Partiya sədri Ankarada Türkmən təşkilatlarının liderləri ilə bir araya gəldi - FOTO

SİYASƏT
10:41 / 03.02.2021
1612

Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli Türkməneli Əməkdaşlıq və Mədəniyyət Fondunun İdarə Heyətinin Başqanı Turhan Ketene ilə görüşüb.

HİT.Az xəbər verir ki, görüşdə AY Partiya Başqanının Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqanın müavini Elşad Abdullayev və Başqanın məsləhətçisi Rza Heyət, Türkməneli Əməkdaşlıq və Mədəniyyət Fondunun Məsləhətçisi Dr. Mustafa Ziya, İnformasiya şöbəsinin rəhbəri Dr. Şəmsəddin Küzəçi iştirak ediblər.

Görüş zamanı Azərbaycan və Türkmənelinin ictimai təşkilatlarının əlaqələrinin inkişafına dair müzakirələr aparılıb, 44 günlük Qarabağ savaşında Türkmənelinin Kərkük və digər şəhərlərində yaşayan Türkman qardaşlarımızın Azərbaycana dəstəyindən danışılıb. 

Turhan Ketene istər Azərbaycanda, istərsə də Türkmənellində milli istiqlal məsələlərinin ancaq Türkçülük şüur və ruhu ilə qələbə qazana biləcəyini dilə gətirib. O bildirib ki, Türkiyə, Azərbaycan və digər Türk respublikaları Türkmənelində yaşayan soydaşlarına mənəvi və mədəni sahədə yardımlarını əsirgəməməlidir. Bu mənada AY Partiya rəhbərliyinin çox doğru yolda olduğunu və bu yolda hər növ əməkdaşlığa hazır olduqlarını dilə gətirib.

AY Partiya Başqanı isə Türkməneli məsələsinin daim partiyanın gündəliyində olduğunu, iki və çox tərəfli əlaqələrin qurulması üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb. 

Türkməneli Əməkdaşlıq və Mədəniyyət Fondunun rəhbərləri qonaqlara hədiyyələr təqdim ediblər.

AY Partiya Başqanı Anar Əsədli İraq Türkman Cəbhəsinin Türkiyə təmsilçisi Mehmet Tütüncü ilə də görüşüb.

Görüşdə AY Partiya Başqanının Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqanın müavini Elşad Abdullayev və Başqanın məsləhətçisi Rza Heyət, İraq Türkman Cəbhəsi Təşkilati işlərdən məsul Firas Ağaoğlu iştirak ediblər.

Görüş zamanı Azərbaycan və Türkmənelinin siyasi partiyalarının əlaqələrinin inkişafına dair müzakirələr aparılıb.

AY Partiya Başqanı qeyd edib ki, bizim üçün Qarabağ nədirsə, Türkməneli də odur. Dünyanın hər bir tərəfində yaşayan soydaşımızın taleyinin partiyamızı yaxından maraqlandırdığını dilə gətirən AY Partiya Başqanı əlavə edib ki, 44 günlük Qarabağ savaşında Türkmənelinin Telaferden Mendelliyə qədər hər bir nöqtəsindən Azərbaycana dəstək veriblər. 
Mehmet Tütüncü isə hər zaman Azərbaycanlı siyasi partiyalar ilə sıx əməkdaşlıq içində olmaq istədiklərini deyib. Azərbaycandan hər zaman mübarizələrinə mənəvi dəstək gördüklərini deyən Tütüncü bunun kifayət etmədiyini, bütün Türk ölkələrinin azsaylı və dövləti olmayan Türk xalqlarına daha çox diqqət ayırmaları gərəkdiyini bildirib.

Qərara gəlinib ki, tez bir zamanda bərabər fəaliyyət planı hazırlansın və münasibətlərin daha da effektiv səviyyəyə gətirilməsi üçün lazımi addımlar atılsın.

0