçiriləcəyi gözlənilir. 

Rusiya və Ermənistan mənbələrinin yaydıqları məlumat rəsmi olaraq təsdiq olunmasa da, nə rəsmi Bakı, nə İrəvan, nə də Moskva xəbərləri təkzib edib. Bu isə Moskva görüşünün deyilən tarixdə baş tutacağını deməyə əsas verir. 

Maraqlıdır ki, Ermənistan müxalifəti baş tutmamış görüşdən Paşinyana qarşı istifadə etməyə başlayıb. Onlar hesab edir ki, Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonra iki ölkə rəhbərinin ilk görüşündə İlham Əliyev masaya qalib, Paşinyan məğlub tərəf kimi əyləşəcək və diktə edən də Azərbaycan Prezidenti olacaq. Paşinyanın əleyhdarları bu məsələdə haqlı olsalar da, Ermənistanın indiki vəziyyətində yeganə xilas yolunun Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq olduğunu etiraf etmək istəmirlər…

Müşahidələr isə onu göstərir ki, yaxın günlərdə baş tutacağı deyilən görüşdə Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi imzalanmayacaq. Çünki tərəflər arasında bir çox məsələlərdə razılıq yoxdur. Amma 10 noyabr tarixli bəyanatda tərəflər əksər məsələlərlə bağlı prinsipial razılıq əldə etdikləri üçün danışıqları yekun sülh müqaviləsinin imzalanmasına qədər davam etdirəcəklər. 

Buna qədər isə tərəfləri cari mərhələdə narahat edən məsələlər həllini tapmalıdır. 

Hazırda ən çox narahatlıq doğuran məqam Qarabağda erməni silahlı qüvvələrinin qalması və onların vaxtaşırı törətdiyi təxribatlardır. Ermənistan mediasında yayılan məlumatlardan məlum olur ki, rəsmi İrəvan və Rusiya sülhməramlıları da erməni silahlı qüvvələrinin tez bir müddətdə Azərbaycan ərazilərindən çıxmasına çalışır. Məsələn, Hadrutda baş verən son təxribatlarda Rusiya hərbçiləri təxminən 200-ə yaxın erməni silahlısının zərərsizləşdirilməsinə maneçilik törətmədilər. Başqa tərəfdən isə Qarabağdan geri çağırılan erməni hərbçilərinin əvəzinə də Ermənistandan yeni qüvvələr göndərilməyib. Paşinyanın da əleyhdarları bu məqamdan ona qarşı istifadə etməyə çalışaraq bildirirlər ki, yaxın 5-6 ay ərzində Qarabağda erməni silahlı qüvvələri qalmayacaq və müqavimət göstərən qruplar da zərərsizləşdiriləcək. Artıq Xankəndidəki separatçı rejim əhaliyə paylanan silahların təhvil verilməsinə dair çağırış da edib. Görünənlər onu deməyə əsas verir ki, liderlərin görüşündə erməni silahlı qüvvələri məsələsi müzakirə olunacaq və yaxın zamanlarda məsələ tam həllini tapacaq. Çünki Qarabağda erməni silahlı qüvvələrinin qalması tərəflərin heç birinin marağına uyğun deyil və regional əməkdaşlığın qaşısında duran ən ciddi əngəldir. 

Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi prosesi də hazırda davam edir. Bu prosesdə ciddi narahatlıq doğuran hallar hələlik yaşanmayıb. Liderlərin gözlənilən görüşündə bu məsələ ilə bağlı hər hansı bir mübahisənin yaşanması az ehtimal olunur. Belə ki, Ermənistanda ciddi narahatlıqla izlənilən sərhəd məsələsinə Paşinyanın verdiyi reaksiya da bunu göstərir. 

Azərbaycan ictimaiyyətində narahatlıq doğuran rus sülhməramlılarla bağlı bir çox suallar var. Amma son 2 ayda yaşananlar onu deməyə əsas verir ki, Rusiya hərbçiləri tərəfindən 10 noyabr bəyanatına zidd olan ciddi bir fəaliyyəti qeydə alınmayıb. Əksinə, atəşkəs rejiminin qorunmasında, sərhədlərin müəyyənləşdirilməsi, əsirlərin dəyişdirilməsi prosesində ruslar üzərinə düşən işi həyata keçirməkdədir. Seperatçı rejimin təmsilçiləri ilə Rusiya hərbçilərinin görüşlərində yaşanan xoşəgəlməz detalları isə daha çox məğlub Ermənistanın daxili ictimai rəyinə hesablanması kimi də qiymətləndirmək olar. Sülhməramlı məsələsində onu da qeyd etmək lazımdır ki, Qarabağda olan rus hərbçilər hər hansı bir beynəlxalq mandata sahib deyil. Buna görə də Azərbaycanla Ermənistan arasında imzalanacaq yekun sülh müqaviləsindən sonra sülhməramlıların statusuna yenidən baxılacaq. Bu isə o deməkdir ki, Qarabağda rus və türk sülhmıramlılarla yanaşı, ABŞ və Fransanın maraqlarını qoruya biləcək hərbçilər də fəaliyyət göstərə bilər. Belə ki, Minsk Qrupunun həmsədrləri olan ABŞ və danışıqlarda Avropa Birliyini təmsil edən Fransa Rusiyanın təkbaşına Qarabağda sülhməramlı kimi fəaliyyət göstərməsindən heç də razı görünmürlər. Və əvvəlki mövqelərini geri qaytarmağa çalışırlar. ABŞ başda olmaqla Fransanın münaqişə "tərəfi” kimi iştirak etməsində həm rəsmi Bakı, həm də rəsmi İrəvan maraqlı görünür. Bu isə Rusiyanın Qarabağda indidən daha ehtiyatlı davranmasını şərtləndirir. 

Üstəlik, yaxın günlərdə Türkiyə hərbçilərinin olduğu atəşkəsə nəzarət edəcək Monitorinq Mərkəzinin fəaliyyətə başlaması da narahatlıqları azaldan ən ciddi məqamdır. Türkiyəyə təkcə qardaş ölkə kimi yox, eyni zamanda NATO ölkəsi kimi baxılmalıdır. Göründüyü kimi, bunlar artıq yeni reallıqlardır. Və 1992-ci ildə olan vəziyyət Azərbaycanın lehinə ciddi şəkildə dəyişib.

Başqa tərəfdən isə müşahidələr göstərir ki, postsovet məkanında olan başqa münaqişələrdən fərqli olaraq Kreml Qarabağ məsələsinə daha strateji yanaşıb, münaqişənin tam həlli fonunda regional əməkdaşlığın qurulmasına çalışacaq ki, regionda iqtisadi və siyasi maraqlarını təmin etsin… 

Görüş öncəsi Azərbaycan və Ermənistan liderlərinin davranışları nikbin düşünmək üçün əsaslar verir.

Belə ki, İlham Əliyev müharibənin gedişində Paşinyanı günahlandırır və onun haqqında sərt ifadələr işlədirdisə, müharibədən sonra sanki Paşinyanın o qədər də günahkar olmaması, problemlərin daha çox keçmiş hakimiyyətdən qaynaqlandığını bildirməyə başladı. Qeyd edək ki, Paşinyan hakimiyyətə yeni gələn zaman da İlham Əliyev təxminən bu cür çıxışlar edirdi. 

Paşinyanın da son açıqlamaları onu göstərir ki, hər iki ölkə rəhbərinin mövqeləri xeyli yaxınlaşıb. Belə ki, istər Əliyev, istərsə də Paşinyan müharibəyə görə Köçəryan və Sarkisyanı günahlandırır. Həmçinin, Paşinyanın Azərbaycanla münasibətlər qurulmasının və kommunikasiyalar açılmasının Ermənistan üçün vacib olması barədə fikirləri də görüşöncəsi ümidləri xeyli artırıb. Yeri gəlmişkən qeyd etmək lazımdir ki, Ermənistanda böyük nüfuza malik katalikosun, prezidentin, baş nazirin, "Qarabağ klanı”nın lideri Robert Köçəryanın yeni il təbriklərinin heç birində Azərbaycana qarşı düşmən sözü ifadə olunmayıb. Bu isə onu göstərir ki, Ermənistan cəmiyyəti də yeni reallıqları dərk edir və danışıqların davam etməsini istəyir. Üstəlik, Ermənistanda revanş hissi ilə yaşayan siyasilərin Paşinyana qarşı ciddi bir etiraz aksiyası keçirə bilməməsi də rəsmi İrəvanın danışıqlarda daha konstruktiv davranmasını şərtləndirəcək. 
 
Danışıqlarda ən önəmli olan status məsələsində də Azərbaycanın mövqeləri 44 günlük müharibədən sonra çox güclənib. Əvvəllər danışıqlarda "alver” predmeti kimi işğal olunan 7 rayon göstərilirdisə, indi Ermənistan bu imkandan məhrum edilib. Həmçinin, Azərbaycanın nəzarət etdiyi ərazilər Dağlıq Qarabağı tam əhatə edir. Ən əhəmiyyətlisi Şuşa və Hadrut başda olmaqla Sovet dövründə mövcud olmuş muxtar vilayətin ərazisinin ən azı 30 faizi Azərbaycanın nəzarəti altındadır. Separatçı rejim təmsilçilərinin Hadrut və Şuşa ilə bağlı iddiaları da bundan qaynaqlanır. Müşahidəçilərin fikrincə, gələcəkdə Azərbaycanla Ermənistan arasında gedəcək danışıqlarda əsas müzakirə predmeti də Şuşa və Hadrut olacaq. Yəni Azərbaycan Sovet dövründə olduğu kimi Dağlıq Qarabağa status verir, Şuşa və Hadrut muxtar vilayətin ərazisi olur, qaçqın və məcburi köçkünlər Qarabağa qayıdır və Azərbaycanın qanunları Dağlıq Qarabağda tam olaraq işləməyə başlayır. Və bu status Sovet dövründəkindən fərqli olaraq Azərbaycanın Dağlıq Qarabağa faktiki nəzarət etməyə tam imkan vermək şərti ilə təmin edilir. Münaqişənin başqa bir həlli prosesi indiki halda mümkün deyil. Və Azərbaycan erməni tərəfinə ancaq bu qədər güzəşt edə bilər.  

Rəsmi Bakının hazırda sərgilədiyi mövqe də bunu deməyə əsas verir ki, Qarabağla bağlı bütün məsələlələr həll olunduqdan sonra Ermənistanla diplomatik əlaqələr qurulacaq. Yəni, Paşinyanın arzu etdiyi iqtisadi əlaqələrin qurulması üçün Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, qonşu ölkələrə qarşı ərazi iddialarından geri çəkilməli və üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməlidir…

Mənbə: Qaynarinfo.Az

1