Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan faktiki olaraq Paşinyanın komandasında, Bakı və Moskva ilə razılıq əldə edilərsə, Qarabağda erməni silahlı qüvvələrinin – “Arsaxın özünümüdafiə ordusunun” ləğv edilməsi qərarı verilib. Bu barədə şaiyələr Qarabağda və Ermənistanda fəal şəkildə müzakirə olunur.
“Konstitusiyaya əsasən, Ermənistan Respublikası Arsax Respublikasının təhlükəsizliyinin zaminidir və bu vəziyyətdə müdafiə ordusunun necə olacağı barədə qərar qəbul edilməlidir. Düşünürəm ki, o, hansısa tərkibdə qalmalıdır, amma onun necə olacağını hazırki rəhbərlik müəyyən etməlidir”. Bu barədə Ermənistan KİV-lərinə Ermənistanın, ondan əvvəl isə Qarabağın müdafiə naziri olmuş Seyran Ohanyan bildirib.
Ermənilərə Qarabağda demilitarizasiya barədə xəbərdarlıq edən ilk şəxs Qarabağın ermənilər məskunlaşan hissəsinin lideri Araik Arutyunyan olub. O, yanvarın 25-də “Təhlükəsizlik Şurası”nın iclasında deyib: “Biz hələ çətin qərarlar qəbul etməli olacağıq. İctimaiyyətlə dialoqdan sonra yaxın illərdə siyasi həllərlə bağlı ictimai əhval-ruhiyyəni nəzərə almalıyıq, amma həm də onlara real vəziyyəti göstərməliyik. Niyə mən bunu xüsusi olaraq vurğulayıram? Çünki bizim 94-cü il müharibəsindən sonra mühüm çağırışlardan bəhs edən gündəliyimiz olub, amma biz real təhlükəni və onun ölçülərini nəzərə almamışıq”.
Qarabağda tərkibinə FHN və polisin daxil olduğu “Daxili İşlər Nazirliyinin” yaradılması “ordunun” buraxılmasının digər bir dolayı təsdiqi hesab olunur. Qarabağda erməni qoşunlarının çıxarılmasına paralel olaraq əhalinin müdafiəsi və daxili təhlükəsizlik funksiyasını Qarabağ ermənilərinin məhdud polis qüvvələri kontingenti həyata keçirəcək, kənar təhlükədən, yəni Azərbaycandan isə onları Rusiya sülhməramlı qüvvələri qoruyacaq.
Bu prosesin hüquqi əsası kimi üç ölkə liderinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının dördüncü bəndini göstərirlər: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılmasına paralel olaraq yerləşdirilir”.
Ermənistanda və Qarabağda indi Azərbaycan və Rusiya silahlı qüvvələrinin erməni hərbiçilərin Qarabağa qayıtmasına niyə imkan vermədiklərini başa düşürlər. Oğullarının Qarabağa göndərilməsindən narazı olan valideynlər bildiriblər ki, Baş Qərargah əsgərləri adi sakinlər kimi mülki geyimdə göndərməyə çalışır. Amma Qarabağda çox sayda erməni əsgərin əsir düşməsindən sonra Ermənistanda valideynlər ölkə vətəndaşlarının Qarabağda qulluq etməsinə qarşı ictimai kampaniyaya başlayıblar.
“Dayaq nöqtəsi” analitika mərkəzinin rəhbəri Tiqran Abramyan valideynlərin hərbi qulluqçuların Qarabağa göndərilməsinə etiraz aksiyasına siyasi rəhbərliyin gizli dəstəyi olmasını istisna etməyib. Abramyan güman edir ki, Yerevan və Bakı arasında gələcəkdə erməni silahlı qüvvələrinin yerləşməsi ilə bağlı gizli razılaşmalar var.
“Valideynlərin narahatlığını başa düşmək mümkündür, onların hərbi-siyasi rəhbərliyə suallarını da. Atəşkəs imzalandıqdan sonra əsgərlərin əsir düşməsi halları Ermənistan cəmiyyətində tamamilə ədalətli həyəcan doğurub. Amma, eyni zamanda, Qarabağda qulluq etmək və ya etməmək haqqında müzakirələrin həddindən artıq təhlükəli olduğunu düşünürəm”, deyə Abramyan Sputnik-Armenia-ya müsahibəsində qeyd edib. O hesab edir ki, Qarabağa hərbi yardmın dayandırılması, o cümlədən hərbi qulluqçuların göndərilməsinin dayandırılması onun tamamilə itirilməsinə gətirib çıxaracaq.
Yerevanda deyirlər ki, Azərbaycan əsirliyində olan bütün Ermənistan vətəndaşları Qarabağ ordusunun buraxılması haqqında sənəd imzalandıqdan sonra zad ediləcək.
Ermənistanın sabiq prezidenti və Qarabağ separatçılarının keçmiş lideri Robert Koçaryan da bu məlumatları faktiki olaraq təsdiq edib. O, bir neçə gün əvvəl bəzi KİV-lərə müsahibəsində bildirib ki, Bakı Yerevandan Ermənistanın öz vətəndaşlarını Qarabağa qulluğa göndərməyəcəyini təsdiq etməyi tələb edir. Bu tələb təmin edilmədən Bakı erməni əsirləri təhvil verməyəcək, Koçaryan bundan əmindir.
ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin dinc yolla həlli haqqında təkliflərində erməni əhalinin Azərbaycanın tərkibində geniş özünüidarəsi çərçivəsində DQ-də ermənilərin təhlükəsizliyinin yerli təhlükəsizlik qüvvələri və polis tərəfindən qorunmasının nəzərdə tutulduğunu xatırlatmaq yerinə düşərdi. /Turan