Dağlıq Qarabağın artıq statusu var: O, Azərbaycanın bir hissəsidir - MÜSAHİBƏ

SİYASƏT
15:36 / 27.01.2021
5145

ABŞ-da hökumət başına yeni rəhbərliyin gəlişi Ermənistanda müsbət emosiyalar dalğasına səbəb olub.

Ermənistanda gözləntilər var ki, rəsmi Vaşinqton Qarabağın statusu məsələsini qaldıracaq, ATƏT-in Minsk qrupunu nizamlanmaya cəlb edəcək və Türkiyəni prosesdən kənarlaşdıracaq.

ABŞ-ın yeni dövlət katibi Entoni Blinken bu posta seçilməmişdən əvvəl etdiyi açıqlama qeyd etmişdi ki, dövlət katibi olacağı təqdirdə ABŞ münaqişənin nizama salınmasında iştirakını aktivləşdirəcək və yeni müharibənin qarşısını almağa çalışacaq.

Buraya ABŞ-ın həmsədr olduğu Minsk Qrupu vasitəsilə prosesdə iştirakımızı aktivləşdirmək və üçüncü tərəfin müdaxiləsindən yayınmaq üçün əlavə diplomatik fəaliyyət daxildir.

Burada üçüncü tərəf deyildikdə aydındır ki, Türkiyə nəzərdə tutulur.

Bundan əlavə, konqresmen Adam Şiff bəyan etmişdi ki, ABŞ Konqresi “Artsax respublikası”nın müstəqilliyini tanımalıdır.

A.Şiff bu barədə “Asbarez”ə müsahibəsində demişdi. O, həmçinin bildirmişdi ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları bərpa etməlidir. Konqresmen Türkiyənin bölgədəki rolunun azaldılması zərurətinin də olduğunu bildirmişdi.  

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayza Media.Az-a müsahibəsində vəziyyəti şərh edib:

- Həqiqətən də, ABŞ Senatındakı dinləmələr zamanı Entoni Blinken dövlət katibi olacağı təqdirdə Qarabağ münaqişəsinin son həllində ATƏT-in Minsk qrupunun işinin davam etdirilməsinə dəstək verəcəyini bildirmişdi. E. Blinken üçüncü ölkələrin bu prosesə müdaxiləsinə də qarşı çıxmışdı. Əlbəttə o, Türkiyəni nəzərdə tuturdu.

Burada bir neçə məqama diqqət etmək lazımdır. Əvvəla, dinləmələr seçki kampaniyası kimi bir şeydir. Mən bunu çox yaxşı bilirəm. Vaxtilə erməni icması ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyimin əleyhinə idi.

Belə ki, bu cür dinləmələr zamanı erməni icması senatorlara təsir edir, onları maraqlandıran mövzulara dair suallar verirlər. Onlar çox istəyirlər ki, Qarabağ münaqişəsinin son həlli ATƏT-in Minsk qrupu çərçivəsində həll edilsin. Ancaq Azərbaycan və Rusiyanın mövqeyinə gəlincə bu, Bakı və Moskvanın qəbul etdiyi birgə bəyanatda öz əksini tapıb.

Bütün namizədlər üçün dinləmələr çətin keçir, xüsusən də namizəd bir çox senatorun erməni icması ilə əməkdaşlıq edəcəyini bilirsə. Əgər onların sevmədiyi bir şey desəydi, o, sadəcə olaraq Dövlət katibi ola bilməzdi. Ona görə də nəzərə almaq lazımdır ki,  E. Blinken faktiki olaraq onları yola verirdi. “Bəli, biz kömək etmək istəyirik, istəyirik ki, müharibə olmasın” kimi cavablar təbiidir və hər hansı öhdəlik daşımır.

Sizcə, Vaşinqtondakı yeni rəhbərlik dövründə bu ölkənin Ankara ilə münasibətləri necə olacaq?

- Türkiyəyə gəldikdə, başa düşmək lazımdır ki, ABŞ Konqresində bu ölkənin dostu yoxdur. Vaşinqton Ankaranın Rusiyanın “S-400” raket sistemlərini almasından çox narazıdır. Konqresmenlər və senatorlar bununla Türkiyənin NATO və ABŞ ilə deyil, Rusiya ilə ortaq bir yol seçdiyinə inanırlar. Mən isə hesab edirəm ki, onlar böyük səhv edirlər.

Gəlin Qarabağ mövzusuna qayıdaq. Konqresmen Adam Şiffin ABŞ Konqresinin separatçı “Artsax Respublikası”nın müstəqilliyini tanımalı olduğuna dair açıqlaması olmuşdu.

- Bu açıqlama sürpriz olmadı (gülür). Konqresmen Adam Şiff Kaliforniya ştatında ABŞ-dakı erməni icmasının nümayəndələrinin yaşadığı bölgəni təmsil edir. O, həmişə erməni tərəfini dəstəkləyir. Lakin bu onun fikridir və Birləşmiş Ştatların, hətta Konqresin də siyasəti deyil.

Əlbəttə eyni zamanda, Adam Şiffin nüfuzlu konqresmen olduğunu da etiraf etməliyik. A. Şiff ilə eyni fikirdə olan digər konqresmenlər də var. Onun qondarma “Artsax Respublikası”dan bəhs etməsinin heç bir əhəmiyyəti yoxdur. ABŞ hökuməti mövcud olmayan bu qurumu heç vaxt tanımayacaq. A. Şiff ABŞ-dakı erməni icmasından ciddi dəstək aldığına görə anti-türk mövqeyi tutur.

O, ATƏT-in Minsk Qrupunun işini bərpa etməsini istəyir. Bu Amerika diplomatiyasının ənənəvi yanaşmasıdır. Sülh prosesini möhkəmləndirə biləcək danışıqlara etiraz etdiyinizi açıq şəkildə demək olmaz. Digər tərəfdən aydındır ki, kimsə Minsk formatında danışıqları bərpa etmək istəyirsə, bu danışıqların predmetini, nələrin müzakirə edilməli olduğunu bilməlidir.

Cənab Şiffin, ABŞ-ın erməni icmasının, Ermənistan və Fransa hökumətlərinin nəzərincə, bu, Dağlıq Qarabağın hüquqi statusudur.

Ancaq Bakı və Moskvaya görə, artıq hər şeyə qərar verilib, status yoxdur və bu, 10 noyabr sənədində öz əksini tapıb. Daha doğrusu, bir status var: Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir.

ABŞ-ın yeni rəhbərliyinin Qarabağla bağlı razılaşmaları şübhə altına alacağını düşünmürsüz ki?

- Mən düşünmürəm ki, Bayden administrasiyası bu razılaşmanı şübhə altına alacaq. İndi sadəcə olaraq Senatdakı seçkilər və dinləmələrlə əlaqədar siyasi oyun gedir. Bura Vaşinqtondur.

Prezident C.Baydeni və yeni dövlət katibi E. Blinkeni şəxsən tanıdığım üçün əminliklə deyə bilərəm ki, onlar Qarabağla bağlı razılaşmanı pozmağa çalışmayacaqlar.

Bəli, Vaşinqtonda bu razılaşmanın ABŞ-ın maraqlarına uyğun olmadığını düşünən bir çox insan var.

Belə ki, onlar razılaşmanın əldə olunmasında Vaşinqtonun dostu olmayan Rusiyanın iştirakını bu ölkənin nailiyyəti hesab edir.

Həmçinin məhz bu səbəbdən irəli gələrək xüsusilə C.Baydenin prezidentlik dövrünün əvvəlində Türkiyə ilə münasibətlər bir qədər gərgin olacaq. Dediyim kimi, konqresmenlər və ABŞ administrasiyasının üzvləri düşünürlər ki, Türkiyə “S-400” komplekslərini almalı deyildi.

Suriyanın şimalına dair də sual da var, kürdlərə qarşı hərbi əməliyyatlardan söhbət gedir. Ancaq bu siyasətçilər baş verənlərdən sadəcə olaraq xəbərdar deyillər. Ancaq bir neçə aydan sonra Türkiyə ilə ABŞ arasındakı münasibətlər yaxşılaşacaq. Bundan əlavə, Qarabağla bağlı əldə olunmuş razılaşmaların əhəmiyyətinin tam şəkildə qavranılması baş verəcək.

0