“Kremlin susması İrəvanı yerində oturtdu” - Ankara və Bakıdan kritik mesaj

SİYASƏT
23:52 / 12.02.2021
2866

“Azərbaycan ordusu müharibədə qələbə çalsa da, strateji müttəfiqiylə birgə hərbi təlimlər vasitəsilə daima gücünü artırmalı, Türkiyənin və NATO-nun standartlarını mənimsəməlidir”.

HİT.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq Qarsda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi birgə hərbi təlimlərin strateji önəminə diqqət çəkib:
“Azərbaycan Türkiyə ilə əvvəlcədən razılaşdırılmış qrafikə uyğun olaraq il ərzində 3 və ya 4 birgə hərbi təlimlər keçirir. Bu ənənə illərdir uğurla davam edir. Birgə hərbi təlimlər Türkiyə-Azərbaycan hərbi ittifaqının daha da güclənməsinə işarədir. Növbəti birgə hərbi təlimlər Türkiyənin Ermənistanla sərhəddinə yaxın Qars bölgəsində keçirilir. Bunun da Azərbaycan və Türkiyə üçün xüsusi əhəmiyyəti var".

"Birincisi, Azərbaycan ordusu müharibədə qələbə çalsa da, strateji müttəfiqiylə birgə hərbi təlimlər vasitəsilə daima gücünü artırmalı, Türkiyənin və NATO-nun standartlarını mənimsəməlidir. Bu mənada bu birgə hərbi təlimlər NATO-nun da maraqlarına uyğun olmalıdır.

İkincisi, Azərbaycan bu birgə hərbi təlimlər vasitəsilə Ermənistana və Rusiyaya mesaj yollayır. Rəsmi Bakı demək istəyir ki, Azərbaycan müharibədə qələbə çalsa da, Türkiyənin dəstəyi ilə ordusunu bundan sonra da gücləndirəcək. Moskvadan Qarsdakı hərbi təlimlərə etiraz yoxdur, ola da bilməz, İrəvandan zəif etirazlar var, ancaq Kremlin susması Ermənistanı yerində oturmağa vadar edir”, - deyə Elxan Şahinoğlu xüsusi vurğulayıb.

0