“Bu, heç kimi aldatmasın, heç kim bu yalana uymasın” - İlham Əliyev

SİYASƏT
15:13 / 15.01.2021
1129

“Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq. Heç kimdə şübhə olmasın. Artıq bunu müstəqillik tarixi də göstərib, müstəqillikdən əvvəlki tarix də göstərib”. 

HİT.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşa şəhərindəki Saatlı məscidini ziyarət edərkən deyib. 

Dövlət başçısı bildirib ki, bütün dinlərin abidələri bizdə qorunur: 

“Kilsələr, sinaqoqlar, o cümlədən erməni kilsəsi Bakının mərkəzində dövlət tərəfindən qorunur, təmir edilib. Onlar nə ediblər? Mən Zəngilanda olarkən dağıdılmış, divarları qalmış məscidin önündəki çıxışımda Azərbaycan xalqına müraciət edərək dedim onlar nə ediblər, beynəlxalq təşkilatlara müraciət edərək dedim ki, gəlin baxın, hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox. Ermənistan rəhbərliyinin və onun havadarlarının yalan məlumatlarına inanmayın, gəlin, öz gözlərinizlə baxın nə günə salıblar bizim məscidlərimizi. Sadəcə olaraq, onlar görüntü yaratmaq üçün Yuxarı Gövhərağa məscidini guya bir xarici şirkətlə birlikdə təmir etdiriblər. Bu təmir bizə lazım deyil. Bu təmir riyakarlıq rəmzidir, sadəcə olaraq, görüntü yaratmaqdır ki, guya Ermənistan rəhbərliyi məscidləri təmir etdirir. Əfsuslar olsun ki, bir ölkənin şirkəti bu çirkin əməllərdə onlarla şərik olub. Əlbəttə ki, Yuxarı Gövhərağa məscidinin təmiri qəbuledilməzdir. Çünki bizim icazəmiz olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub bu məscidi guya təmir ediblər. Bizə belə təmir lazım deyil və heç kimi aldatmasın, heç kim bu yalana uymasın. Biz bütün məscidlərimizi yenidən təmir etdirəcəyik, yenidən bərpa edəcəyik və bütün dünya görməlidir ki, mənfur düşmən bizim müqəddəs məbədlərimizi nə günə salıb”.

0