Fevralın 2-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavini, Ankaradan deputat Mevlüt Karakayanı qəbul edib.
HİT.Az xəbər verir ki, Milliyətçi Hərəkat Partiyasının sədr müavini Mevlüt Karakaya partiyanın sədri Dövlət Baxçalının salamlarını Prezident İlham Əliyevə çatdırıb. O, dövlətimizin başçısı rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Zəfər münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Prezident İlham Əliyev Dövlət Baxçalının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Milliyətçi Hərəkat Partiyasının sədrinə çatdırmağı xahiş edib.
Dövlətimizin başçısı Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi siyasi, mənəvi və diplomatik dəstəyi xatırladıb. Müharibə dövründə Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın bəyanatlarının Azərbaycana böyük dəstək olduğunu deyən Prezident İlham Əliyev Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının müttəfiqi olan Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının da açıqlamalarının siyasi, mənəvi önəm kəsb etdiyini deyib.
Milliyətçi Hərəkat Partiyasının sədr müavini Mevlüt Karakaya Azərbaycanın işğaldan azad edilən torpaqlarında mədəniyyət və incəsənət təmayüllü məktəbin tikintisi ilə bağlı təşəbbüs barədə dövlətimizin başçısına məlumat verib. Bu xüsusda Azərbaycanın təhsil naziri və digər rəsmi şəxsləri ilə görüşdüyünü bildirib.
Prezident İlham Əliyev bu təşəbbüsə görə təşəkkürünü bildirib, azad edilmiş torpaqlarda aparılan bərpa və şəhərsalma işləri çərçivəsində bu təşəbbüsün nəzərə alınacağını deyib. İşğaldan azad olunan ərazilərdə şəhərlərin baş planlarının hazırlandığını vurğulayan dövlətimizin başçısı məktəb binası üçün münasib yerin seçilməsi məqsədilə müvafiq təlimatlar verəcəyini qeyd edib.
Söhbət zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin uğurlu inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.