Putindən sonra prezident kim olacaq? - ŞƏRH

SİYASƏT
10:58 / 08.02.2021
3464

"Rusiyada ötən ilin əvvələrindən başlayaraq qəbul olunan bir sıra qanunlar, xüsusilə də eks-prezidentlərin və onların ailə üzvülərinin toxunulmazlıq, eks-prezidentlərə Federal Məclisin ömürlük üzvü olmaq hüquq verən qanunların qəbulu Vladimir Putinin hakimiyyətdən vaxtından əvvəl gedəcəyi ilə bağlı müzakirələri gündəmə gətirdi. Putinin səhhəti ilə bağlı yayılan məlumatlar da bu müzakirələri qızışdırdı".

Bu sözləri politoloq Xaqani Cəfərli Rusiyada gedən siyasi prosesləri şərh edərkən deyib. Politoloqun fikrincə, müxalifət lideri Aleksey Navalnın sui-qəsdə məruz qalması, kimyəvi silahla zəhərlənməsinə baxmayaraq, sağ qalması Qərbin Rusiyada hakimiyyət dəyişikliyinə münasibətini dəyişib: 

"Belə fikirlər var ki, artıq Qərb Navalnını prezident postuna əsas iddiaçılardan biri hesab edir. Rusiya hakimiyyətinin daxilində isə Putini əvəz edəcək şəxslərin siyahısı kifayət qədər genişdir. Vladimir Jirinovski də Putini əvəz edə biləcək bir neçə yüksək vəzifəli şəxsin adını açıqlayıb. Jirinovskiyə görə, Baş nazir Mixail Mişustin, Müdafiə naziri Sergey Şoyqu, Moskva meri Sergey Sobyanin, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev, Federasiya Şurasının sədri Valentina Matviyenko prezident postuna ən şanslı namizədlərdir.

Moskva meri Sergey Sobyanin və Müdafiə naziri Sergey Şoyqunun əsas namizədlərdən olduqlarını bütün müşahidəçilər təsdiq edir. Bu iki şəxsdən başqa Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğlu, Kənd Təsərrüfatı naziri Dmitri Patruşev, Tula vilayətinin qubernatoru Aleksey Dyumin və Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkinin adları da Putinin mümkün varislərinin sırasında hallanır. Rusiyanın Qəhrəmanı adına layiq görülmüş Dyumin ən şanslı namizədlərdən biri olaraq qalır. 

Təhlükəsizlik Şurası sədrinin müavini, sabiq prezident Dmitri Medvedyev isə Putinin ən çox inandığı şəxs sayılır. Medvedyev Baş nazir vəzifəsindən kənarlaşdırılsa da, hakim "Vahid Rusiya” Partiyasının rəhbəri olaraq qalır. Ekspertlər hesab edir ki, Aleksey Navalnın "O sizin üçün Dimon deyil” (On vam ne Dimon) filmi Medvedyevin karyerasını ciddi şəkildə zədələyib və onu prezidentliyə əsas iddialılar arasından çıxarıb. Ancaq Medvedyevin təxminən bir illik fasilədən sonra yenidən Rusiyanın dövlət siyasətini müəyyən edən şəxslərdən biri kimi çıxışlar etməsi və müsahibələr verməsi, onun hələ də Putinin varisi olmaq imkanların saxladığını göstərir. 

Hesablama Palatasının sədri Aleksey Kudrinin adı isə Qərblə münasibətləri normallaşdıra biləcək şəxs qismində Putinin varislərinin sırasına daxil edilir. Rusiyanın ən çox istinad edilən politoloqu Valeri Solovey Kremldə Putinin qızı Katerina Tixonavanın namizədliyini də dəstəkləyən qüvvələrin olduğunu bildirir.

Müxalifət lideri Aleksey Navalnın bütün təzyiqlərə baxmayaraq həbsi hakimiyyətin iqtidardaxilində ötürlməsini təmin etməyə yönəlib. Əlbətdə, Navalnın həbsi hakimiyyətin ötürülməsinin reallaşacağı anlamına gəlmir. Ağlı başında olan hər kəs anlayır ki, Qərblə anlaşma olmadan hakimiyyəti öz üzərinə götürmək təhlükəli olacaq. Çünki, Qərblə münasibətləri normalaşdırmadan Rusiyada iqtisadi inkişafa nail olmağın mümkünsüzlüyü hər kəsə aydındır. Eyni zamanda Rusiya cəmiyyətinin də Putin rejiminin təmsilçisinə dözümlü yanaşacağı ehtimalı azdır. Əksinə, hakimiyyətin rejim təmsilçilərindən birinə ötürülməsi daha böyük etirazlar doğura bilər.

Çar Rusiyasında Baş Qərargahın Hərbi Akademiyasının rəisi olmuş, dövrünün ən böyük hərb nəzəriyəçilərindən biri kimi tanınmış general Mixail Draqomirov II Nikolay taxta çıxdığı zaman belə deyib: "Taxtda otura bilər, amma imperiyanın başında dayana bilməz”. 

General Draqomirovun peyğəmbərcəsinə söylədiyi bu sözlər 23 il sonra öz təsdiqini tapdı. II Nikolay 23 il hökmüdarlıq etsə də, imperiyanın dağılmasının qarşısını ala bilmədi.

Təxminən eyni sözləri Putinin varisləri haqqında demək olar. Putin hakimiyyəti komandasının üzvülərindən birinə ötürməyə cəhd edə bilər, ancaq onların heç biri Rusiyanı indiki formada qoruyub saxlaya bilməyəcək”.

0
Qaynarinfo