Ermənilərlə azərbaycanlılar bir-birinə atəş açsa... - Ekspertdən açıqlama

SİYASƏT
17:41 / 01.02.2021
988

Noyabrın 10-da imzalanan üçtərəfli sazişin müvafiq bəndinə əsasən, yanvarın 30-dan Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə türkiyəli şəxsi heyətə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.

Maraqlıdır, mərkəzin fəaliyyətə başlaması Ermənistan rəsmilərinin Qarabağa qanunsuz səfərlərinin qarşısını alacaqmı?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında Qarabağda monitorinq qrupunun fəaliyyətə başlamasının regiona təsir etməyəcəyini deyib:

“Uzaqbaşı bizim nəzarət edə bilmədiyimiz Dağlıq Qarabağ ərazisinə təsir edəcək. Bu monitorinq mərkəzinin oradakı funskiyası atəşkəsə nəzarət etmək, insidentlərin qarşısını almaqdan ibarətdir. Başqa heç nə yoxdur. Təsəvvür edin ki, 60 nəfərdən ibarət bir heyətdir və Dağlıq Qarabağdan xeyli kənarda Ağdamın kəndində əyləşib texnika vasitəsilə nəyin necə olduğuna baxırlar. Axı onlar nə biləcək ki, Laçın dəhlizinin başındakı Ermənistan-Azərbaycan dövlət sərhəddində eni  5 kilometr olan yerdən kim keçir? Mülki  paltarda keçən Livandan gəlmiş ASALA terrorçusu və ya Ermənistan rəsmisini haradan tanıyacaqlar? 

Onların fəaliyyətə başlaması Ermənistan rəsmilərinin Qarabağa qanunsuz səfərlərinin qarşısını ala bilməz. Kimin gəlib-getdiyini bilməyəcəklər. Çünki sərhəddə yoxlama yoxdur. Rus hərbçiləri gələnlərin sənədlərinə baxırlar, Ermənistan vətəndaşıdırsa, gedə biləcəyi yeri göstərirlər. Dağlıq Qarbağda yaşayan “Arayik hökuməti”nin “vətəndaş”ları da gəlirlər. Axı orada atəş açılmır ki, deyəsən, monitorinq qrupu atəşkəsə nəzarət edəcək”.

Həmsöhbətimiz monitorinq mərkəzini 27 il polşalı Anji Kaspşiki əvəz etdiyini vurğulayıb:

“ATƏT-in Minsk qrupunun həmsədrləri ilə bərabər Anji Kaspik də vardı, o, Qarabağa gəlib-gedirdi, hərdən monitorinq keçirirdi, atəşkəsə əməl olunub-olunmadığını yoxlayırdı. Hazırda kimdir atəş açan? Şərti adı sülhməramlı olan bu qüvvələrin mövcud olduğu yerdə Ermənistan silahlı qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələrinin bir-birinə atəş açması gözlənilmir. Tutaq ki, insident, həqiqətən də, baş verdi, amma bu insident Dağlıq Qarabağ problemini həll etmək demək deyil. Elenmentar bir şey deyək. Kəlbəcərə gedən maşın karvanında yaşanan problemin ikinci bir variantını monitorinq mərkəzi necə həll edəcək? Yenə  bizim yükləri bizim maşınlardan boşaldıb rus maşınlarına qoyub yola salacaqlar? Bu məsələnin həllidirmi? Deyil. Bu zaman bizim oradakı türk qardaşlarımız məsələyə necə münasibət bildirəcəklər? Deyəcəklər ki, qoyun, Azərbaycan maşınları buradan keçsin. Amma bu məsələ də Dağlıq Qarabağ probleminin indiki vəziyyətdə həlli deyil”.

Ekspert diqqətə çatdırıb ki, monitorinq mərkəzi hələ də qalan Qarabağ probleminin içərisində xırda bir detaldır:

“Yeganə təsəlli odur ki, Türk Ordusu 60 nəfərlə burada təmsil olunur. Amma Türk Ordusu onsuz da Naxçıvana və digər ərazilərə gəlib-gedir, hərbi təlimlər keçirir. Belə ikinci-üçüncü dərəcəli məsələlərlə özümüzə təsəlli verə bilmərik.  Bu, həqiqətən, çox xırda detaldır, reallıq odur ki, Dağlıq Qarabağ problemi qalır. Erməni anklavı qalır. Üstəlik buraya şərti adı sülhməramlı oln qüvvələr gəlib. Məsələnin həlli tamam başqa istiqamətdə aparılmalıdır”.

3