Bu gün Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramovun Türkmənistana səfəri çərçivəsində bu ölkənin XİN rəhbəri Rəşid Meredovla təkbətək, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri keçirilib.
Azərbaycan XİN-in Mətbuat Xidməti idarəsindən HİT.Az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat-logistika, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələləri də daxil olmaqla, ətraflı fikir mübadiləsi aparılıb.
Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə hökumətlər arasında Anlaşma Memorandumunun imzalanması hər iki dövlət arasında, eləcə də Xəzər dənizi bölgəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin bariz nümunəsi kimi qeyd olunub. Razılaşmanın əldə edilməsi eyni zamanda Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirdiyi və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.
Tərəflər, regional əməkdaşlıq, o cümlədən üçtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu ilin yanvarın 16-da Azərbaycan, Türkmənistan və Əfqanıstan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsinin imzalanmasına istinad edilərək, bu xüsusda tədbirlərin icrası məsələləri müzakirə edilib.
Görüşdə tərəflər ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı dəstəyi, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.