"Son günlər ermənilərin Kəlbəcər yolundan istifadə etmək arzuları ilə bağlı piket keçirməsi və Rusiya sülhməramlı qüvvələrinin həmən gəlib onlarla danışıq aparması və bu hadisənin həm Rusiya, həm erməni mətbuatında geniş işıqlandırılması təsadüfi deyil və açıq-aşkar görünür ki, ortada bir ssenari var. Bu məsələ Stepanakertdəki qüvvələr tərəfindən yox, "yerli əhalinin əli ilə" qaldırılır və Rus qüvvələrinin işə qarışmasına sanki legitimlik yaradılır".
Qaynarinfo xəbər verir ki, bu sözləri politoloq Elxan Mehdiyev Qarabağda yaşayan ermənilərin keçirdiyi son aksiyaları şərh edərkən bildirib. Politoloqun sözlərinə görə, Kəlbəcər-Vardenis yolu ancaq və ancaq Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər qurulandan sonra açıla bilər:
"Erməni tərəfinin taktikası belədir. İstənilən məsələni qaldırıb Prezident Putinə çatdırın və o da təbii, öz növbəsində Bakı ilə danışacaq. Ya həll ediləcək, ya da gündəmdə saxlanılacaq. Dadivank kilsəsi məsələsində olduğu kimi. Görünən odur ki, Rusiya burada ermənilərin tələbinə nüvə məsələsindən daha da həssas yanaşır. Buranı Rusiya xarici işləri S. Lavrovun dediyi kimi "zona otvetsvennosti” sayır...
Ortaya çıxan əsas sual budur ki, yaxşı, bu Azərbaycanın dövlət sərhədləri yoxdur? Yoxsa Azərbaycanın ermənilər üçün sərhədləri açıq olmalıdır? O zaman Azərbaycan əsgəri Kəlbəcər və Laçının 3500 km hündürlüyündə nə üçün keşik çəkir? Əsgərlərimizin sağlamlığı hesabına dağları qorumaq nə məna daşıyır? Onsuz da ermənilər Laçından sərbəst gedib gəlirsə, o zaman elə sərhədi pozmaq istəyən niyə dağlardan keçməlidir ki. Kim istəsə, Laçından sərbəst gəlib gedəcək və öz işini də görəcək. Bu cür suallar hamını düşündürür.
Biz Laçında problem yaşadığımız halda yenidən Kəlbəcər yolunu da ermənilərə sərbəst gəliş-gediş üçün açarıqsa, o zaman Azərbaycanın təhlükəsizliyindən danışmaq mümkündürmü? Əsla yox... Çünki dövlət ilk növbədə öz sərhədlərini qorumalıdır. O zaman belə çıxır ki, bizə düşmən olan Ermənistanla sərhədlər açıq qalır və dost olan Türkiyə, Gürcüstan və ya Rusiya və İranla sərhədlər bağlı olur? Hansı məntiqə sığır bu? Azərbaycanda kim bunu qəbul edər?
Bu işi leqallaşdırmaq üçün son günlər cənab Lavrov da araya girib. O, Ermənistan rəsmi və qeyri-rəsmilərinin Azərbaycana gəlməsində heç bir problem görmədiyini bildirir. Və Laçın koridorunun həmişə, on illiklər boyu danışıqlar mövzusu olduğunu bildirir. Danışıq mövzusu olub, amma heç kim bununla bağlı razılığa gəlməyib. Belə çıxır ki, həmsədrlərin təklif etdiyi bütün 6 prinsip üzrə razılıq olmayıb və təkcə Laçın üzrə razılıq olub? Bu, heç vaxt olmayıb. Lavrov yaxşı bilir ki, Minsk Qrupunun rəsmi prinsipinə görə, danışıqlarda bütün məsələlər üzrə razılıq yox idisə, heç bir məsələ ilə bağlı da razılıq yox sayılırdı. Heç vaxt da razılıq olmayıb.
Digər tərəfdən görünən odur ki, Lavrov Azərbaycanı heç dövlət kimi görmür. Biz dost Rusiyaya getdiyimiz zaman 3 nəzarət nöqtəsindən keçdiyimiz halda, Azərbaycanla müharibə vəziyyətində olan ölkənin vətəndaşları Azərbaycana nə cür sərbəst gedib-gələ bilər? Axı Rusiya Prezidenti Putin beynəlxalq hüquqa görə Daqlıq Qarabağ Azərbaycandır deyir. O zaman Lavrovun bu cür izahatı nə deməkdir?
Qısa olaraq, həm Rusiyaya və həm də ermənilərə bildirmək lazımdr ki, Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər qurulandan və Azərbaycan-Ermənistan sərhəd keçid məntəqəsi yaradılandan sonra ermənilər də Kəlbəcər yolundan istifadə edə biləcəklər. O zamana qədər bu, mümkün deyildir.
Erməni əhalisinin "niyə azərbaycanlılar Agdərə-Kəlbəcər yolundan istifadə edir, biz isə bu yoldan istifadə edə bilmirik, bu 10 Noyabr anlaşmasına ziddir” deməsinin yumşaq desək, heç bir əsası yoxdur və manipulyasiyadan başqa bir şey deyil. Çünki Ağdərə-Kəlbəcər yolu ölkədaxili yollardır. Bu, beynəlxalq yol deyil. Qarabağ erməniləri də daxili yollardan istifadə edə bilər. Ancaq Agdərə-Vardenis yolu artıq beynəlxalq yoldur. Sərhəd keçid məntəqəsi olmayınca ermənilər bu yoldan istifadə edilə bilməz".