AY Partiya Başqanı yanında Məsləhət Şurası yaradıldı

15:38 / 21.01.2021
960

Məramnamə məqsədlərindən biri Azərbaycan siyasətinə yenilik gətirmək və yeni ruh qazandırmaq olan Azərbaycan Yüksəliş Partiyası bir yeniliyə daha imza atıb - AY Partiya Başqanı yanında Məsləhət Şurası yaradılıb. 

HİT.Az xəbər verir ki, Məsləhət Şurası Partiyanın beynəlxalq əlaqələrinin əsas istiqamət və fəaliyyət xətti olan Türk Dünyası və soydaş xalqlar ilə iş üzrə fəaliyyət göstərəcək. 

“Məlumdur ki, Türk xalqlarının bir hissəsi hazırda beş etno-mədəni mərkəz nəzdində parçalanmış şəkildə yaşamaqdadır. Bunlar Hind-Çin, Rus-Slavyan, Fars-İran, Ərəb-Bədəvi, Qərb-Avropa mədəniyyətləridir. Müstəqil Türk Respublikaları isə bunlar arasında yerləşib və Türk Kəmərini təşkil edir.

AY Partiya rəhbərliyi hər zaman dövləti olmayan Türk xalqlarının problemlərini diqqətdə saxlayır və cəmiyyətimizə bununla əlaqədar vaxtaşırı məlumat verir. 

Bu fəaliyyət istiqamətini daha koordinasiyalı şəkildə həyata keçirmək üçün artıq Məsləhət Şurasının bir neçə regionu təmsil edən məsləhətçiləri təyin olunub. Bunlar Təbriz Araşdırmaları Mərkəzinin Başqanı Dr. Rza Heyət, Türkmən Doktorlar Birliyi Başqanı Dr. Muhtar Fatih Beydili, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi sözçüsü Məhsa Mehdili və Əli Zeynaldır. 

Ərəb dünyasının Türk dünyası ilə tarixi-mədəni əlaqələrinin genişliyini və miqyasını nəzərə alaraq, Ərəb-Türk münasibətləri üzrə məsləhətçi Suriya Hələb Türkmənlərindən Dr. Muxtar Bəydilli bu vəzifəyə uyğun görülüb. 

Şuranın Güney Azərbaycan Türklərinin məsələləri üzrə təmsilçiləri Mehsa Mehdili və Rza Heyətdir. Onlar həm Güney Azərbaycan daxilində, həm də Güney Azərbaycanlıların dünyadakı təşkilatları üzrə məsul məsləhətçidirlər.

Türkməneli və xüsusilə də Kərkük Türkmanları məsələsinin ağırlığını və Ərəb-Kürd siyasi basqısının təsirini nəzərə alaraq, Kərkükdən məsul məsləhətçi Əli Zeynal təyin olunub.
Məsləhət Şurası indilik bu tərkibdə işə başlasa da, yaxın zamanda sıralarını genişləndirməyi planlaşdırır”, - deyə partiyanın yaydığı məlumatda bildirilir.

0