İlham Əliyevin açıq və gizli Şuşa mesajları

SİYASƏT
09:21 / 16.01.2021
1615

Gözümüzün gördüyü, qulağımızın eşitdiyi hər şeyin bir müstəqim anlamı olur. Ancaq həm də bir trivial, (dolayı), yaxud rəmzi mənası da var. Hüquqda “düzünə göstəriş” anlayışı var. Eyni zamanda, misal üçün, ədalət mühakiməsində “hüquq düşüncəsi” deyilən bir yanaşma da məlumdur. Çünki qanunlarda, hətta qanunlar toplusunda, məcəllələrdə belə hər şey birəbir yazılmaz. Ona görə də bizim həyatı, cəmiyyəti, bütün prosesləri qavrayışımızda da faktlarla, gözümüzün önündə cərəyan edən hadisələrlə yanaşı bunlara daha artıq anlamlar yükləyən simvollar, rəmzlər də var.

Şuşa bizim onlarla şəhərlərimizdən bir dənəsidir. Əgər dövlətimizin coğrafiyasından çıxıb olaya millətimizin coğrafiyasında baxsaq, şəhərlərimizin sayı daha çoxdur. Şuşadan daha gözəl olanları da var. Ancaq Şuşaya biz daha çox və daha başqa anlamlar yükləyirik. Misal üçün, Gəncəyə kimsə, sadəcə, Azərbaycanın ikinci ən böyük şəhəri kimi, kimisi böyük logistik qovşaq kimi, kimisi böyük sənaye mərkəzlərindən biri kimi baxa bilər. Ancaq ona Nizami yurdu kimi baxan da olacaq, Cavad xanın dirənişindən baxan da olacaq. İstiqlal tariximizin önəmli parşası, ilk respublikamızın ilk paytaxtı kimi baxan da olacaq. Və bunların hamısı bir yerdə Gəncədir. Bunu bütün şəhərlərimizə, bütün Qarabağa, bütün ölkəmizə aid edirəm.

Şuşa da bir xeyli başqa bucaqlardan bir başqa Şuşa kimi görünəcək. Və biz Şuşaya bu qədər dəyər yükləmişik, o, birbaşa və rəmzi mənalarda bizim üçün bu qədər dəyərlidir deyə, əsgərimiz canı, qanı bahasına o sıldırım, sərt qayalıqları aşıb Şuşanı geri qaytara bildi. Çünki Şuşanın bizim üçün daşıdığı strateji önəmi ilə yanaşı həm də o müqəddəs rəmzi anlamı əsgərimizin əlində silahdan da kəsərli silah idi. İnsan üçün ən dəyərli şey öz canıdır. O, canını canından daha dəyərli bir nəsnə üçün qurban verir...
Azərbaycanın öz müstəqilliyii bərpa etməsindən 29 il 3 ay keçir. İlham Əliyev Şuşaya getdi. Burda qəribə bir şey yoxdur. Əgər rəmzi anlamdan baxsaq, o, müstəqil Azərbaycanın Şuşaya gedən ilk Prezidentidir. Eyni zamanda Şuşa geri alındıqdan sonra baş tutan bu səfərin çoxanlamlı simvolik çalarları var. Mən bu səfərdən videoreportajı canlı izləyərkən gözümün qarşıısndan çox şey keçdi; Dağlıq Qarabağ separatçılarının, Ermənistan rəhbərlərinin, onların xaricdən gətirdikləri rəngbərəng qonaqlarının Şuşada etdiklərini, Şuşa üzərindən bizim şəxsi və milli qürururmuz aşağılayan hərəkətlərini xatırladım. Bizə meydan oxumalarını, bizi aşağılamalarını... Hər şeyi.

Dövlətin başçısı da dövlətin ali rəmzidir. Onun 27 il 6 ay işğal altında qalandan sonra azad olunan Şuşaya gəlişi özünün bütün başqa nəticələri ilə bərabər Azərbaycan dövlətinin savaşın qalibi və torpağın sahibi kimi Qarabağa qayıdışını, Qarabağın, Şuşanın Azərbaycan suverenliyi altına keçməsini simvolizə edir. Biz Azərbaycanın bayrağının, dövlətinin Qarabağa qayıtmasını 27-29 il gözləmişik. Dövlətimizdən, ordumuzdan bunu istəmişik. Əlimiz heç yerə çatmayanda, sadəcə, xəyallar qurmuşuq, dualar qılmışıq. Bu gün bunlar artıq gerçəkləçir və dövlət Şuşadadır. Və bu dövlət artıq əhalinin o yerlərə qayıdışını təmin etməlidir və edəcək də.
Əlbəttə ki, bu gün müəyyən narahatlığımız da qalır; hələ bizim dövlətin suverenliyinin yetmədiyi, əsgərimizin ayağını basmadığı şəhər və kəndlərimiz də var. Hələ orda başqa ölkələrin əsgərləri, diversantları, quldur dəstələri qalan bölgələrimiz də var. Bunun naranahlığını xalq olaraq keçiririk, keçirməliyik də. İfadə edirik, etməliyik də. Toplum olaraq bu etiraz ruhumuzu həmişə diri tutmalıyıq, tuturuq da. Torpaqlarımıza - zor, ya xoş fərq etməz, soxulmuş yad əsgərləri son fərdinədək ordan çıxarmağı hədəfləyirik və belə də olmalıdır. Bəlkə bəziləri bu fikirlərin dövlətə zərər vurduğunu düşünər. Xeyr, əsla! Bu, bizim dövləti masada zəiflətmir, daha da güclü edir. Zatən dövlət özü bunu ən yüksək səviyyədə gündəmə gətirir, bu məsələ ətrafında işləyir.

11 yanvar Moskva görüşü ərəfəsində Azərbaycan Prezidenti Qarabağdakı rus “sülhməramlıları”nın da davranışlarına dair tənqidi mövqeyini ortaya qoydu. Oradakı erməni silahlı ünsürlərini də artıq hansısa nizami ordu birləşmələrinin deyil, diversant qrupların, terror dəstələrinin mənsubları adlandırdı. Belə saydı. Bu, tamamilə adekvat bir yanaşmadır. Daha sonra Türkiyə Prezidentinin də açıqlaması oldu; Qarabağda erməni silahlı birləşmələri və rus “sülhməramlıları” olmadan sülhün təmin olunmasının mümkünlüyünü ortaya qoydu. Yəni sülhə mane olanların adlarını çəkdi. Bu da Xankəndinin, Xocalının, başqa şəhər və kəndlərimizin zamanla, mərhələlərlə, addım-addım Azərbaycanın suverenliyi altına qaytarılacağına əsaslı inam yaradır. Rusiyalı ekspert Sergey Markov Azərbaycanın buna həm diplomatik, həm də daha çox iqtisadi rıçaqlarla nail olacağını irəli sürür.

Azərbaycan dövlət başçısının Şuşaya bu günkü anlamlı səfəri də: “Bir gün Xankəndinə də belə gələcəm” mesajı idi. Biz də, təbii ki, bu mesajın reallaşmasını hamılıqla gözləyirik.

Bahəddin Həziyev

1