Ermənistanın keçmiş prezidenti Robert Koçaryan yenidən siyasətə qayıtdığını və qarşıdakı parlament seçkilərinə qatılacağını elab edib.
Nikol Paşinyan hakimiyyətini Qarabağ məğlubiyyətinə və iqtisadi siyasətinə görə sərt tənqid edən siyasətçi vəziyyətdən çıxış yolunu bildiyini əlavə edib.
Maraqlıdır, Ermənistanda Paşinyanın əvəzinə revanşist qüvvələri təmsil edən Koçaryanın hakimiyyətə gəlmıəsi Qarabağ məsələsinin nizamlanmasına hansı təsiri göstərəcək?
Bu barədə Modern.az-a danışan politoloq İlqar Vəlizadənin sözlərinə görə, Robert Koçaryanın hakimiyyətə gəlməsi münaqişəni yenidən qıcıqlandıra bilər.
“Qondarma rejimin ilk rəhbəri olaraq Qarabağın işğalında Koçaryan bilavasitə iştirak edib. Bu da mümkün danışıqlara öz mənfi təsirini göstərəcək. Koçaryanın yenidən siyasətə qayıtması hər halda yaxşı nəticə vəd etmir. Qarabağda vəziyyətin gərginləşməsi, təxribatların, hərbi toqquşmaların artırması gözlənilə bilər”.
Bununla belə, ekspert Koçaryanın mümükn seçkilərdə qələbə şansını bir o qədər də yüksək qiymətləndirməyib.
“Çünki Ermənistan əhalisi onun hakimiyyəti dövründə törətdiyi cinayətlərdən xəbərdardır. Ona görə də onu yenidən hakimiyyətə gətirilməsini yəqin ki, istəməzlər. Lakin iş orasındadır ki, son illər ərzində Ermənistan əhalisi ümumiyyətlə seçkilərə maraq göstərmir. Bunun səbəbi həm keçmiş, həm də indiki hakimiyyətdə olan insanlara inanmamalarıdır”.
İlqar Vəlizadənin fikrincə, Ermənistan sakinləri seçkilərdə passiv iştirak edərlərsə, Koçaryanın qalib gəlmək şansları çoxalacaq.
“Əgər insanlar seçkilərdə passiv iştirak edəcəklərsə, köhnə komandanın nümayəndələri, Koçaryanın əlaltıları səsləri almağa cəhd göstərəcəklə. Heç nəyə ümid bəsləməyən insanlar öz səslərini asanlıqla sata bilərlər. Belə hal baş verərsə, təəssüflər olsun ki, Koçaryanın qalib gəlmə şansı daha çox olacaq. Müsahibəsində elə iddialı danışmasına səbəb səsləri ala bilməsindən arxayın olmasıdır. O bilir ki, buna imkanı çatır. Hakimiyyətə gəldikdən sonra yenidən talançılıqla məşğul olmağa başlayacaq. Yeri gəlmişkən onlara qarşı cinayət işi açılıb. Cinayət işlərinin xitam edilməsi görünür. Yenidən hakimiyyətə gəlməsi və büdcənin talan edilməsi üçün onlar bu addımı ata bilərlər”.