Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində Qərbi postsovet ölkələrini “Rusiyadan qoparmaq” cəhdlərində günahlandırıb.
Diplomat bu haqda Rusiyada qeyd olunan diplomat Günü münasibətilə verdiyi müsahibədə danışıb.
“Bizə qonşu ölkələrdəki vəziyyəti onların inkişaf vektorunu kardinal şəkildə dəyişmək , Rusiyadan qoparmaq və onlara yad dəyərlər sistemini qurmaq məqsədilə destablizə etmək cəhdləri dayanmır. Qərbin postsovet məkanını daimi münaqişələr və gərginlik zonasına çevirmək səylərini müşahidə edirik. Öz vəzifəmizi bu cür siyasətə qarşı çıxmaqda görürük”,-nazir müavini deyib.
Andrey Rudenko Rusiyanın “SSRİ-ni bərpa etmək planları qurduğu” haqda səslənən ittihamları rədd edib. Sitat: “Hərdən bizi bunda ittiham edirlər ki, guya Sovet İttifaqını bərpa etmək planları qururuq. Bu belə deyil. Moskva ən müxtəılif sahələrdə mövcud olan ənənəvi əlaqələrə söykənərək ardıcıl şəkildə bütün postsovet ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığa və bərabərhüquqlu tərəfdaşlığa can atır”.
Diplomat inanır ki, MDB ölkələrində xaricdən qızışdırılan daxili çaxnaşmaların hansı təhdidlər və təhlükələr yaratdığını dərk edirlər. “Ümid edirik ki, bizim dostlarımız qarşıda dayanan siyasi və sosial-iqtisadi vəzifələri konstruktiv şəkildə həll edə biləcəklər. Öz tərəfimizdən biz onlara hərtərəfli dəstək göstərəcəyik, o cümlədən Avrasiya İqtisadi Birliyi, KTMT və MDB inteqrasiya birliklərinin imkanlarından istifadə etməklə”,- Rudenko deyib.