Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejimin tör-töküntüləri qanunsuz fəaliyyətlərini davam etdirirlər. Fevralın 16-da separatçılar Azərbaycan konstitusiyasına qarşı çıxış ediblər. Onlar Qarabağda rus dilinə ikinci “dövlət” dili “status”u veriblər.
Noyabrın 10-da atəşkəslə bağlı bəyanat imzalandıqdan sonra erməni tərəfinin yaranmış şəraiti dəyərləndirəcəyinə, daha məntiqli davranacağına və bölgədə sülhə, əmin-amanlığa, əməkdaşlığa yönələn addımlar atacaqlarına ümidlər yaranmışdı. Ancaq qondarma rejimin Xankəndində qalan tör-töküntüləri və rəsmi Yerevanın atəşkəs sazişində nəzərdə tutulan müddəaları yerinə yetirməməsi bölgədə gərginliyin artmasına, etimadsızlığa xidmət edir.
Ermənistanda Rusiya telekanallarının yayımlanmasına məhdudyyət qoyulduğu və sovetlər dağılandan sonra rusdilli məktəblərə ayrı-seçkilik münasibəti olduğu halda Qarabağda məskunlaşan erməni separtçılarının rus dilinə “sevgisinin” arxasında xoş niyyətin dayanmadığı sirr deyil. Separatçılar bununla Rusiyaya "xoş məramlarını" nümayiş etdimək istəyirlər. Ancaq, əslində isə, bu davranış Moskvaya qarşı fəaliyyət göstərməkdir.
Qeyd edək ki, hazırda Ermənistanda cəmi 40 rusdilli məktəb fəaliyyət göstərir. Ermənistanda 11 900 etnik rus yaşayır. Onlar ümumi əhalinin sayının 0,39 faizini təşkil edir. “Dil haqqında” qanuna əsasən, həmin məktəblərdə etnik ruslar, Rusiya vətəndaşları və qarışıq nikahlardan doğulan uşaqlar təhsil ala bilərlər. Ermənilərin və başqa etnik qruplardan olan uşaqların həmin məktəblərdə oxumaqdan məhrum edilməsi həm də ayrı-seçkilik və ya diskriminasiyadır.
Ermənistan Rusiya telekanallarına da məhdudiyyətlər tətbiq edir. Ötən il Ermənistan prezidenti Armen Sarkisyan Rusiyanın “Pervı kanal”, “RTR Planeta” və “Kultura” kanallarına sərbəst daxil olmağı məhdudlaşdıran qanunu imzalayıb. Lakin İkinci Qarabağ müharibəsindən sonra Ermənistan rəhbərliyi bu məsələdə geri addım atmağa məcbur oldu. Belə ki, 2021-ci ilin yanvarında Rusiyanın üç telekanalına paytaxt Yerevanda, birinə isə Ermənistan ərazisində 7 il ərzində yayımına uyğun lisenziya almadan icazə verilib. “RTR-Planeta”, “Rossiya-Kultura” və “Pervı kanal” Yerevan ərazisində, “RTR-Planeta” isə Ermənistan üzrə yayımlanacaq. Ermənistan bu kanalların yayımına şərtlər daxilində icazə verib. Rusiya telekanalları bundan sonra əvvəllər tələb edilməyən bir sıra şərtlərə əməl etməlidir. Aprelin 24-də əyləncəli verilişlər yayımlamamalı, seçki prosesinə müdaxilə edilməməli, Ermənistanda fövqəladə və hərbi vəziyyət rejiminə hörmət olunmalıdır. Ermənistanın Rusiya televiziyalarına, rusdilli məktəblərə münasibəti rus dili və mədəniyyətinə yanaşmasının göstəricisi sayılmalıdır.
Qarabağda rus olmadığı halda Azərbaycanın bu bölgəsində rus dilinə “statusun verilməsinə” nə ad qoymaq olar?
Ermənistan işğal etdikdən sonra, yəni 1990-cı illərin əvvəllərindən Azərbaycanın Qarabağ bölgəsində ruslar yaşamır. Ermənilərin təcavüzkarlığı səbəbindən onlar ərazini tərk ediblər. Bu isə o deməkdir ki, separatçıların nəzarəti altında olan Azərbaycan ərazisində ruslar yoxdur. Belə olan halda rus dilinə status verməyin mənası nədir?
Əlbəttə, Ermənistanın və separtçıların bu davranışı, ilk növbədə, Rusiyaya qarşı yönəlib. Çünki İkinci Qarabağ müharibəsinin dayandırılması Moskvanın tərəflər arasında vasitəçiliyi ilə mümkün olub. Bəyanatın təşəbbüskarı da Kremldir. Ancaq vəziyyəti gərginləşdirən ermənilər Moskvanın vasitəçiliyinə və imzalanan sazişlərə qarşı çıxırlar. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyantda azərbaycanlı qaçqınların da bölgəyə qayıtması əksini tapıb. Sənədin 7-ci maddəsində deyilir: “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”. Deməli, Qarabağdakı separatçıların tör-töküntüləri həm də bəyanatın 7-ci maddəsini pozublar.
Hazırda ermənilərin və Rusiya hərbçilərinin nəzarət altında olan Xankəndi, Xocavənd, Xocalı və başqa ərazilərə azərbaycanlılar da qayıdacaq. Belə olan halda öz evlərinə, ata-baba yurdlarına qayıdan azərbaycanlıların konstitusya və dil haqqı pozulmayacaq?
Azərbaycanın mövcud konstitusiyasında başqa etnik qrupların öz ana dilində təhsil almaq, danışmaq və s. bu kimi hüquqları təsbit edilib. Ermənilər bu hüquqdan istifadə edə bilər. Bu halda sülhməramlıların nəzarəti altında olan ermənilər Azərbaycan dilinə sevgini göstərməklə bölgədə sülhə, əməkdaşlığa daha çox xidmət etmiş olarlar.
Beləliklə, Qarabağda fəaliyyət göstərən sepratçılar bu addımları ilə bir daha beynəlxalq razılaşmaya əməl etməyəcəklərini ortaya qoyurlar. Onlar bununla Azərbaycan, Rusiya və Ermənistan arasında etimadsızlıq yaratmaqla yanaşı, bu ölkələri bir-biri ilə üz-üzə qoymağa çalışırlar. Seperatçılar rus dili amilindən istifadə etməklə Kremli təxribata çəkməyə cəhd götərirlər. Çünki ilk baxışdan humanist və mədəni addım kimi görünən bu hərəkət, əslində, perspektivdə həmin torpaqları Rusiyaya bağlamağa səy göstərməkdir. Bu isə Kremlin beynəlxalq hüquqa, onun başlıca prinsiplərindən olan ərazi bütövlüyünə hörmət etməməsi anlamına gələr. Halbuki bəyanata imza atan Rusiya prezidenti Vladimir Putin dəfələrlə bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
Separatçılar Qarabağda Rusiya sülməramlılarının himayəsində altında mövcuddurlar. Onlar bununla Rusiyanı fakt qarşısında qoymaq istəyirlər. Onlar belə arxayın hərəkətlə Rusiyanın separatçıların qanunsuz hərəkətlərini müdafiə etdiyi təəssüratını yaratmağa çalışırlar. Başqa sözlə, separatçılar Rusiyanı təxribata çəkirlər. Bununla da bu qüvvələr göstərmək istəyir ki, onların bölgədə etimadsızlıq mühiti yaradan özbaşınalığına Rusiya göz yumur. Odur ki sepratçılar “rus dilinə” “sevgi” göstərməklə, əslində, Rusiyanı hədəfə çevirirlər.
Belə ehtimal etmək olar ki, Ermənistanın və separatçıların davranışı Rusiya rəsmilərini də narahat edir. Fevralın 17-da Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında bəyanatın müddəalarının yerinə yetirlməsi məsələsi müzakirə olunub. Bu danışığın detalları açıqlanmasa da, belə güman etmək olar ki, Vladimir Putin Azərbaycan tərəfinin etirazına səbəb olan məsələləri N.Paşinyanın diqqətinə çatdırıb. Elə Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Ara Ayvazyanla görüşündə də bu kimi məsələlərin müzakirə edildiyini ehtimal etmək mümkündür. Bu görüşlərin nəticəsinin də yaxın günlərdə məlum olacağını güman edə bilərik.