İlham Əliyev Aprel müharibəsi ilə bağlı bəzi təfərrüatları ilk dəfə açıqlayır – TƏHLİL

SİYASƏT
14:13 / 01.03.2021
1881

Azərbaycanı qələbəyə aparan yolda əhəmiyyətli cığır açan 2016-cı ilin Aprel döyüşləri və ondan az sonra başlayan danışıqlar prosesləri ilə bağlı yeni detallar üzə çıxır.

Dördgünlük müharibənin danışıqlar masasında Azərbaycana həm diplomatik, həm də siyasi üstünlük qazandırması Ermənistanı dalana dirəyir.

Halbuki Ermənistan ordusu yazın başlanğıcından – 2016-cı ilin martın 31-dən etibarən böyük ümidlərlə yola çıxmışdı, amma bu, onlara baha başa gəlir. Yeni ərazilər işğal etmək azuları qursağında qalır, səbəb isə o idi ki, Ermənistan hərbi-siyasi rəhbərliyi Azərbaycanın gücünü və əks-hücum əməliyyatlarının miqyasını düzgün dəyərləndirə bilmir.

Qarabağ səmasında intihar dalışları – “Ara, qaçın”

Ermənistanın keçilməz kimi sırıdığı, mifik “Ohanyan” müdafiə xətti tez bir zamanda yarılır, Azərbaycan Ordusu ikinci, üçüncü müdafiə eşalonlarına qarşı yön alır.

Əks-hücum əməliyyatlarının miqyası Ermənistan ordusunun dərinliyinə nüfuz edir, pilotsuz zərbə aparatı “Harop” Qarabağ səmasında intihar dalışları ilə düşmənə sarsıdıcı zərbələr endirir.

Tanklar, toplar, ağır odsaçan raketlər (TOS-1A) Ermənistan hərbi birləşmələrinə cəhənnəm yaşadır, əlacsız qalan düşmən ordusu “ara, qaçın” deyib geri çəkilir, Azərbaycan isə çox mühüm strateji yüksəklikləri işğaldan azad edir.

Çıxılmaz vəziyyətdə qalan Ermənistan rəhbərliyi üzünü Moskvaya tutur və müharibənin dayandırılması üçün imdad diləyir.

Sarqsyan yalan üzərində özünü diriltmək istəyir

Bu yaxınlarda isə Ermənistanın eks-prezidenti Serj Sarqsyan özünü erməni cəmiyyətinə və siyasi dairələrinə qalib simada tanıtmaq üçün son şansını sınayır. Bəli, bu, məhz siyasi meyitə çevrilən Sarqsyanın yenidən siyasi həyata atılması üçün son çırpınışları idi.

Sarqsyan deyir ki, guya Azərbaycan tərəfi aprel müharibəsində hücum edib və Ermənistanın əks-hücum əməliyyatlarından sonra Rusiyadan müharibənin dayandırılmasını istəyib.

Azərbaycan necə məğlub olmuşdu ki, 2 min hektardan çox ərazini. Sarqsyan yalanı yalana calamaqda mahirdir, lakin faktların dili və məntiqin mühakiməsi amansızdır.

Bənd bənd izah etməyə çalışaq.

Birincisi, Sarqsyan Aprel müharibəsindən az müddət keçdikdən sonra 800 hektar ərazi itirdiklərini deyir, onun yalanının ömrü uzun çəkmir.

Sarqsyanın müharibədən sonrakı birinci raundda erməni cəmiyyətini aldatmaq cəhdləri boşa çıxır.

İkincisi, Sarqsyan necə qalib gəlmişdi ki, müharibədən sonra Ermənistan Müdafiə Nazirliyi istefa dalğası ilə silkələnir, hətta müdafiə naziri Seyran Ohanyan da vəzifəsindən azad edilir.

Üçüncüsü, əvvəl Ermənistanın hücum əməliyyatlarına başlaması, üstəgəl mülki əhalini hədəfə alması ilə bağlı videokadrlar var.

Dördüncüsü, Ermənistan necə qalib gəlmişdi ki, iyul ayında radikal “Sasna Tsrer” qruplaşması məğlubiyyətə görə İrəvanda polis binalarını zəbt etmişdi?

Qısa xronologiya

Aprel döyüşlərindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarqsyan arasında ilk təmas Vyanada baş tutur, tərəflər ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə münaqişənin nizamlanmasını müzakirə edirlər.

Bunun ardınca – iyunun 20-də Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistan Prezidenti Serj Sarqsyanın görüşü keçirilir. Bundan sonra isə “Sasna Tsrer” daha da aktivləşir, Sarqsyanı ərazi vədləri verməkdə təqsirləndirir. Zaman keçdikcə bunun doğru olduğu üzə çıxır.

İlham Əliyev diktə edib

Vyana görüşündə İlham Əliyevin bağlı qapılar arxasında irəli qoyduğu şərtlər Serj Sarqsyanı çətin duruma salır, amma özünə də vaxt qazana bilir. İlham Əliyevin şərtləri konkret və aydın idi – Ermənistan işğal etdiyi torpaqlardan çıxsın.

Vaxt qazanan Sarqsyan Sankt-Peterburqda dalana dirənir və ərazi vədləri verir.

Elə o zaman Ermənistan ekspert çevrələri Sarqsyanın Sankt-Peterburq görüşündə miskin duruma düşdüyünü deyirdilər.

Sarqsyanın aciz vəziyyətə düşdüyü iki mənada göstərilirdi, birincisi Sarqsyan Rusiyada səfərdə olarkən dövlət çevrilişinə hazırlaşan “Sasna Tsrer” üzvlərini həbs etdirmişdi.

İkincisi, bir sıra erməni analitik qeyd edirdi ki, Sarqsyan Rusiya lideri Vladimir Putindən münaqişəni tənzimləməyi xahiş edib, İlham Əliyev isə torpaqların qaytarılması tələbini irəli sürüb.

Elə bu mövzuda – Aprel döyüşlərində Ermənistanın hərb meydanında məğlubiyyəti və diplomatik müstəvidə diz çökməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyev bəzi detalları ilk dəfə açıqlayıb.

Prezident fevralın 26-da xarici və yerli media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib:  “Bir halda ki, söhbət düşüb, onu da deyim. Bizə vəd verildi ki, onlar bütün ərazilərimizdən rədd olacaqlar. Şəxsən Sarqsyan Rusiyadakı görüşümüzdə belə vədlər vermişdi. O, aprel döyüşlərindən sonra bu ərazilərdən rədd olmaq üçün iki həftə vaxt xahiş etdi. Bəs, nəyə görə o vaxt o, Ohanyanı müdafiə naziri vəzifəsindən azad etdi. Son məqamda həmin Ohanyan Şuşadan qaçdı. Guya Şuşanı müdafiə etməyə gəlmişdi. Müdafiə edəydi! O, orada, bizim torpağımızda doğulub. Bəs, nə üçün müdafiə etmədi? Nə üçün qaçdı? İndi mitinqlərdə lovğalanır, nəyə görə lovğalanması aydın deyil. Sarqsyan onu 2016-cı ilin aprelində hərbi qələbəyə görə işdən çıxarmışdı? Sarqsyana möhlət də verildi. O, iki həftə vaxt istəmişdi. Bu hadisə mənim və Prezident Putinin yanında olub. İki həftə keçdi, sonra isə ya özü təşkil etdi, ya da orada nə isə baş verdi, polis məntəqəsi tutuldu. Buna görə dedi ki, indi bunu edə bilmərəm. İndi vəziyyət gərginləşib, orada terrorçular var, mən terrorçularla vəziyyəti aydınlaşdırmalıyam. Beləliklə, işi 2018-ci ilə qədər uzatdı. Buna görə də heç bir məsələ həll edilmədi”.

Serj Sarqsyanın müsahibəsindən sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da Aprel müharibəsində ölkəsinin hücum, Azərbaycanın isə əks-hücum başlatdığını deyib.

Onun sözlərinə görə, Sarqsyan güclü əks-hücum əməliyyatlarından sonra Rusiyaya üz tutub və ərazi vədləri verib.

Aprel döyüşlərinin əhəmiyyəti

Dördgünlük müharibə ATƏT-in Minsk Qrupunun konfliktin həllində səylərini stimullaşdırır. Düzdür, bu səylər effektiv nəticə hasil etmir. Ancaq Aprel müharibəsi beynəlxalq səylərin gücləndirilməsi baxımından əhəmiyyətli idi.

İkincisi, Azərbaycan təxirəsalınmaz tədbirlərlə siyasi dəstəyin qazanılması yolunda diplomatik səyləri daha da gücləndirir, paralel olaraq müharibədə əsaslı nəticə əldə etmək üçün ən müasir silahların tədarükünü həyata keçirir.

Üçüncüsü, Aprel müharibəsi 44 günlük Vətən müharibəsində keçirilən əks-hücum əməliyyatlarını asanlaşdırıb, axı böyük ərazilərin işğaldan azad edilməsi üçün apreldə alınan strateji yüksəklilər böyük önəmə malik idi...

Prezident İlham Əliyevin mesajlarından çıxan nəticələr isə bunlardır:

Ermənistan rəhbərliyi həmişə yalan tirajlayıb, bunun yedəyində vaxt qazanmaq istəyib;  

Azərbaycan öz gücü hesabına hüququ və ədaləti bərpa etməyə qadirdir.

 

0
oxu.az