Moskavada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra Cənubi Qafqazda yeni konyuktura yaranmaqdadır. Artıq, 11 yanvar tarixində keçirilən görüşdə Türkiyənin olmaması ilə bağlı Azərbaycan ictimaiyyətində olan narahatlıqların arxada qaldığını demək olar. Belə ki, Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı rəsmi Ankaranın masada olmasa da, sahədə olduğunu göstərdi. Və Kremlin Türkiyənin bölgədəki mövcudluğunu reallıq kimi qəbul etdiyini göstərmiş oldu. Telefon danışığı ilə bağlı tərəflərin yaydığı məlumatlar fərqli olsa da, artıq indidən Moskva ilə Ankara arasında Qarabağ məsələsində ciddi fikir ayrılığının olmadığını əminliklə demək olar.
Kremlin yaydığı məlumatda bildirilirdi ki, Putin həmkarını Moskvada keçirilmiş üçtərəfli görüş barədə məlumatlandırıb. Öz növbəsində Ərdoğan Qarabağ nizamlanması ilə bağlı səylərində Putinə dəstəyini ifadə edib, Rusiya və Türkiyənin bu məsələyə dair fəaliyyətində koordinasiyanın davam etməsinin tərəfdarı olduğunu deyib.
Türkiyə tərəfinin yaydığı məlumatda isə qeyd olunub ki, prezidentlər Qarabağda atəşkəsə nəzarət və hərbi əməliyyatlara dair Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşdırılmasını müzakirə edib: Ərdoğan telefon danışığında Dağlıq Qarabağda sülhməramlı və müşahidə fəaliyyətinə ehtiyac olmadan birlikdə mövcudluğu təmin edəcək şərait yaradılmasını vacib sayıb: "Belə olduqda inşallah, bir daha dünyaya Türkiyə-Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini göstərəcəyik”.
Maraqlıdır ki, Moskva hələlik Dağlıq Qarabağda sülhməramlı və müşahidə fəaliyyətinə ehtiyac olmaması ilə bağlı Türkiyə tərəfinin yaydığı məlumata münasibət bildirməyib. Bu isə onu deməyə əsas verir ki, tərəflər bu məsələdə artıq razılaşma əldə ediblər.
Qeyd edək ki, Dağlıq Qarabağda yaxın gələcəkdə sülhməramlılara ehtiyacın olmayacağını bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da ifadə etmişdi.
Bu açıqlamalar isə onu göstərir ki, Rusiya hərbçilərinin Dağlıq Qarabağda varlığı müvəqqəti olacaq və 10 noyabr bəyənatına görə 5 ildən sonra bölgəni tərk edəcəklər. Əks təqdirdə Azərbaycan və Türkiyə bununla razılaşmayacaqlar. Yaranan yeni vəziyət Azərbaycanın maraqlarına uyğundur. Rəsmi Bakının bu məsələdə səssiz qalmasını isə Qarabağ münaqişəsinin tam həlli prosesinin ağrısız keçməsinə hesablanması ilə izah etmək olar. Çünki Ermənistanda hakimiyyətin əleyhdarları 44 günlük müharibənin yaratdığı reallıqları Paşinyana qarşı istifadə etməyə çalışır və ermənilər üçün çox həssas məsələ olan Türkiyənin bölgədə mövcudluğunu xəyanət kimi qiymətləndirir. Bu baxımdan rəsmi Bakının proseslərə soyuqqanlı yanaşması başadüşüləndir.
Bölgədə yaranmış son mənzərə Azərbaycan–Rusiya-Ermənistan münasibətlərinə paralel olaraq regionda sülh, təhlükəsizlik və rifah üçün Azərbaycan-Türkiyə-Ermənistan formatını da aktuallaşdırır. Müşahidəçilərin fikrincə, indi bu formatın Paşinyan üçün daxildə yaradacağı riskləri nəzərə alsaq, ilk mərhələdə bu prosesin gizli aparılması daha səmərəli olacaq. Amma ilin ortasına doğru bunu nəqliyyat yolları və iqtisadi münasibətlər kontekstində açıq müzakirələrə çevirmək olar. Görünənlər onu deməyə əsas verir ki, Rusiya da regionda əməkdaşlığın qurulmasında maraqlıdır…