Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyanat imzalayıblar.
HİT.Az bəyanatı təqdim edir:
"Biz, Azərbaycan Respublikasının Prezidenti I. Əliyev, Ermənistan Respublikasının Baş naziri N. Paşinyan və Rusiya Federasiyasının Prezidenti V. Putin aşağıdakıları bəyan edirik:
1. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması ilə bağlı 9 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndini həyata keçirmək üçün Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan, Ermənistanın baş nazirlərinin müavinləri və Rusiya hökumət sədrinin müavininin birgə rəhbərliyi altında üçtərəfli İşçi Qrupunun yaradılması barədə təklifi dəstəklənir.
2. İşçi qrupu ilk iclasını 30 yanvar 2021-ci il tarixinədək keçirəcək və iclasın nəticəsinə əsasən, Bəyanatın 9-cu bəndinin icrasından irəli gələn əsas iş sahələrinin siyahısını hazırlayacaq, dəmir yolu və avtomobil kommunikasiyalarını prioritet kimi müəyyənləşdirəcək, eləcə də digər istiqamətləri Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası ilə razılaşdırmaqla bundan sonra müəyyən edəcək.
3. Əsas fəaliyyət istiqamətlərini həyata keçirmək üçün İşçi Qrupunun həmsədrləri bu sahələr üzrə tərəflərin səlahiyyətli orqanlarının və təşkilatlarının vəzifəli şəxsləri arasından ekspert alt qruplarının tərkibini təsdiqləyəcəklər. Ekspert alt qruplar, İşçi Qrupun iclasından sonra bir ay müddətində Rusiya, Azərbaycan və Ermənistan tərəfindən ən yüksək səviyyədə həyata keçirilməsi və təsdiqlənməsi üçün zəruri mənbələrin və fəaliyyətlərin əsaslandırıldığı layihələrin siyahısını təqdim edəcəklər.
4. İşçi Qrup 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən keçən beynəlxalq nəqliyyatın təşkili, həyata keçirilməsi və təhlükəsizliyi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpası və inşası ilə bağlı tədbirlərin siyahısı və cədvəlini Azərbaycan, Ermənistan və Rusiya tərəfindən ən yüksək səviyyədə təsdiqləməyə təqdim edəcək.